AZ

Azərbaycanın dünyanın enerji təhlükəsizliyinə davamlı töhfələri günümüzün əsas reallıqlarındandır

“Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun, etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin təqdimatında, əməkdaşlığın coğrafiyasının genişləndirilməsində əhəmiyyətli rol oynayan tədbirlərdən biri də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantılarıdır. Martın 3-də Bakı Konqres Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları keçirildi. Hər bir toplantıda ötən dövr ərzində görülən  işlər nəzərdən keçirilir, enerji təhlükəsizliyi və dayanıqlı enerji təchizatı sahələrində əməkdaşlığın, tərəfdaşlığın gücləndirilməsi ilə bağlı gələcək birgə addımlar planlaşdırılır. Dövlət başçısı İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, 12 il əvvəl bu təşəbbüsə başlanan dövrlə müqayisədə  birlikdə toplaşmağın və enerji təhlükəsizliyinə dair mühüm məsələləri müzakirə yolu ilə həll etməyin nə dərəcədə vacib olduğunu indi daha aydın şəkildə görürük. Xüsusilə son 12 ilə nəzər saldıqda müxtəlif ssenarilərin, çətinliklərin, mürəkkəbliklərin və problemlərin şahidi oluruq. Lakin bütün bu çətinliklərə və regionumuzda yaşanan olduqca ağır dövrlərə baxmayaraq, Azərbaycan və tərəfdaşları tərəfindən bir sıra ölkələrin enerji təhlükəsizliyinin təmin olunması həqiqətən də gündəlik həyatımızda hiss etdiyimiz reallığa çevrilmişdir. Ötən il Bakıda sonuncu görüşdən bu günə görülən işlərə nəzər yetirdikdə yenə də irəliləyişin şahidi oluruq. Hər dəfə məhz irəliləyişdən danışırıq”.

Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Millət vəkili qeyd edib ki, son illərdə yaşıl enerjiyə keçidin prioritet olduğunu nəzərə alsaq artıq bu il sayca dördüncü Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin iclasını xüsusi qeyd etməliyik: “Bu toplantı bərpaolunan enerjinin tarazlı şəkildə inkişaf etdirilməsində və enerji bağlantılarının daha da şaxələndirilməsində göstərilən səylərin mühüm mərhələsidir. Prezident İlham Əliyev çıxışında bu məqamı xüsusi qeyd etdi ki, artıq bir neçə ildir Məşvərət Şurası çərçivəsində müzakirə olunan məsələlərin bir hissəsi yaşıl gündəlikdir və bu istiqamətdə də müsbət nəticələr barədə məlumat verə bilərik. Cari ilin yanvarında regionda indiyədək ən böyük külək elektrik stansiyasının - 240 meqavat gücündə obyektin açılışı oldu. Layihə “ACWA Power” tərəfindən maliyyələşdirilib və həyata keçirilib. Bu, artıq malik olduğumuz potensiala əlavə edilən yeni yaşıl enerji mənbəyidir. 2023-cü ildə “Masdar” şirkəti 230 meqavat gücündə Günəş elektrik stansiyası inşa etdi. Bir neçə layihə artıq icra mərhələsindədir və gələcək illərdə alternativ enerji mənbələri ilə işləyən yeni elektrik stansiyalarının açılışını gözləyirik. Bizdə xarici sərmayədarlardan və yerli şirkətlərdən ibarət müsbət kombinasiya mövcuddur. Alternativ enerji ilə bağlı planlarımız artıq imzalanmış müqavilələrə əsaslanır.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində toplantıların iştirakçılarının hər il artan say tərkibinə diqqət yetirdikdə tədbirin əhəmiyyəti, burada müzakirə olunan məsələlərin aktuallığı, birgə səylərin göstərilməsində tərəflərin marağı özünü aydın şəkildə nümayiş etdirir. Belə ki, toplantıya Azərbaycan və Avropa daxil olmaqla 27 ölkə, 11 beynəlxalq maliyyə institutu və təşkilat, həmçinin 49 enerji şirkəti qatıldı. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələr iştirak etdilər. Açılış sessiyasından sonra toplantı Nazirlər sessiyası, “Cənub Qaz Dəhlizi sessiyası: Cənub Qaz Dəhlizində davamlı uğur və yeni inkişaf mərhələsi” və “Yaşıl enerji layihələri” üzrə plenar sessiyalarla davam etdi. Tədbirin sonunda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarının yekunlarına dair mətbuat konfransı təşkil olundu. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlər toplantısı 2015-ci ilin fevral ayından keçirilir”.

