İcmalar Palatasında keçirilən bu tip dinləmələr artıq təsadüfi təşəbbüs kimi deyil, məqsədli siyasi kampaniyanın elementi kimi görünür
Böyük Britaniyanın Azərbaycandakı səfirliyi bu ölkənin İcmalar Palatasında keçirilən qalmaqallı dinləmələrlə bağlı açıqlama verib.
Xatırladaq ki, Britaniya parlamentinin aşağı palatasından bir qrup deputat “Keçmişin silinməsi: mədəni irsin məhv edilməsi” adlı dinləmələr keçirib və rəsmi relizdə iddia olunduğu kimi, “Dağlıq Qarabağda erməni mədəni irsinin məhv edilməsi” mövzusu müzakirə olunub. Üstəlik, təşkilatçılar bu dinləmələrə separatçıların nümayəndələrindən biri olan Artak Beqlaryanı da dəvət ediblər. Bir sıra Azərbaycan QHT rəhbərləri həm Böyük Britaniyanın Azərbaycandakı səfirinə, həm də İcmalar Palatasının rəhbərliyinə müraciət edərək narazılıqlarını bildiriblər.
Müraciətdə vurğulanıb ki, Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi mövcud deyil. Bu səbəbdən həmin terminin istifadəsi hüquqi və tarixi baxımdan yanlışdır və qəbuledilməzdir. Müəlliflər bunu Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlmiş siyasi kampaniya kimi qiymətləndirir.
Səfirlik isə cavabında bildirib ki, Böyük Britaniyanın Bakıdakı diplomatik missiyası kral III Çarlzın hökumətini təmsil edir və yalnız hökumətin xarici siyasət mövqeyini ifadə edir. Parlament isə konstitusion sistemdə müstəqil hakimiyyət qoludur və onun dinləmələri ayrı-ayrı deputatların və ya komitələrin mövqeyini əks etdirir, hökumətin rəsmi siyasətini yox. Bu səbəbdən səfirlik parlament proseslərinin məzmununu şərh etməyi məqsədəuyğun saymır. Yeri gəlmişkən, Böyük Britaniyanın Azərbaycana yeni səfir təyin edib. Bu Dunkan Normandır. Dunkan Norman 2026-cı ilin may ayında vəzifəsini icra etməyə başlayacaq.
Britaniya parlamentində keçirilən müzakirələr ətrafında yaranan qalmaqal göstərir ki, məsələ təkcə bir dinləmə ilə məhdudlaşmır. İcmalar Palatasında keçirilən bu tip dinləmələr artıq təsadüfi təşəbbüs kimi deyil, məqsədli siyasi kampaniyanın elementi kimi görünür. Ayrı-ayrı deputatların təşəbbüsü adı altında təqdim olunsa da, belə tədbirlər adətən əvvəlcədən hazırlanmış lobbi strategiyalarının nəticəsi olur. Burada məqsəd tarixi faktları araşdırmaqdan çox, Azərbaycan haqqında mənfi narrativ formalaşdırmaqdır.
Əgər rəsmi Böyük Britaniya hökuməti doğrudan da balanslı mövqe tutmaq istəyirsə, belə birtərəfli platformalara imkan verilməsi sual doğurur. Çünki beynəlxalq praktikada parlament tribunasının separatçı mövqelər üçün istifadə olunması diplomatik etimadı zədələyən addım sayılır. Bu isə artıq sadəcə debat yox, siyasi mesajdır. Belə davam edərsə, bu cür addımlar iki ölkə arasında formalaşmış əməkdaşlıq mühitinə kölgə sala bilər.

