Quba Rayon İcra Hakimiyyəti və Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 5 mart - Bədən Tərbiyəsi və İdman gününə həsr olunmuş tədbir keçirilmişdir.
QHT.az xəbər verir ki, bu barədə məlumatı "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova bildirib. Onun sözlərinə görə, tədbirdən əvvəl Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədova, idmançılar və gənclər tərəfindən Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında Ulu Öndərin abidəsi ziyarət olunmuş, xatirəsi ehtiramla yad edilmişdir:
"Quba Tədris, İdman və İstirahət Kompleksində təşkil olunmuş tədbirdə Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri, aidiyyəti qurumların məsul şəxsləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, tələbələr, gənclər və idmançılar iştirak etmişdir".
QHT sədri həmçinin bildirib ki, əvvəlcə idmançıların nümunəvi çıxışları izlənilmiş, daha sonra çərşənbə tonqalı alovlandırılmışdır:
"Çıxış edənlər ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından, gənclərin sağlam həyat tərzinin formalaşdırılmasında bədən tərbiyəsi və idmanın mühüm rolundan bəhs etmiş, idmançıları 5 mart - Bədən Tərbiyəsi və İdman günü münasibətilə təbrik edərək onlara yeni-yeni uğurlar arzulamışlar. Sonda il ərzində yüksək nəticələr əldə etmiş idmançılar fəxri fərman və diplomlarla təltif olunmuş, tədbir bədii proqramla davam etdirilmişdir".