AZ

210 ölkənin yarısı qarşıdurmada –Dünya müharibəsi yaxınlaşır?

"Son günlərdə dünya miqyasında baş verən qarşıdurmalar üçüncü dünya müharibəsinin ayaq səsləri sualını ağıllara gətirməkdədir. Ukrayna-Rusiya savaşı dördüncü ilini doldurarkən, İsrailin Qəzzaya hücumları və oradakı soyqırımlar uzun müddət dünya gündəmində qalaraq diqqəti üzərində saxladı. Nəticədə, Əfqanıstan-Pakistan sərhədində 1947-ci ildən bəri davam edən sərhəd mübahisələri, zaman-zaman qarşıdurmaya çevrilən Əfqanıstan-Pakistan gərginliyi son günlərdə yenidən sıx qarşıdurmaya çevrildi. Ardınca İran Amerika və İsrail tərəfindən hücumlara məruz qaldı və İranın dini lideri Əli Xamenei öz iqamətgahında ailəsi ilə birlikdə öldürüldü. Bu gərginliklər üçüncü dünya müharibəsinin, yəni qlobal miqyaslı bir savaşın baş verə biləcəyi sualını ağıllara gətirir".

Bu fikirləri Redaktor.az-a türkiyəli politoloq İsmail Cingöz İran ətrafında hadisələrdən danışarkən bildirdi.

"Qeyd etmək lazımdır ki, Amerika Birləşmiş Ştatları yeni dünya sistemində dünya liderliyini itirmə təhlükəsi ilə üzləşib. Belə ki, Rusiya 1991-ci ildən sonra nəzarətli şəkildə dağılaraq şərq blokunda liderliyi itirdiyi kimi, indi ABŞ də qərb liderliyini itirmə təhdidi ilə üzləşir. Çin, qərbdə İngiltərə yeni dünya liderliyini birlikdə formalaşdırmağa çalışarkən, orta qrupda Türkiyə-Azərbaycan lokomotivliyində türk dünyası da üçüncü qütb olma yolunda möhkəm addımlarla mövcudluğunu gücləndirməyə çalışır. Qeyd etmək lazımdır ki, Rusiya-Ukrayna, Qəzzada İsrail- Fələstin, Əfqanıstan-Pakistan və İsrail-Amerika-İran qarşıdurmaları üçüncü dünya müharibəsini doğurmaz. Ancaq qlobal miqyasda bütün dünyanın diqqətini çəkəcək inkişaflar kimi ictimaiyyətdə yer alır. Çünki Əfqanıstan-Pakistan arasındakı orta qurşaq bölgəsi strateji əhəmiyyət daşıyır və nüvə silahına malik olan bir İslam ölkəsi olan Pakistanın qarşıdurmalar böyüdükdə hansı nəticələr verəcəyi maraqla izlənilir.

Eyni zamanda İsrail–ABŞ–İran qarşıdurması dini liderin öldürülməsi halında cihad elan olunub-olunmayacağı, belə bir çağırış edilərsə, şiə dünyasında vilayəti-fəqih prinsipləri çərçivəsində qlobal miqyasda narazılıqların yaranıb-yaranmayacağı suallarını gündəmə gətirir.

Həmçinin Rusiya-Ukrayna müharibəsi Amerika və Avropa ilə Rusiya arasında davam edən və sabit bir vəziyyət olaraq ortada mövcuddur. Fələstin mövzusu isə lokal səviyyədə davam edən bir qarşıdurmadır və mərhələ-mərhələ həll edilməsi üçün işlər görülür. Bu inkişaflar Amerikanın Venesuela, Kanada, Qrenlandiya, Arktik bölgə və Panama ilə birlikdə Orta Amerika regionunda yaşadığı gərginlikləri, həmçinin ABŞ-nin Asiya-Sakit Okean bölgəsində Çin ilə girişdiyi siyasi mübarizələri də diqqətlə izləməyə əsas verir. Çin-Amerika arasında hər hansı bir açıq qarşıdurma baş verə bilərmi sualı da diqqətdən qaçırılmamalıdır. Ancaq hadisələrin bu inkişafını üçüncü dünya müharibəsinin ayaq səsləri kimi dəyərləndirmək çox erkəndir", - deyə o vurğuladı.

Politoloqun fikrincə, üçüncü dünya müharibəsi baş verməyəcək:

"Dünya üzrə Birləşmiş Millətlər Təşkilatına üzv 193 müstəqil ölkə mövcuddur. Müstəqilliyi tanınmayan ölkələr də nəzərə alınmaqla, dünya miqyasında təxminən 210 dövlət mövcuddur və onların 90-dan çoxu bir-biri ilə qarşıdurma halında və ya atəşkəs ilə mövcudluğunu davam etdirən proseslər içindədir. Yəni 210 ölkənin təxminən 100-ə yaxınında qarşıdurmalar və ya atəşkəs əsasında davam edən proseslər mövcuddur. Bu baxımdan, dünya miqyasında sükunət içində gedişat davam edir. Son zamanlarda baş verən inkişaflar faktiki olaraq I və II Dünya müharibələri üslubu ilə bir üçüncü dünya müharibəsini doğurmaz. Müharibələr mövcud halda və gələcəkdə cəbhə savaşı şəklində deyil, proksi qüvvələr vasitəsilə böyük dövlətlərin özlərini birbaşa zərər görmədən kiçik ölkələr üzərindən mübarizələrini yürütməsi ilə davam edəcək və bundan sonra da belə olacağı proqnozlaşdırılır".

Xədicə BAXIŞLI

Seçilən
15
1
redaktor.az

2Mənbələr