ABŞ-da bəzi müstəqil uçan naməlum obyekt (UNO) tədqiqatçılarının yadplanetli varlıqlar haqqında məlumatları gizlətməkdə şübhəli bildiyi Hərbi Hava Qüvvələrinin istefada olan generalı Vilyam Nil Makkaslandın ümummilli axtarışı aparılır.
Publika.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
68 yaşlı Makkasland sonuncu dəfə fevralın 27-də Nyu-Meksiko ştatının Albukerke şəhərində görülüb. O vaxtdan bəri onun harada olduğu məlum deyil və dairə şerifi onu axtarışa verib. Makkaslandın sağlamlıq problemlərinin ola biləcəyi bildirilir ki, bu da onun təhlükəsizliyi üçün əlavə risklər yaradır.
Uzun illər Nyu-Meksikodakı Kirtland aviabazasında xidmət edən Makkasland, daha əvvəl Ohayo ştatındakı Rayt-Patterson bazasında tədqiqat laboratoriyasına rəhbərlik edib. Xidmət müddətində o, eksperimental hərbi texnologiyalar sahəsində işlərlə məşğul olub. UNO-ların yadplanetli mənşəli olması nəzəriyyəsinin tərəfdarları hesab edirlər ki, məhz Rayt-Patterson bazasında 1947-ci ildə Rozuell hadisəsi zamanı qəzaya uğradığı iddia edilən yadplanetli aparatının tədqiqatları aparılıb. Qeyri-rəsmi məlumatlara görə, Makkasland bu layihənin rəhbəri olub.