Azertag saytından alınan məlumata görə, ain.az bildirir.
Bakı, 3 mart, AZƏRTAC
Sahibkar Qadınlar İctimai Birliyinin 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Zərif Zəfər” adlı tədbiri keçirilib.
Bu barədə AZƏRTAC-a İctimai Birlikdən məlumat verilib.
“Sahibkar Qadınlar” İctimai Birliyinin sədri Zemfira Ağayeva tədbirin açılışında öz təəssüratlarını bölüşərək bildirib ki, “Zərif Zəfər” qadınların daxili gücünü, iradəsini və zərifliyini bir araya gətirən platformadır. Bu tədbir yalnız bir görüş deyil, həm də ilham, motivasiya və uğura aparan yolun qeyd olunduğu xüsusi gündür.
Tədbirin əsas məqsədi qadınların həm şəxsi, həm də peşəkar həyatlarında qazandıqları uğurları paylaşmaq, bir-birinə dəstək olmaq və yeni hədəflərə doğru birlikdə addımlamaqdır.
Digər çıxış edənlər öz həyat hekayələrini, uğur sirlərini və qarşılaşdıqları çətinlikləri necə aşdıqları barədə təcrübələrini bölüşüblər. “Zərif Zəfər” göstərir ki, zəfər yalnız böyük nəticələr deyil, hər gün atılan kiçik, amma inamlı addımların cəmidir. Zəriflik isə zəiflik deyil, əksinə, gücün estetik ifadəsidir.
Tədbirin fəxri qonağı – Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedrasının dosenti, “Fakhriya Khalafova” moda evinin təsisçisi Fəxriyə Xələfova çıxışında qeyd edib ki, “Zərif Zəfər” hər qadının daxilindəki qalib ruhun səsləndiyi, uğurun zərif addımlarla gəldiyini sübut edən bir zəfər hekayəsidir.
Tədbirdə Milli Məclisin deputatları Ziyad Səmədzadə və Ceyhun Məmmədov çıxış edərək xanımları 8 Mart bayramı münasibətilə təbrik ediblər. Onlar Zemfira Ağayevaya maraqlı və yadda qalan tədbirlərə görə təşəkkürlərini bildiriblər.
Çıxış edənlər qadınların cəmiyyətdə artan rolundan, onların sahibkarlıq, mədəniyyət və ictimai həyatda qazandıqları nailiyyətlərdən söz açaraq, bu kimi təşəbbüslərin davamlı olmasının vacibliyini vurğulayıblar.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.