Bakı, 4 mart, AZƏRTAC
Qars Qafqaz Universiteti və İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin birgə təşkilatçılığı ilə professor Şurəddin Məmmədlinin anadan olmasının 70 illiyi münasibətilə beynəlxalq simpozium keçirilib.
Bu barədə AZƏRTAC-a Qars Qafqaz Universitetinin dosenti Afina Məmmədli Barmanbay məlumat verib.
Bildirilib ki, simpoziumda Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Rusiya və Almaniyadan 100-ə yaxın alim və mütəxəssis iştirak edib.
Çıxışlarda alimin Borçalı ədəbiyyatı və mədəniyyəti sahəsində apardığı tədqiqatların Azərbaycan, Gürcüstan və Anadolu ədəbi mühiti ilə qarşılıqlı əlaqələr baxımından əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, professor Şürəddin Məmmədlinin araşdırmaları Borçalı ədəbi irsinin sistemli şəkildə öyrənilməsinə və Türk dünyasının ortaq mədəni yaddaşı çərçivəsində dəyərləndirilməsinə mühüm elmi töhfə verib. Alim bu sahədə ardıcıl və konseptual elmi model formalaşdıraraq, Borçalı və oxşar regional ədəbiyyatların tədqiqi üçün möhkəm metodoloji və nəzəri zəmin yaradıb.
Professor Şürəddin Məmmədli Gürcüstan Milli Elmlər Akademiyasının həqiqi üzvü, filologiya elmləri doktoru, professordur. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Aşıqlar Birliyinin, Gürcüstan Yazıçılar Birliyinin Azərbaycanlı Yazarlar Qrupunun və Gürcüstan Jurnalistlər Federasiyasının üzvüdür. Alim Gürcüstanın “Dövlət Şərəf Ordeni”nə, “Türk Dünyasına Xidmət” mükafatına və digər təltiflərə layiq görülüb.
Simpozium işini beş sessiya üzrə davam etdirib.