AZ

Azərbaycan Prezidenti bu dəfə paytaxtdan bəlli dairələrə mesajlar göndərdi...

"İlham Əliyevin Bakıda keçirilən Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuralarının iclaslarında səsləndirdiyi fikirlər Azərbaycanın enerji siyasətinin konseptual əsaslarını aydın şəkildə ortaya qoyur. Rəsmi Bakı digər sahələrdə olduğu kimi, enerji istiqamətində də milli maraqlara və qlobal reallıqlara söykənən praqmatik kursunu ardıcıl şəkildə davam etdirəcəyini nümayiş etdirir".

Bu sözləri Musavat.com-a Azərbaycan Parlamentinin üzvü Elçin Mirzəbəyli deyib.

Parlamentarinin sözlərinə görə, Prezidentin “dünyanın ən qüdrətli dövləti olan ABŞ-ın strateji tərəfdaşımız kimi çıxış etməsi” barədə vurğusu təsadüfi deyil: " Amerika Birləşmiş Ştatları ilə enerji əməkdaşlığı Azərbaycanın təşəbbüslərinin beynəlxalq legitimliyini möhkəmləndirir, eyni zamanda onların siyasi və təhlükəsizlik təminatlarını gücləndirir.

Xüsusilə, Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji mənbələrinin şaxələndirilməsi siyasətində mühüm yer tutur və artıq regional çərçivəni aşaraq Avrasiya miqyaslı enerji təhlükəsizliyi arxitekturasının tərkib hissəsinə çevrilib. Bu kontekstdə ABŞ-ın siyasi dəstəyi layihənin uzunmüddətli dayanıqlığını təmin edən əsas amillərdən biri kimi çıxış edir.

Prezidentin diqqət çəkdiyi əsas məsələlərdən biri işğaldan azad edilmiş ərazilərdə hidroenerji potensialının sürətlə reallaşdırılmasıdır. Artıq 307 meqavat gücündə hidroelektrik stansiyaların enerji sisteminə inteqrasiyası və yaxın 2–3 il ərzində bu göstəricinin ikiqat artırılması planı təkcə əlavə generasiya gücü demək deyil. Bu addımlar Qarabağ və Şərqi Zəngəzurun yeni iqtisadi xəritəsinin formalaşdırılmasına, həmin ərazilərin aşağı karbon emissiyalı model regiona çevrilməsinə və daxili istehsal artımı hesabına ixrac üçün əlavə qaz həcmlərinin yaranmasına xidmət edir. Hidroenerjinin həm maya dəyərinin nisbətən aşağı, həm də davamlı mənbə olması enerji qiymətlərinin sabitliyinə və sənayenin rəqabət qabiliyyətinin yüksəlməsinə birbaşa təsir göstərir".

Deputat onu da vurğuladı ki, Dövlət başçısının faydalı qazıntı yanacaqlarını nəzərə almadan enerji siyasəti qurmağın “xəyalpərəstlik” olduğunu bildirməsi qlobal iqlim müzakirələri fonunda prinsipial mövqedir: "COP29 çərçivəsində Azərbaycanın irəli sürdüyü yanaşmaya görə enerji keçidi mərhələli və balanslaşdırılmış şəkildə həyata keçirilməlidir. Çünki dünya iqtisadiyyatı hələ də neft və qaz resurslarından ciddi asılılıq nümayiş etdirir. Bu reallığı nəzərə almamaq enerji böhranlarına, qiymət şoklarına və sosial-iqtisadi sabitliyin pozulmasına səbəb ola bilər.

Bütövlükdə Prezident İlham Əliyevin çıxışında ifadə olunan yanaşma beynəlxalq ictimaiyyətə aydın mesaj verir: enerji siyasəti ideoloji şüarlar üzərində deyil, milli maraqlar və qlobal reallıqların rasional sintezi əsasında qurulmalıdır. Faydalı qazıntı yanacaqları ilə bərpaolunan enerji mənbələrinin uzlaşdırılması Azərbaycanın seçdiyi optimal inkişaf modelidir. Bu model bir tərəfdən enerji təhlükəsizliyini möhkəmləndirir, digər tərəfdən iqtisadi artımı sürətləndirir və paralel olaraq iqlim məsuliyyətini nəzərə alır. Realizm, praqmatizm və strateji tərəfdaşlıq Azərbaycanın enerji gələcəyini müəyyən edən əsas istiqamətlər kimi formalaşır".

Cavanşir Abbaslı

Musavat.com

Seçilən
55
musavat.com

1Mənbələr