AZ

Tramp Ağ Evdə Mertslə görüşdü və sərt mesajlar verdi

ABŞ prezidenti “İsraili hücuma mən təşviq etdim”, deyərək bəzi NATO müttəfiqləri nə də sitım edib...

Poliqon xəbər verir ki, Almaniya kansleri Fridrix Mertsin ABŞ Prezidenti Donald Trampla Ağ Evdə keçirdiyi görüş zamanı Yaxın Şərqdəki gərginlik və İranla bağlı hərbi əməliyyatlar əsas müzakirə mövzusu olub. Görüşdən sonra mətbuat qarşısında çıxış edən Tramp bir sıra sərt və mübahisəli bəyanatlar səsləndirib.

ABŞ lideri bildirib ki, İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamasında təşəbbüs məhz Vaşinqtondan gəlib. Onun sözlərinə görə, İsrail və Baş nazir Benyamin Netanyahu onu İrana hücum etməyə məcbur etməyib.

“Mən İsraili bunu etməyə təşviq etdim. Hesab edirdim ki, bu dəli adamlar birinci hücum etməyə hazırlaşırdılar”.

Tramp İranı regionda neytral mövqe tutmuş ölkələrə qarşı hücumlarda ittiham edib və iddia edib ki, nəticədə həmin dövlətlər indi Tehrana qarşı birləşiblər. ABŞ Prezidenti deyib ki, İran yalnız mülki obyektləri – hotelləri və yaşayış binalarını hədəfə alır.

“Biz isə zərbələri daha uyğun və hərbi baxımdan əsaslandırılmış hədəflərə endiririk”, deyə ABŞ prezidenti vurğulayıb.

Tramp əlavə edib ki, İranın hava müdafiə sistemi və aşkarlama vasitələri artıq sıradan çıxarılıb: “Onların artıq hava müdafiəsi yoxdur. Heç bir aşkarlama vasitələri qalmayıb. Onlar ciddi zərər görəcəklər. Bu, pis insanlardır”.

ABŞ Prezidenti mümkün hakimiyyət dəyişikliyi məsələsinə də toxunub və bildirib ki, ən pis ssenari mövcud rəhbərliyin yerinə eyni dərəcədə sərt və radikal bir qüvvənin gəlməsi ola bilər: “Bu baş verə bilər, amma biz bunun olmasını istəmirik”. Tramp qeyd edib ki, rəhbərlik üçün nəzərdə tutulan şəxslərin əksəriyyəti artıq həlak olub və alternativ qrupun taleyi də qeyri-müəyyəndir. “Görək nə baş verəcək, amma əvvəlcə hərbi məsələləri həll etməliyik”, – deyə o vurğulayıb.

Çıxışı zamanı Tramp İspaniyanı da sərt tənqid edib. Onun sözlərinə görə, Madrid ABŞ qüvvələrinə öz hərbi bazalarından istifadə etməyə icazə verməyib. “İspaniya dəhşətli davrandı. Mən (maliyyə naziri) Skott Bessentə dedim ki, İspaniya ilə bütün sövdələşmələri dayandırsın. Biz İspaniya ilə bütün ticarəti dayandıracağıq. Onlarla heç bir əlaqə istəmirik”, – deyə Tramp bildirib.

ABŞ Prezidenti əlavə edib ki, Vaşinqton istədiyi halda həmin bazalardan istifadə edə bilər və heç kim buna mane ola bilməz: “Əgər istəsək, sadəcə uçub gedər və istifadə edərik. Heç kim bizə ‘istifadə etməyin’ deməyəcək”.

Ağ Evdə keçirilən görüş və səsləndirilən bəyanatlar ABŞ-nin İranla bağlı mövqeyinin daha da sərtləşdiyini göstərir. Analitiklər hesab edirlər ki, Trampın çıxışı həm regiondakı hərbi əməliyyatların genişlənə biləcəyinə, həm də Vaşinqtonun Avropa müttəfiqləri ilə münasibətlərində yeni gərginlik mərhələsinin başlaya biləcəyinə işarədir.

Poliqon.info

Seçilən
31
3
poliqon.info

10Mənbələr