AZ

İranda ali dini rəhbər seçənqurum hədəfə alındı - ölkənin siyasi sistemi sarsıldı

Yaxın Şərqdə hərbi toqquşmalar yeni və son dərəcə həssas mərhələyə keçib.

Musavat.com xəbər verir ki, İranın "Tasnim" agentliyinin yaydığı məlumata görə, İranın ali dini rəhbərini seçmək səlahiyyətinə malik olan Ekspertlər Şurasının ofisi raket hücumuna məruz qalıb. Bildirilir ki, hücum İranın Qum şəhərində yerləşən inzibati binaya qarşı həyata keçirilib.

İlkin məlumatlara əsasən, bina demək olar ki, tamamilə dağıdılıb. Hücumun İsrail və ABŞ tərəfindən həyata keçirildiyi iddia olunur. Hadisə yerindən yayılan görüntülər artıq sosial şəbəkələrdə geniş şəkildə paylaşılır.

Qeyd edək ki, Ekspertlər Şurası İran siyasi sistemində strateji rola malik qurumdur. Məhz bu orqan ölkənin ali rəhbərini – hazırda bu postu tutan Əli Xameneinin də daxil olduğu ali dini-siyasi rəhbərliyi seçmək və zərurət yarandıqda onu vəzifədən kənarlaşdırmaq səlahiyyətinə malikdir.

Rəsmi Tehran hücumun nəticələri və mümkün itkilərlə bağlı hələlik ətraflı açıqlama verməyib. Hadisə İran dövlət strukturunun ən həssas institutlarından birinə yönəlmiş zərbə kimi qiymətləndirilir və regionda qarşıdurmanın daha da dərinləşə biləcəyini göstərir.

Cavanşir Abbaslı
Musavat.com

Seçilən
14
musavat.com

1Mənbələr