Sona Əliyeva
Siyasi təhlilçi Sona Əliyeva “Yeni Müsavat”a bildirdi ki, hazırda Böyük Britaniya ilə Azərbaycan arasındakı əlaqələr çox yaxşı səviyyədədir: “Zaman-zaman Bakı ilə London arasında müəyyən enişli-yoxuşlu nüanslar ola bilər. Bu da olduqca normal tendensiyadır. Azərbaycanla bağlı Britaniya parlamentindəki dinləmələr bu ölkədəki erməni və separatizm sevdalılarının mövqeyidir. Doğrudan da Kral hökumətinin mövqeyini əks etdirmir. Ola bilsin ki, Britaniyadakı erməni lobbisinin sifarişidir, hər halda, bunu proseslərin sonrakı axarı göstərəcək. Digər tərəfdən, Britaniya diplomatiyası hər zaman ikibaşlı oyunlar qurması ilə tanınıb. Bu məsələni də "qovluq işi"nə çevirib gələcəkdə Bakı ilə münasibətlərdə alver predmetinə çevirmək istəyə bilərlər. İstənilən halda, bu cür sənədlər, dinləmələr hüquqi çəkiyə malik deyil. Eyni zamanda beynəlxalq hüquq müstəvisində hər hansı təsir imkanı da yoxdur. O da mümkündür ki, Britaniyadakı erməni lobbisinin çoxsaylı müraciətləri əsasında bu cür görüşlər, dinləmələr gerçəkləşsin. Bununla da ingilislər ermənilərin çoxsaylı müraciətlərini “xala, xətrin qalmasın” prinsipi ilə yola verə bilərlər. Bu da mümkün variantlardan biridir. Bizim üçün Qarabağda separatçılıq anlayışı artıq bitib. Bunu Britaniyada da çox yaxşı başa düşürlər. Düşünürəm ki, qondarma irslə bağlı məsələlər Britaniya parlamentində “ev tapşırığı” kontekstindəki dinləmələrdən uzağa getməyəcək və Londonla Bakı arasındakı ümumi mülayim ab-havanın aurasına öz təsirini göstərməyəcək".

Əli Orucov
AMİP liderinin köməkçisi, politoloq Əli Orucov da fərqli düşünmür. O hesab edir ki, Böyük Britaniya ilə Azərbaycan arasında sıx ticari, iqtisadi və siyasi əlaqələr mövcuddur: “İkinci Qarabağ müharibəsi zamanı London həm iki ölkə arasındakı formalaşmış tərəfdaşlıq, həm də beynəlxalq hüquq baxımından ədalətli və düzgün mövqe sərgilədi. Son dövrlər hərbi əməkdaşlıq istiqamətində də əməkdaşlıq genişlənməkdədir. Böyük Britaniya Azərbaycana investisiya yatıran ölkələr arasında ilk yerlərlərdir. Xüsusən də neft qaz sektoruna, yeni yataqların işlənilməsində, nəqliyyat xətlərinə böyük həcmdə sərmayə qoyub. Cənab Prezident İlham Əliyevlə Böyük Britaniya və Şimali İrlandiya taxt-tacının sahibi 3-cü Çarlzla da şəxsi münasibətləri yüksək səviyyədədir. Mən hesab etmirəm ki, London Bakıya qarşı qərəzli yanaşa bilməz. Britaniya hökumətinin rəsmi mövqeyi, ayrı-ayrı deputatlarla üst-üstə düşməməsi Qərb üçün normal sayılır. Ancaq onu da nəzərə alaq ki, Qərbdə ikili standartlar həmişə olub. Bunu balans və demokratik ənənə kimi təqdim edirlər. Hakimiyyət bölgüsünün sərbəstliyi bəhanə gətirilir. Təbii ki belə hallar diplomatik etimadın istənilməsə də zədələnməsinə gətirib çıxarar. Məncə, separatçı meyllərin təkrarlanmaması parlamentarası əməkdaşlıq da üst səviyyəyə gətirilməlidir. Milli Məclisin müvafiq komissiyası parlamentarilərlə həm fərdi, həm də parlamentin özü ilə sıx əlaqələr qurulmasına müvəffəq olmalıdır. Hər şeyi xarici siyasət idarəsindən gözləməyi doğru hesab etmirəm”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”