Bakı, 4 fevral, AZƏRTAC
Bu gün dünya siyasətinin və beynəlxalq münasibətlər sisteminin əsas gündəm mövzularından biri enerji təhlükəsizliyidir. Qlobal geosiyasi proseslərin sürətlə dəyişdiyi, enerji bazarlarında qeyri-sabitliyin artdığı və iqlim dəyişikliklərinin ciddi çağırışa çevrildiyi bir dövrdə enerji resurslarının etibarlı və davamlı təchizatı dövlətlərin milli təhlükəsizliyinin ayrılmaz komponenti kimi çıxış edir. Bu kontekstdə Azərbaycan müasir dünyanın ən dinamik inkişaf edən dövlətlərindən biri kimi qlobal enerji təhlükəsizliyi sistemində mühüm və etibarlı tərəfdaş statusunu daha da möhkəmləndirir.
Bu fikirləri AZƏRTAC-a məxsusi açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov söyləyib.
O qeyd edib ki, 2015-ci ilin fevral ayından etibarən hər il keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantıları Azərbaycanın enerji strategiyasının təqdimatı, tərəfdaşlarla dialoqun dərinləşdirilməsi və qlobal enerji təhlükəsizliyinə töhfələrin nümayişi baxımından mühüm beynəlxalq platformaya çevrilib. Qısa müddət ərzində bu format regional çərçivəni aşaraq beynəlxalq enerji gündəliyini müəyyənləşdirən əsas müzakirə məkanlarından biri kimi qəbul olunub.
“Martın 3-də Bakı Konqres Mərkəzində keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları Azərbaycanın artan rolunu bir daha təsdiqlədi. Toplantılarda Azərbaycan və Avropa İttifaqı dövlətləri daxil olmaqla 27 ölkə, 11 beynəlxalq maliyyə institutu və təşkilat, həmçinin 49 enerji şirkəti təmsil olundu. İştirakçıların say tərkibində hər il müşahidə olunan artım ölkəmizin beynəlxalq enerji dialoqunda nüfuzunun yüksəldiyini və etibarlı tərəfdaş kimi mövqeyinin gücləndiyini göstərir.
Prezident İlham Əliyevin iclaslardakı çıxışı qlobal enerji təhlükəsizliyi, sənaye inkişafı və yaşıl transformasiya baxımından mühüm mesajlarla yadda qaldı. Dövlətimizin başçısı vurğuladı ki, enerji müstəqilliyi hər bir ölkənin milli təhlükəsizliyinin əsas tərkib hissəsidir. Onun sözlərinə görə, bu gün enerji təhlükəsizliyi ilə yanaşı, sənaye təhlükəsizliyi anlayışı da ön plana çıxır. Sənayenin inkişafı üçün sabit enerji təchizatı, neft-kimya məhsulları və gübrələr kimi strateji resurslar vacibdir. Azərbaycan isə xam neftin, təbii qazın, neft məhsullarının, neft-kimya məhsullarının və gübrələrin istehsalçısı və ixracatçısı kimi geniş imkanlara malikdir.
Azərbaycanın zəngin təbii resursları və düşünülmüş enerji strategiyası nəticəsində həyata keçirilən layihələr Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa neft kəmərləri vasitəsilə Azərbaycan nefti Aralıq və Qara dəniz hövzəsinin bazarlarına çatdırılır. Bu kontekstdə Cənub Qaz Dəhlizi xüsusi əhəmiyyət kəsb edir. Bu strateji layihə Avropanın enerji mənbələrinin şaxələndirilməsinə və qaz təchizatının təhlükəsizliyinə mühüm töhfə verir”, - deyə komitə sədri diqqətə çatdırıb.
Hazırda Azərbaycanın 16 ölkəyə qaz tədarük etdiyini bildirən Siyavuş Novruzov deyib ki, ölkəmiz Avropanın enerji bazarında mövcudluğunu genişləndirmək niyyətindədir. İxrac marşrutlarının və bazarların şaxələndirilməsi enerji təhlükəsizliyinin əsas təminatıdır. Bu yanaşma Azərbaycanın uzunmüddətli və praqmatik enerji siyasətinin göstəricisidir.
“Eyni zamanda, Məşvərət Şurası çərçivəsində yaşıl gündəlik mühüm yer tutur. Dövlətimizin başçısı vurğuladı ki, biz hamımız planetin təhlükəsiz və təmiz olmasını istəyirik və iqlim dəyişikliklərinin fəsadlarını görmək niyyətində deyilik. Lakin məsələyə ideoloji deyil, praqmatik və realist yanaşma vacibdir. Qazıntı yanacağı ilə bərpaolunan enerji mənbələri arasında qarşıdurma deyil, vəhdət təmin edilməlidir. Azərbaycanın qaz ehtiyatlarının uzun illər üçün kifayət etməsinə baxmayaraq, alternativ enerji sahəsinə milyardlarla dollar sərmayə yatırması balanslaşdırılmış və məsuliyyətli siyasətin bariz nümunəsidir.
2024-cü ildə Bakının ev sahibliyi etdiyi COP29 iqlim konfransı ölkəmizin yaşıl enerji sahəsində potensialını və qlobal iqlim gündəliyinə sadiqliyini bir daha nümayiş etdirdi. 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat elektrik enerjisinin əldə olunması planı Azərbaycanın yaşıl transformasiya istiqamətində konkret və iddialı hədəflər müəyyən etdiyini göstərir”, - deyə deputat bildirib.
Onun sözlərinə görə, Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuraları artıq təkcə enerji layihələrinin koordinasiya olunduğu platforma deyil, həm də qlobal enerji arxitekturasının formalaşmasına töhfə verən mühüm siyasi-iqtisadi mexanizmə çevrilib. Azərbaycan bu gün Avropa məkanında etibarlı enerji təchizatçısı olmaqla yanaşı, strateji tərəfdaş və yaşıl transformasiyanın fəal iştirakçısı kimi də böyük nüfuz qazanıb. Prezident İlham Əliyevin çıxışı Azərbaycanın enerji siyasətinin əsas istiqamətlərini - etibarlılıq, şaxələndirmə, beynəlxalq tərəfdaşlıq və yaşıl transformasiya prioritetlərini bir daha ortaya qoydu. Bakı platformasının enerji təhlükəsizliyi və dayanıqlı inkişaf sahəsində qlobal dialoqun mühüm mərkəzlərindən biri kimi rolu isə getdikcə daha da möhkəmlənir. Bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və uzaqgörən enerji siyasətinin məntiqi nəticəsidir.