AZ

CNN: MKİ İran daxilində üsyan hazırlamaq üçün kürd qüvvələrini silahlandırır...

ABŞ kəşfiyyatının İran müxalifəti və kürd liderləri ilə danışıqlar apardığı və yaxın günlərdə İranın qərbində quru əməliyyatının mümkün olduğu bildirilir...

Poliqon xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) İran daxilində mümkün xalq üsyanına zəmin yaratmaq məqsədilə kürd silahlı qüvvələrinə silah və digər hərbi dəstək təqdim edir. Telekanalın məlumatında qeyd olunur ki, ABŞ administrasiyası bu istiqamətdə İran müxalifət qrupları və ölkədə fəaliyyət göstərən kürd liderləri ilə danışıqlar aparır.

Mənbələrin sözlərinə görə, ABŞ tərəfi İranın qərb bölgələrində yerləşən kürd silahlı qruplarına hərbi dəstəyin verilməsi imkanlarını müzakirə edir. Bildirilir ki, martın 3-də ABŞ prezidenti Donald Tramp İran Kürdüstanı Demokrat Partiyasının (KDPI) prezidenti Mustafa Hicri ilə danışıqlar aparıb və tərəflər regiondakı vəziyyətlə bağlı fikir mübadiləsi ediblər.

CNN-in məlumatına görə, yaxın günlərdə İran ərazisində fəaliyyət göstərən kürd silahlı qüvvələrinin ölkənin qərbində quru əməliyyatında iştirak etməsi ehtimalı nəzərdən keçirilir. ABŞ administrasiyasından olan anonim mənbələrdən biri bildirib ki, hazırkı geosiyasi vəziyyət bu planların həyata keçirilməsi üçün ciddi imkan yaradır və tərəflər yaranmış fürsəti qiymətləndirməyə çalışır.

Məlumata əsasən, ABŞ tərəfinin əsas ideyası kürd qüvvələrinin İran təhlükəsizlik strukturları ilə qarşıdurmaya cəlb olunmasıdır. Belə bir vəziyyətin yaranacağı təqdirdə, İranın böyük şəhərlərində yaşayan vətəndaşların təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsi ilə üzləşmədən etiraz aksiyalarına çıxmasının mümkün ola biləcəyi ehtimal edilir.

Digər mənbə isə bildirib ki, kürd silahlı qruplarının fəallaşması regionda qeyri-sabitliyi artırmaqla yanaşı, İranın hərbi və təhlükəsizlik resurslarını da ciddi şəkildə yora bilər. Analitiklər hesab edirlər ki, belə bir ssenari regionda gərginliyin daha da artmasına və İran daxilində təhlükəsizlik vəziyyətinin mürəkkəbləşməsinə gətirib çıxara bilər.

Poliqon.info

Seçilən
33
15
poliqon.info

10Mənbələr