AZ

Prezident Kitabxanasında professor Mahirə Hüseynovanın kitabının təqdimatı olub

Bakı, 3 mart, AZƏRTAC

Prezident Kitabxanasında tanınmış dilçi alim, şair-publisist, professor Mahirə Hüseynovanın (Nağıqızı) “Qərbi Azərbaycan: danışan izlərin işığında” kitabının təqdimatı və “O səməndər mənəm, küldən yarandım” adlı ədəbi-bədii görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova müəllifin elmi və bədii yaradıcılığından bəhs edib, yeni nəşrin Qərbi Azərbaycanın tarixi həqiqətlərinin və mədəni irsinin təbliğindəki əhəmiyyətini vurğulayıb.

O söyləyib ki, professor Mahirə Hüseynova dilçi alim kimi, Qərbi Azərbaycanın qədim türk mənşəli kənd, dağ və çay adlarının əsl etimologiyasını elmi faktlarla sübut edərək, erməni saxtakarlığını ifşa edib.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Milli Məclisin deputatları Hikmət Babaoğlu, Məlahət İbrahimqızı, Fazil Mustafa, Mehriban Vəliyeva, AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin rəhbəri Cəbi Bəhramov, Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru Varis Yolçuyev, filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı-publisist Şərəf Cəlilli, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi-təşkilati şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İbrahim Bayramov və Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov rayon bələdiyyəsinin sədri Təmraz Tağıyev çıxış edərək professor Mahirə Hüseynovanın həm alim, həm də ziyalı kimi fəaliyyətini yüksək qiymətləndiriblər.

Natiqlər nəşrin onomastik yaddaş və toponimlər üzərində qurulan elmi ağırlığına diqqət çəkiblər. Kitabın həm elmi faktlarla zənginliyini, həm də Mahirə Hüseynovanın şair-publisist ruhundan süzülən bədii təsvirlərin, vətən həsrəti və torpaq nisgilinin oxucuya necə təsirli şəkildə ötürüldüyünü xüsusi olaraq qeyd ediblər.

Tədbir Mahirə Nağıqızının zəngin bədii yaradıcılığına həsr olunan ədəbi-musiqili kompozisiya ilə davam edib.

Kompozisiyada Xalq artisti Gülyanaq Məmmədova və Əməkdar artist Gülüstan Əliyevanın ifasında Mahirə Nağıqızının sözlərinə bəstələnən mahnılar səsləndirilib.

 

Müxbir: Fidan Əlizadə

Foto: Səfiyar Məcnun

Video: Vüsal Tağıyev

Seçilən
0
1
azertag.az

2Mənbələr