AZ

Qlobal iqtisadiyyat üçün təşviş

Hörmüz boğazının tam bağlanması neftin 140 dollara qədər bahalaşmasına səbəb ola bilər

İranın Hörmüz boğazını bağlamaq barədə bəyanatı dünya enerji bazarında psixoloji gərginlik yaradıb. Körfəz ölkələrinin logistika sistemində yaranan panika avtomatik olaraq neft qiymətlərinin və mayeləşdirilmiş qazın (LNG) tariflərinə ciddi təsirlər göstərib. İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri (HDQ) radio rabitəsi vasitəsilə gəmilərin Hörmüz boğazını keçməsinin qadağan edildiyinə dair xəbərdarlığı isə narahatlıqları daha da artırıb. Hətta iri neft şirkətlərinin bu xəbərdarlıqdan Hörmüz boğazı vasitəsilə xam neft, yanacaq və mayeləşdirilmiş təbii qaz tədarükü dayandırmasına dair məlumatlar yayılıb. Doğrudur, rəsmi qaydada boğazın bağlanması barədə qərar verilməyib, ancaq buna baxmayaraq, qlobal təchizat zəncirində pozulmalar artıq özünü göstərməkdədir. Qlobal geosiyasi gərginlik və son 2 gündə təchizatda fasilələrin artması neft qiymətlərinin kəskin şəkildə yüksəldib. Beləki, “Brent” neftinin fyuçersləri 13 faiz yüksələrək bir barel üçün 80 dollar təşkil edib. Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti son 2 gündə təqribən 7,8 dollar bahalaşaraq 80 dolları ötüb.

OPEC və “OPEC+” hasilatı artırsa da...

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və “OPEC+” ölkələri bazar günü keçirilən görüşdə hasilatı gündə 206 min barel artırmaq barədə razılığa gəliblər. İstehsalın artması ABŞ-İran münaqişəsindən qaynaqlanan bəzi təchizat fasilələrini kompensasiya edə bilər, baxmayaraq ki, qrup üzvlərinin artımları davam etdirib-etdirməyəcəyi hələ məlum deyil. ABŞ-İran münaqişəsi səbəbindən gəmiçilikdə yaranan fasilələr də neft tədarükünə ümumi təsiri məhdudlaşdıra bilər. Ancaq münaqişə iki həftə davam edərsə, beynəlxalq enerji agentlikləri tərəfindən gözlənilən mümkün qiymət səviyyəsi 90-95 dollar proqnozlaşdırılır. Hörmüz boğazının qismən bağlanması riski isə neftin 100 dollara, tam bağlanması 120-140 dollara qədər yüksəlməsinə səbəb ola bilər.

Xatırladaq ki, Hörmüz boğazı qlobal neft logistikası zənciri hesab edilir. Boğaz Fars körfəzi ilə Oman körfəzi arasında, Oman körfəzi vasitəsilə isə Ərəbistan dənizi və Hind okeanı ilə əlaqəni təmin edir. Boğazın ən dar nöqtəsi İranın Larak adası ilə Omanın Böyük Kveyn adasını əhatə edir - 39 km enliyə malikdir. Digər ərazilərdə isə enlik 97 km-ə çatır. Suyun dərinliyi 229 metrə bərabərdir, baxmayaraq ki, dərinliyi 27 metrdən başlayan dayaz sahələr də var.

Gündəlik neft daşınmalarının təxminən 20 faizi, mayeləşdirilmiş təbii qazın (LNG) isə 25 faizi bu boğazdan keçir. Boğazdan gündə təxminən 22 milyon barrel neft daşınır ki, bu da istehlak olunan xam neftin beşdə biridir. Boğazın bağlanması bu baxımdan regiondakı bütün neft və qaz istehsalçılarını - Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, İraq, Qətərin ixrac sistemini pozmuş olur. Həmin neftin əsas alıcıları isə qlobal istehlakçılar - Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Avropa və digərləridir. Eləcə də ABŞ-ın özünə bu boğazdan körfəz ölkələrinin yanacağı daşınır. Boğaz həm də qlobal nəqliyat körpüsü kimi sənaye, ərzaq və digər malların da daşındığı logistika şaxəsidir.

Qlobal inflyasiyanın ikirəqəmli həddə yüksəlməsi ehtimal edilir

Hörmüz boğazının bağlanması 2 cəhətdən qlobal iqtisadiyyatı sarsıtmış olur. Birincisi, neft və neft məhsullarının kəskin bahalaşması baş verir. Çünki alternativ daşınma xəttləri azdır. Birləşmiş Ərəb Əmirliklərindəki “Habshan-Fujairah” boru kəməridir ki, gündə təxminən 1,5 milyon barel neft ötürə bilər. Səudiyyə Ərəbistanın sahibi olduğu Qırmızı dəniz üzərindən keçən alternativ Şərq-Qərb Boru Kəməri isə gündəlik 5 milyon barel neft ötürür. Beləliklə, hər iki xətt üzrə ən yaxşçı halda 7 milyon barel nefti alternativ yol üzrə daşımaq mümkündür. Ancaq bu bölgədən gündəlik dünya enerji sektoruna 22 milyon neft çıxdığından qalan 15 milyon barelin çatdırılması təmin edilə bilməz. Bu o deməkdir ki, Hörmüz boğazı strateji dəhliz kimi əsas yol olaraq qalır.

