"Qarabağ - "Sabah" görüşünü həftələrlə gözləməyə dəyərmiş.
Qarşılaşmada futbol adına hər şey gördük.
Tofiq Bəhramov adına Respublika Stadionu uzun aradan sonra çempionat oyununda bu qədər azarkeşə qucaq açdı.
Hər iki komanda ortaya qoyduğu futbolla soyuq havada onları izləyən fanatları darıxmağa qoymadı.
Bir-birindən baxımlı 6 qol izlədik.
İlk 60 dəqiqəni qonaqların aktivinə yazmaq olar. Valdas Dambrauskas komandasını matça çox yaxşı hazırlamışdı. Futbolçularda gərginlik, həyəcan yox idi, özlərini çox rahat aparırdılar. Gözlənilənlərin əksinə startda dominant oynayan tərəf də Masazır klubu oldu.
Düzdü, ilk hissənin son 15 dəqiqəsi və fasilədən sonrakı ilk dəqiqələrdə Ağdam təmsilçisi üstün oyun sərgilədi. Kamilo Duranın fərqlənmək üçün əla şansları oldu. O, bütün hallarda Pokatilov səddini keçə bilmədi. Aleksey Kaşukun bərbad oynadığı, Abdullah Zubirlə Marko Yankoviçin kölgədə qaldığı görüşdə Kolumbiyalı hücumçu "Qarabağ"ın ən yaxşısı idi.
Görüşün 2/3 hissəsi geridə qalanda "Sabah" 3:0 öndə idi. Hətta çempionluğun taleyinin həll olunduğunu düşünənlər vardı. Buraxılan qollarda Mateus Koxalskinin səhvləri az deyildi. Birinci qolda topu tuta biləcəyi halda Xəyal Əliyevin önünə qaytardı, Mikelsin fərqləndiyi epizodda isə ümumiyyətlə çərçivəni itirmişdi. Aron Maludanın qolu ən xoş sözlərə layiq idi.
Meydandakı gedişat "tələbələr"in daha irhesablı qələbəsindən xəbər verirdi.
"Qarabağ"da bir xaos yaşanırdı. Zonalar arasında əlaqə itmişdi. Oyunçular nə edəcəyini bilmirdi. Sanki "Sabah" 3 gün əvvəl ağır "Nyukasl" səfərindən qayıdan rəqibini tam taqətdən düşürüb, nokauta salmışdı.
Belədə əks-hücumlarda "Sabah"ın yaxşı imkanları yaranırdı. Daha diqqətli oynasalar fərqi artıra bilərdilər.
Amma fərqli şeylər yaşandı.
Bir anda meydanda vəziyyət 180 dərəcə dəyişdi.
"Qarabağ" elə bir sürət yığdı ki, "Sabah"ın oyunçuları çaş-baş düşdü.
Rəqibi meydanın özünə aid hissəsinə çəkilməyə məcbur edən Qurban Qurbanovun yetirmələri təslim olmaq istəmirdi.
Üstünlüyün "Qarabağ"a keçməsində 62-ci dəqiqədə Qurban Qurbanovun oyuna müdaxiləsi böyük rol oynadı. Təcrübəli mütəxəssis Musa Qurbanlı və Leandro Andradeni döyüşə atdı. Musa Qurbanlı sivri ucda yer aldı, Kamilo Duran cinaha çəkildi. Məhz Duranın cinahdakı fəallığı "Sabah"ın sol cinahını iflic etdi.
Cəmi 10 dəqiqədə "Qarabağ" buraxılan 3 qolun əvəzini çıxdı.
Daha artığını vurmaq üçün cəhdlər etdi. Amma qələbə qolunu vurmağa vaxt yetmədi.
Baş hakim Tural Qurbanov ciddi səhvlə yadda qalmadı. Amma tez-tez oyunu saxlaması sürəti aşağı salırdı. Çox sayda dayanmaların olduğu əsas vaxta cəmi altı dəqiqə əlavə etməsini də referinin passivinə yazmaq olar.
Oyuna kölgə salan digər məqam "Qarabağ"ın bərabərlik qolundan sonra ehtiyat skamiyalarda yer alanlar arasında yaşanan insident oldu.
Buna "Sabah”ın məşqçilərindən birinin “Qarabağ”ın məşqçisi Müşfiq Hüseynova qeyri-etik jest etməsi səbəb olub. Köməkçisinin günahkar olduğunu qəbul edən Valdas Dambrauskas Qurban Qurbanovdan buna görə üzr istədi.
"Qarabağ" möhtəşəm geridönüşlə çempionluq mübarizəsində qalmağa davam edir. Psixoloji üstünlük də Qurban Qurbanovun komandasına keçdi. Bu cür ssenari sonrakı görüşlərdə Ağdam klubuna daha müsbət təsir edə bilər.
Amma ümumi stünlük isə hələ də "Sabah"dadır. Onlar ehtiyatda 1 oyunu qalan rəqibini sona 11 tur qalmış 7 xalla qabaqlayır.
XANOĞLAN İMANOV