AZ

“Xamenei getsə də sistem çökməyəcək” Tural Abbaslı

ain.az bildirir, Sherg.az saytına əsaslanaraq.

“İranda rejim kənardan dəyişməz - adlar yox, sistem qalacaq”

İran ətrafında baş verən hadisələr Yaxın Şərqdə gərginliyi yenidən pik həddə çatdırıb. Son günlərdə İranın hərbi və strateji obyektlərinə yönəlmiş hücumlar “rejim dəyişikliyi” mövzusunu gündəmin əsas başlıqlarından birinə çevirib. İran İslam Respublikasının Ali Rəhbərinin öldürülməsindən sonra prosesin gələcəyi ilə bağlı bir çox fikir səsləndirilir. 

AĞ Partiyanın sədri Tural Abbaslı “Sherg.az”a bildirib ki, İranda rejim dəyişikliyi yalnız kənardan hərbi zərbələrlə baş verə bilməz:

- Sizcə İranda rejim dəyişikliyi olacaq?

- Tarixə baxsaq görərik ki, İranda bütün ciddi dəyişikliklər daxildən, ya xalqın, ya da ordunun iştirakı ilə baş verib. Kənardan raketlərlə, pilotsuz uçuş aparatları ilə bombardıman etməklə hansısa rejimi dəyişmək mümkün deyil. Biz kənardan rejim dəyişdirmə cəhdlərinin hansı nəticələrə gətirib çıxardığını İraqda, Suriyada, Libyada görmüşük. Bu hallarda əsas problem ondan ibarət olub ki, xalq faktoru ya düzgün hesablanmayıb. Əslində bunu ABŞ-də anlayır. Onlar bilirlər ki, məsələn, Əli Xameneinin öldürülməsi və ya hansısa generalların aradan götürülməsi ilə rejim çökməyəcək. Xamenei olmayacaq, başqa biri olacaq. Yəni adlar dəyişə bilər, amma sistem yerində qalacaq. Amerika və İsrail hücumlardan sonra rejim əleyhinə etirazlarolacağını güman edirdi. Görünən odur ki, bu məqsədlərinə tam nail ola bilmədilər. Çünki müharibədən əvvəl İranda etirazlar indiki dövrlə müqayisədə daha kəskin və genişmiqyaslı idi. Hazırkı vəziyyətdə isə həmin səviyyədə ictimai partlayış müşahidə olunmur. Ona görə də kənardan edilən təzyiqlərlə “rejim dəyişəcək, demokratik sistem qurulacaq və ya şah geri qayıdacaq” kimi senarilər real görünmür. Xalq bu prosesə qoşulmasa, heç bir köklü dəyişiklik baş verməyəcək. Sadəcə adlar dəyişəcək, amma sistemli rejim qalacaq.

- İranın tərəfdaşları Rusiya və Çin niyə açıq dəstək ifadə etmir?

- Məsələ ondadır ki, Çin, Rusiya və İran NATO tipli vahid hərbi blok yaratmayıblar. Onların münasibətləri daha çox strateji əməkdaşlıq səviyyəsindədir. Bu səbəbdən də birbaşa hərbi müdaxilə real görünmür. Onların əməkdaşlığı uzaqbaşı müharibəyə qədər olan mərhələdə, məsələn, İrana müasir hərbi texnologiyaların verilməsi, hava hücumundan müdafiə sistemlərinin təqdim olunması, müdafiə raket komplekslərinin və ya müasir qırıcı təyyarələrin satışı ilə məhdudlaşa bilərdi. Görünən isə odur ki, bu dəstək ya kifayət qədər verilməyib, ya da effektiv səviyyədə olmayıb. 

- Proseslərin Azərbaycan və Türkiyəyə təsiri necə olacaq?

- Hesab edirəm ki, bu əməliyyatlar bizə böyük ziyan vura bilər. Azərbaycan neft ixrac edən ölkədir. Neftin qiymətinin artma ehtimalı bizim lehimizə olsa da, uzun zaman kəsiyində proses əleyhimizə olacaq.

- Münaqişə bundan sonra necə davam edəcək?

- Hazırkı mərhələdə ABŞ və İsrail üçün əsas məqsəd, proses başlamışkən, maksimum dərəcədə İranın müdafiə sənayesini sıradan çıxarmaqdır. Bununla yanaşı, onların hərbi-texnoloji araşdırmalarını zəiflətmək, mövcud kəşfiyyat məlumatlarından istifadə edərək müəyyən obyektləri və infrastruktur elementlərini hədəfə almaq strategiyası tətbiq oluna bilər. Digər tərəfdən, bu zərbələr İranın iqtisadi potensialına və sənayesinə də təsir göstərir. Məqsəd yalnız hərbi obyektləri deyil, paralel şəkildə ölkənin uzunmüddətli inkişaf imkanlarını da zəiflətməkdir. Bu isə həm müdafiə qabiliyyətinə, həm də iqtisadi dayanıqlığa təsir edən çoxşaxəli bir prosesdir.

- Yekunda, siz, bu hadisələrin nə ilə nəticələnəcəyini düşünürsünüz?

- Yekunda məsələ yenə də daxili dayanıqlılıq, təhlükəsizlik strukturlarının effektivliyi və iqtisadi-siyasi sabitlik faktorlarına dayanır. Xarici təzyiq nə qədər güclü olsa da, prosesin taleyini müəyyən edən əsas amil ölkə daxilindəki struktur və institutların vəziyyətidir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
sherg.az

1Mənbələr