AZ

İsveçrənin Azərbaycan-Ermənistan sülh prosesinə mane olmaq cəhdi baş tutmayacaq

Azərbaycan ilə Ermənistan arasında sülh prosesi tarxi mərhələyə qədəm qoyub. Ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri, eləcə də şahid kimi ABŞ Prezidenti tərəfindən imzalanan Birgə Bəyannamə və paraflanan sülh sazişi təkcə Cənubi Qafqazın deyil, ümumilikdə dünyanın geosiyasi mənzərəsində ciddi dəyişikliklərə yol açıb. Azərbaycan Ermənistana yüklərin tranziti ilə bağlı işğaldan bəri mövcud olan məhdudiyyətləri aradan qaldırıb. Artıq iki ölkə arasında iqtisadi əməkdaşlığa start verilib. Azərbaycan sülh gündəliyinə uyğun olaraq Ermənistana malların daşınmasına şərait yaradıb.

 Bundan başqa, Azərbaycan QHT nümayəndələrinin İrəvana, Ermənistanın vətəndaş cəmiyyəti təmsilçilərinin Bakıya səfərləri də iki ölkə arasında sülh prosesinin irəliləməsi istiqamətində atılan addımların bariz göstəricilərindəndir.

Çox təəssüf ki, bəzi qüvvələr Ermənistala Azərbaycan arasında irəliləyən sülh prosesinə mane olmaq üçün ən çirkin vasitələrə əl atırlar. Bu mənada İsveçrə parlamentinin ayrı-ayrı deputatlarının və bu ölkədəki bəzi beynəlxalq QHT-lərin anti-Azərbaycan mövqeyi xüsusi ilə diqqəti daha çox çəkir.

Şübhəsiz, bütün bunlar təsadüfi deyil. Xatırlatmaq istərdik ki, hələ 2024-cü ilin dekabrında İsveçrə parlamenti tarixin arxivinə atılmış Qarabağ məsələsi üzrə qətnamə qəbul edib. Bu qondarma “sənəd”də belə əsassız iddia var ki, “Azərbaycan və Qarabağ erməniləri “Beynəlxalq Sülh forumuna” dəvət edilməlidir”. Qətnamə müəllifləri həmin arqumentlə Qarabağdan könüllü olaraq köçüb getmiş erməniləri münaqişə tərəfi kimi təqdim etməyə çalışıb. Halbuki münaqişə tərəfinin işğalçı Ermənistan olması bütün dünyaya bəllidir. Barəsində bəhs olunan “Beynəlxalq Sülh forumu”nun əsas məqsədi münaqişəni bitməmiş kimi göstərmək və məsələ üzrə qondarma dialoq yaratmaq, sülh prosesinə həyasızcasına kölgə salmaqdır.

İsveçrə parlamentində “İsveçrə Sülh Təşəbbüsü”nün aparıcı simalarından olan Erix Fontobel (Erich von Tobel ) açıq şəkildə bəyan etmişdir ki, İsveçrə Qarabağ məsələsini “bağlanmış” hesab etmir və mövzunu beynəlxalq gündəmdə saxlamaq niyyətindədir. O, Qarabağ ermənilərinin qayıdış hüququnu sülhün əsas şərti kimi təqdim edərək bildirmişdir ki, “qayıdış olmadan məsələ bağlanmış sayıla bilməz və bağlanmamalıdır”.

 İsveçrə parlamentinin təxribatçı siyasətinin davamı olaraq 2025-ci ilin mayında “Swiss Peace Initiative for Nagorno-Karabakh” təşəbbüsü yaradılıb. Bu təşəbbüs keçmişdə qeyri-qanuni qondarma strukturlarla əlaqəli şəxslərə platforma verilməsi, qondarma siyasi kimliyin beynəlxalq aləmdə tanınmasına xidmət edir. Eyni zamanda, erməni əhalisinin “təhlükəsiz qayıdışı”na xüsusi vurğu edildiyi halda, azərbaycanlı məcburi köçkünlərinin hüquqları, tarixi deportasiya və azərbaycanlıların Qərbi Azərbaycandan etnik təmizləmə faktları paralel şəkildə nə tanınır, nə də gündəmə gətirilir. Bununla bərabər, təşəbbüs Ermənistanın işğalı nəticəsində azərbaycanlıların qayıdışı üçün ciddi maneələr yaratmış urbisid, ekosid, azərbaycanlıların mədəni irsinin sistematik dağıdılmasına toxunulmur. Bu isə qətnamənin tərəfli olmasını göstərir.  

“Neytral” ölkə olan İsveçrədə yerləşən insan haqları üzrə beynəlxalq QHT - Christian Solidarity International və onunla əlaqəli dini şəbəkələr münaqişəni siyasi-hüquqi çərçivədən çıxararaq sivilizasiya və dini müstəvidə təqdim etməyə çalışıb. Ermənilər “təqib olunan xristian icması” kimi göstərildiyi halda, Azərbaycan dolayı yolla “müsəlman aqressor dövlət” obrazında təqdim olunur. Halbuki Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı dini, tarixi abidələrimizin hansı vəziyyətə salındığını sübur etməyə ehtiyac yoxdur. Bütün dünya bilir ki, həmin ərazilərdəki məscidlərin hamısı dağıdılıb, təhqir edilib, bu müqəddəs məknada donuz saxlanılıb. Mədəni abidlərimiz yerlə-yeksan edilib, eksponatlar oğurlanıb. Mərkəzi ofisi Cenevrədə yerləşən Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) də sanki onlarla işbirliyindədir. İsveçrənin beynəlxalq QHT-si olan BQXK-nin Qarabağda fəaliyyəti Azərbaycan suverenliyinə zidd idi. BQXK-nin Xankəndidəki ofisi İrəvana tabe idi və komitə ofisi Bakıya tabe etdirmək istəmirdi. İşğal dövründə BQXK humanitar yardım adı altında Azərbaycan suveren ərazilərdində qanunsuz ticarət dövriyyəsi təşkil edib. Ermənistandan Xankəndi şəhərinə qaçaqmalçılıq yolu ilə mal daşınması hallarını aşkar edilib. Bu da onun elan edilmiş missiyası ilə daban - dabana zidd idi. Rəsmi Bernin faktları araşdırmaqdan yayması onun qərəzli mövqeyini bariz nümunəsidir.

Hər kəsə, eləcə də isveçrəlilərin özlərinə də yaxşı məlumdur ki, ermənilər Qarabağdan qovulmayıblar, özləri könüllü gediblər. Hətta 2020-2023-cü illərdə rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycan qanunları ilə yaşayıb, işləmək istəyən mülki şəxslər Qarabağda qala bilərlər. Bununla bağlı o zaman erməni icması ilə bir neçə görüş də keçirilmişdi. Lakin ermənilər xarici qüvvələrin təhriki ilə Qarabağı tərk etdilər. Bu fonda bir daha demək istərdik ki, həm ermənilərin, həm də İsveçrə parlamentindəki riyakar deputataların və bəzi anti-Azərbaycan qüvvələrin əsas niyyətləri ölkəmizin beynəlxalq aləmdə nüfuzuna xələl gətirmək idi. Lakin Azərbayacan dövlətinin bu istiqamətdə atdığı sağlam addımların nəticəsində bu riyakarlar öz məqsədlərinə nail ola bilmədilər və bundan sonra da alçaq niyyətlərinə nail ola bilməyəcəklər.

 Zahid Rza, “İki sahil”

Seçilən
17
ikisahil.az

1Mənbələr