“Nə gizlədim, darıxmışam, çox darıxmışam!”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Mingəçevir“in qapıçısı Orxan Sadıqlı deyib.
Ötən mövsüm II Liqada “Şəmkir“in şərəfini qoruyan, cari “futbol ili“ni I Liqada keçirməyə davam edən kiper maraqlı etirafla diqqət çəkib.
Bildirib ki, vaxtilə elitada oynamış futbolçular Premyer Liqaya qayıtmaq üçün alışıb-yanır:
“Böyük danışmaq kimi olmasın, özümü Premyer Liqada oynayan qapıçılardan zəif hesab etmirəm. Əsas odur, gücüm və istəyim var.
Yenidən Premyer Liqada oynayacağıma inanıram. Çox istərdim ki, buna “Mingəçevir“lə nail olum. Bu, kifayət qədər maraqlı gəlir“.
Orxan Sadıqlı “Xəzər Lənkəran“ın yetirməsidir. Uzun illər cənub təmsilçisinin heyətində güclülər dəstəsinin həyacanını yaşayıb.
Həmçinin “İnter“ (indiki “Şamaxı“),“Kəpəz“,“Zirə“ və “Sumqayıt“ın uğurları üçün tər töküb.