AZ

“Ağırlığım uğurluğum odda yansın” Göygöldə Od çərşənbəsindən reportaj

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gəncə, 3 mart, AZƏRTAC

Türk xalqlarının təfəkküründə yazın gəlişi sadəcə fəsil dəyişikliyi deyil, təbiətin yenidən doğuluşu və yeni ilin başlanğıcı hesab olunur. Bu keçid dövrü dörd ünsürlə (su, od, yel, torpaq) simvolizə edilən çərşənbələrə bölünüb. Bu gün qeyd etdiyimiz Od çərşənbəsi insanın istiyə, işığa olan ehtiyacını və Günəşə olan inamını tərənnüm edir. Qədim inanclara görə, bu gün “odun oyanması” ilə torpaq qızmağa başlayır və qışın dondurucu nəfəsi zəifləyir. Türk mifologiyasında od saflaşma, təmizlənmə və qoruyuculuq rəmzidir. Şər qüvvələrdən qorunmaq üçün ocaqların sönməməsinə xüsusi diqqət yetirilir. Dastan və eposlarımızda da (məsələn, "Kitabi-Dədə Qorqud") odun müqəddəsliyi və ocağın ailənin təməli olması faktları geniş yer alıb.

Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində folklorşünas Xalidə Mete deyib.

O bildirib ki, odun müqəddəsliyi bu günümüzə qədər qorunub saxlanılıb. Tarix boyu Azərbaycan xalqı da Novruzun çərşənbələrini, xüsusilə Od çərşənbəsini təmtəraqla qeyd edib. Məhlələrdə qapı ağzında tonqallar qalanır ki, kənardan gələn mənfi enerjilər, xəstəliklər oda görə evə keçə bilməsin.

“İnsanlar tonqalın üzərindən atlananda

“Ağrım-uğrum tökülsün, odda yanıb kül olsun,

Yansın alov saçılsın, mənim bəxtim açılsın” - kimi bayatılar da söyləyirlər. Bu və digər fərqli nümunələrdə görə bilirik ki, insanlar oddan sağlamlıq, ruzi-bərəkət istəyirlər. Nənə-babalarımız da hər zaman deyirlər ki, odun kənarında olanda xoş sözlər danışmaq lazımdır,” - deyə folklorşünas əlavə edib.

Əcdadlarımızdan miras qalan bu qədim inanclar bu gün təkcə tariximizdə deyil, həm də ailələrimizin süfrələrində, yanan ocaqların istisində yaşayır. AZƏRTAC-ın bölgə müxbiri folklorşünasla söhbətdən sonra Od çərşənbəsində Novruzun ən gözəl adətini – birlik və paylaşmaq ənənəsini yaşatmaq üçün Göygöl rayonunda Məmmədovlar ailəsinin qonağı olub.

Çərşənbənin qədim ənənələrinə sadiq qalan ailənin bayram süfrəsi rəngarəngliyi ilə göz oxşayırdı. Süfrənin mərkəzində canlanan yaşıl səməni, ətrafında isə Günəşi, Ayı və ulduzları simvolizə edən qoğal, şəkərbura, paxlava və al-əlvan boyanmış yumurtalar düzülmüşdü. Həyətdə uşaqların tonqal həyəcanı, havaya qalxan odun qığılcımı və qaynadılan samovarın buxarı əsl bayram ab-havası yaradırdı. Süfrə başında əyləşən ağsaqqal və ağbirçəklərin nurlu çöhrələri isə bu ocağın bərəkətindən xəbər verirdi.

Ailənin ağbirçəyi Bəsti Uğuruyeva keçmişin xatirələrini vərəqləyərək deyir: “Biz Qərbi Azərbaycandanıq. Göyçənin uca dağları qoynunda bu dədə-baba adətləri ilə boya-başa çatmışıq. Od çərşənbəsində ev-eşik təmizlənər, qapılar qonaq-qara üçün açılardı. Analarımız qoğal bişirər, biz uşaqlar isə yumurta bəzəyərdik. Həmin gündən sonuncu çərşənbəyə qədər qohum-əqrəba ziyarət edilər, küsülülər barışardı. Nə xoş bizə ki, bu gün həmin adət-ənənəni övladlarımız eyni sevgi ilə davam etdirir”.

Od çərşənbəsində qurulan bayram süfrələri sadəcə təamların nümayişi deyil, həm də ailənin birliyinin və həmrəyliyin simvoludur. Xalqımızın qədim od kultuna olan inamı bu gün də hər bir evin istisində yaşayır.

Göygöl sakini Əminə Əliyeva da uşaqlıq illərinin şirin xatirələrini bizimlə bölüşür: “Od çərşənbəsi bizim üçün müqəddəsdir. Yadımdadır, analarımız fəsəli və qoğal bişirəndə onun ətri bütün məhəlləyə yayılardı. Biz o isti təamları qonşulara paylayardıq, çünki bayram paylaşdıqca gözəldir. O günləri həyatımın ən gözəl anları kimi xatırlayıram”.

Reportajımızın ən unudulmaz anı isə gecənin qaranlığını yaran tonqal mərasimi oldu. Alovun rəqsi altında insanların tonqal üzərindən atlanması Od çərşənbəsinin ən həyəcanlı anı idi. Alovun işığında pıçıldanan qədim dualar, “ağırlığım-uğurluğum bu odda yansın” sədaları əsrlərdən süzülüb gələn mənəvi bir təmizlənmə ayini kimi səslənirdi. İnsanlar alovun üzərindən tullanaraq sanki bütün dərd-səri geridə qoyur, Yeni ilin işıqlı və bərəkətli gələcəyinə addımlayırdılar.

Beləliklə, alovun istisi təkcə tonqalı deyil, həm də könüllərdəki ümidi, birliyi və sabahın aydınlığına olan sonsuz inamı alovlandırır.

Elcan Məmmədov – müxbir

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
azertag.az

1Mənbələr