AZ

“Azərbaycan sərhəddə yeni postlar qurub” iddiası

 

Polkovnik: "Gələcəkdə hərbi təxribatlara indidən zəmin yaratmaq istəyirlər"

Azərbaycan bu yaxınlarda yeni postlar yaradıb və Ermənistan ərazisi üzərində nəzarətini daha da gücləndirib. Bu barədə hökumətə müxalifətdə olan  “Birlik Qanadları” siyasi təşəbbüsünün lideri Arman Tatoyan bəyan edib.

“Bu gün elə görünür ki, Ermənistan necə cavab verəcəyini unudub, sanki özümüzü müdafiə edə bilmirik. Açıq mənbələrə əsaslanaraq, biz müəyyən etdik ki, bu yaxınlarda Ermənistan ərazisində yeni postlar yaradılıb ki, bu da onların nəzarətini daha da gücləndirib. Hazırkı hökumət başçısı isə bəyan edir ki, "biz onlardan xahiş edəcəyik və onlar hansısa komissiya vasitəsilə ərazilərimizdən geri çəkiləcəklər. Aydındır ki, bu, baş verməyəcək", - deyə o bildirib.

 Bu iddiaların doğru olub-olmadığını müəyyən etmək üçün mövcud rəsmi və etibarlı mənbələrə baxmaq kifayətdir. Hazırda hər hansı beynəlxalq və ya tərəflərdən rəsmi təsdiq edilmiş məlumatda, Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisində yeni hərbi postlar qurduğu və nəzarəti artırdığı ilə bağlı təsdiqlənmiş və sübut edilmiş fakt yoxdur.

Yada salaq ki, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə birgə Komissiyanın növbəti iclasının bu ay keçiriləcəyi gözlənilir. Komissiyalar arasında son 2 görüşün Azərbaycan ərazisində keçirildiyini nəzərə alaraq bu dəfə Şahin Mustafayev Ermənistana gedəcək. Xatırladaq ki, komissiyalara Azərbaycan tərəfdən baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan tərəfindən isə baş nazirinin müavini Mher Qriqoryan sədrlik edir. Görünür, erməni müxalifət liderinin qaldırdığı hay-küy həm də komissiyanın gözlənilən iclası ilə bağlıdır.

Medianın

 Rövşən Məhərrəmov

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, həm belə bir fakt olmadığı, həm də Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası, demarkasiyası başa çatmadan Azərbaycanın Ermənistan ərazisində post qurduğu barədə iddialar irəli sürmək absurddur: “Armen Tatoyanın iddiaları əsassızdır. 44 günlük müharibə başa çatandan sonra Ermənistan öz ərazisi adlandırdığı ərazilərdə bunkerlər, mühəndis-istehkam qurğuları qurdu. Bütün bu addımları Azərbaycan Ordusunun gözləri qarşısında atdı. Baxmayaraq ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlanmayıb, sərhədlər delimitasiya, demarkasiya olunmayıb, Ermənistan qeyd etdiyim işləri həyata keçirdi.  Azərbaycan istəsəydi bu iki arqumenti əsas götürüb Ermənistan ordusunun həmin addımları atmasının qarşısını ala bilərdi. Çünki sərhədlər delmitasiya və demarkasiya olunanda həmin nöqtələrin məhz Ermənistan ərazisi olmadığının, Azərbaycana aid olduğunun təsdiqlənməsi ehtimalı da istisna edilməməlidir. Ermənistan hələ dəqiqləşdirilməmiş sərhəd boyunca müdafiə xəttini gücləndirir. Diqqəti yayındırmaq, öz addımlarına əsas yaratmaq üçün isə  guya Azərbaycanın Ermənistan ərazisində postlar qurduğunu bəyan edir. Azərbaycan ehtimal edilən Ermənistan ərazisində heç bir post qurmayıb. Azərbaycana bu gün Ermənistan istiqamətindən təhlükə var. Ona görə də Azərbaycan bu təhlükəni nəzərə alıb öz ərazisində möhkəmlənmə işlərini aparır və bu təbiidir. Azərbaycan öz ərazisində postların gücləndirilməsi istiqamətində addımlar atmalıdır. Bu addımları atması tamamilə normaldır və təbiidir. Sülh müqaviləsi bağlansa belə, Azərbaycan öz sərhədlərini qorumaq üçün lazımi tədbirləri həyata keçirəcək”.

Ekspert hesab edir ki, Ermənistan tərəfindən əsassız iddiaların irəli sürülməsi delimtiasiya-demarkasiya işləri üzrə hökumətlərarası komissiyanın Ermənistanda keçiriləcək görüşü öncəsi qəsdən ortaya atılmış pozucu hərəkətdir: “Bu, həm də Ermənistanın hələ də başqa ideyalarla yaşadığının siqnalıdır. Bu gələcəkdə "Ermənistan ərazisində qurulan Azərbaycan postlarına qarşı əməliyyat" adı altında hansısa hərbi təxribatlara əl atmaq üçün indidən zəmin hazırlamağa bənzəyir. Azərbaycana qarşı böhtan atmaqda məqsədlərdən biri bu ola bilər".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Seçilən
103
44
musavat.com

10Mənbələr