İkincisi, sənaye, ərzaq və xammal təchizatında logistika məhdudiyyətləri yaranır və dünyada bütün növ xammal və ehtiyatları bahalaşmış olur. Nəticədə qlobal iqtisadiyyatda kəskin inflyasiya yaranır. Mütəxəssislər bildirirlər ki, Hörmüz boğazının bağlanması qlobal neft qiymətlərində kəskin artıma, yanacaq və enerji tariflərinin bahalaşmasına, dünya bazarlarında təşvişə səbəb ola bilər. Bu boğaz dünya enerji təhlükəsizliyinin əsas arteriyalarından biri hesab olunur. Onun bağlanması isə regional addım kimi görünsə də, nəticələri qlobal iqtisadi şoka çevrilə, inflyasiya ikirəqəmli həddə çata bilər.

Beynəlxalq koalisiya tərəfindən gözlənilən sərt tədbirlər

Ona görə də, bütün qlobal təchizat və istehlak üzvləri diqqəti bu kritik məsələyə yönəldib. Məsələ ondadır ki, BMT-nin 1082-ci ildə qəbul edilmiş Dəniz Hüququ Konvensiyasına əsasən, Hörmüz boğazı gəmilər üçün sərbəst tranzit keçidini təmin edən beynəlxalq su yolu hesab olunur və İran müqaviləni pozmaqla beynəlxalq koalisiya tərəfindən təzyiqlərə məruz qala bilər. ABŞ və iri neft təchizatçıları, eləcə də digər qlobal treyderlər bu nəqliyyat bağlantısının qapadılması halında BMT səviyyəsində ciddi addımlar ata bilər. Bu, İranın özünün iqtisadi problemlərlə üzləşməsinə gətirib çıxarar.  Belə ki, sanksiyalar və digər inzibatı sərt addımlar sayəsində İranın Xarq adasındakı ən böyük neft terminalının fəaliyyəti məhdudlaşdırıla bilər. Bu terminal İranın bütün neft və neft məhsulları ixracının təxminən 90 faizini idarə edir. Bura dünyanın ən böyük neft tankerlərini qəbul edə bilən azsaylı neft terminallarından biridir. Müxtəlif tonnajlı doqquz tanker eyni vaxtda bu terminalda lövbər sala bilər. Xarq adasındakı neft anbarları istehlakçılara gündəlik 10 milyon barreldən çox neft göndərməyə imkan verir.

Bundan başqa Kenqan Qaz Emalı Zavodu hədəfə alına bilər. İran dünyanın ən böyük qaz istehlakçılarından biri olaraq qalır. Ölkədəki bütün elektrik enerjisinin üçdə ikisi onun vasitəsilə istehsal olunur. Bu resursun İran üçün böyük əhəmiyyətinə baxmayaraq, ölkədə yalnız Kenqan şəhərində yerləşən bir emal zavodu var. Bu zavod sıradan çıxsa, İran bir neçə gün ərzində özünü minimal elektrik enerjisi ilə belə təmin etmək qabiliyyətini itirəcək.

Nəhayət, beynəlxalq koalisiya Bəndər Abbasdakı Şəhid Rəcai limanın da fəaliyyətini qapatmaq üçün sərt tədbirlər görə bilər. İranın okeanlara çıxışını təmin edən yeganə dərin su limanı olan bu liman bütün İran idxalının və ixracının təxminən 40 faizni təmin edir. Bunun böyük hissəsi Tehran da daxil olmaqla mərkəzi İrana gedir. Onun sıradan çıxması ölkəni qida, sənaye malları və avadanlıqların təchizatında görünməmiş çətinliklər yaradar.

Göründüyü kimi, İranın manevr imkanları getdikcə daralır və təkcə bu 3 hədəfin vurulması İranın Hörmüz boğazını real olaraq uzun müddətə bağlamaq planlarına ağır və sarsıdıcı cavab ola bilər.

Bütün bunları nəzərə aldıqda Hörmüz boğazının bağlanması heç bir tərəfə fayda vermədiyindən bu ağır risklərə getmək lüzumsuz sayılır.

E.CƏFƏRLİ

Seçilən
128
50
yeniazerbaycan.com

10Mənbələr