AZ

Tramp üçün İranın 2026 Dünya Çempionatında iştirak edib-etməyəcəyi fərq etmir

ABŞ Prezidenti deyib ki, İran millisinin turnirdə çıxış edib-etməməsi onun üçün əhəmiyyət daşımır...

Poliqon xəbər verir ki, “Politico” nəşrinin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp İran milli futbol komandasının 2026-cı il dünya çempionatında iştirakına münasibət bildirərək bu məsələnin onun üçün fərq etmədiyini açıqlayıb. “Mənə həqiqətən fərqi yoxdur”, deyə Tramp qeyd edib.

İran millisi seçmə mərhələni uğurla başa vuraraq 2026-cı il dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb. Komanda G qrupunda yer alıb və burada rəqibləri Belçika, Misir və Yeni Zelandiya yığmalarıdır. Qrup mərhələsində İran millisinin bütün oyunlarının ABŞ ərazisində keçirilməsi planlaşdırılır. Bununla belə, mövcud geosiyasi gərginlik fonunda komandanın turnirdə iştirakdan imtina edə biləcəyi ehtimalı da istisna edilmir.

Xatırladaq ki, 28 fevral tarixində İsrail Müdafiə Nazirliyi İran ərazisinə “preventiv zərbə” endirildiyini açıqlayıb. İsraildə fövqəladə vəziyyət elan olunub. Daha sonra “Reuters” agentliyi ABŞ qüvvələrinin də İrana qarşı hücumlara qoşulduğunu, zərbələrin həm dənizdən, həm də havadan həyata keçirildiyini bildirib. Regionda artan hərbi qarşıdurma beynəlxalq münasibətlərə və qlobal idman tədbirlərinə mümkün təsirlər baxımından da diqqətlə izlənilir.

2026-cı il futbol üzrə dünya çempionatının 23-cü mundial olacaq. Turnirin final mərhələsi 2026-cı ilin iyun və iyul aylarında ABŞ, Kanada və Meksikada keçiriləcək. Final oyunu 19 iyul tarixinə planlaşdırılıb. Əvvəlki illərdə olduğu kimi 32 komandanın iştirak etməsi nəzərdə tutulsa da, 10 yanvar 2017-ci ildə FİFA prezidenti Canni İnfantino iştirakçı sayının 48-ə çatdırılacağını açıqlayıb. Bu dəyişiklik turnirin formatında əhəmiyyətli yeniliklərə səbəb olub və daha çox milli komandaya mundialda çıxış imkanı yaradıb.

Poliqon.info

Seçilən
14
poliqon.info

1Mənbələr