Malik Həsənov vurğilayıb ki, hər bir toplantıda hesabat dövründə görülən işlər geniş təhlil edilir: “Azərbaycanın enerji diplomatiyasının uğurları davamlıdır. 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin böyük səyləri nəticəsində imzalanan “Əsrin müqaviləsi” ölkəmizin iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Möhkəm təməl növbəti uğurların əsasıdır. Bu baxımdan Azərbaycanın enerji sektorunda qazandığı uğurlar etibarlı və arzuolunan tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Təkcə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin ötən il keçirilən toplantısından builki tədbirə qədər qazandığımız uğurlara diqqət yetirmək kifayətdir. Cənab İlham Əliyev çıxışında bu məqamlara diqqət yönəltdi ki, sonuncu dəfə bu auditoriya qarşısında çıxış edərkən 12 ölkəyə qaz tədarük etdiyimizi bildirmişdim. Hazırda isə Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya çatıb. Bu göstərici üzrə Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir. Həmin çıxışda, həmçinin qaz təchizatının coğrafiyasının genişləndirilməsi ilə bağlı planları açıqladığını önə çəkən dövlətimizin başçısı vurğuladı ki, gördüyünüz kimi, bu planlar artıq reallaşdırılıb. Digər mühüm hadisə qaz təchizatımızın artıq Avropa hüdudlarından kənardakı istiqamətlərə də çatması olmuşdur. İlk dəfə olaraq Suriyaya qaz tədarükünə başlamışıq ki, bu da Suriya xalqına mövcud olan kəskin elektrik enerjisi qıtlığının azaldılmasında yardım göstərmək məqsədi daşıyır. Suriyaya 1,5 milyard kubmetr həcmində Azərbaycan qazının tədarükü vasitəsilə biz əhalinin daha yaxşı qorunmasına, biznes fəaliyyəti üçün daha geniş imkanların yaranmasına və müəssisələrin normal fəaliyyətinin təmin edilməsinə töhfə verdik. Elektrik enerjisi olmadan heç bir inkişaf əldə etmək mümkün deyil. Bu, həm Suriya, həm region, həm də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi. Qaz təchizatının şaxələndirilməsi hər bir ölkə kimi, bizim üçün də xüsusi əhəmiyyət daşıyır. İstehsalçı Azərbaycan, tranzit ölkələr və istehlakçılar arasında əməkdaşlıqda müsbət dinamika müşahidə olunur. Məhz bu birlik, birgə maraqlar və qarşılıqlı fayda prinsipi on ildən artıq davam edən uğurlu yolumuzun əsas amilidir”.

Millət vəkili bildirib ki, əsas məqsəd əməkdaşlığın gücləndirilməsidir: “Əməkdaşlıq olmadan enerji təhlükəsizliyi layihələrinin heç biri mümkün olmazdı. Dövlət başçısı İlham Əliyev qarşıdakı dövrün planlarından da geniş bəhs etdi. Bildirdi ki, Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik. Artıq Avropanın daha iki ölkəsinə - Almaniyaya və Avstriyaya qaz tədarükünə başlamışıq. Hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır. Qarşıdakı illərdə Azərbaycanın yataqlarından yeni qaz hasilatı ilə əlaqədar olaraq hasilat həcmlərini artırmaq imkanımız mövcuddur. Bazarda mövcud tələbatı və qlobal vəziyyəti nəzərə alaraq, artacaq tələbatı qarşılamaq məqsədilə əlavə genişləndirmə və interkonnektor imkanları araşdırılır.  Məqsədimiz ixracı maksimum səviyyəyə çatdırmaqdır”.

Malik Həsənov qeyd edib ki, bugünkü uğurlarımız gələcək barədə aydın təsəvvür yaradır: “Azərbaycanın hər bir mövzuda, bütün sahələrdə beynəlxalq tədbirlərə ev sahibliyi əməkdaşlıqda, səylərin birləşdirilməsində, təcrübə mübadiləsinin aparılmasında nə qədər maraqlı olduğunu nümayiş etdirir. Təkcə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantılarına diqqət yetirsək bu davamlılığın təmin edilməsində tərəflərin birgə səylərinin əhəmiyyətli rolunu daha aydın görərik. Cənab İlham Əliyevin builki iclasın da hər zaman olduğu kimi səmərəli, konstruktiv və nəticəyönümlü olacağına əminliyini ifadə etməsi özündə mühüm məqamları, çağırışları ehtiva edir”.

Seçilən
32
29
sabahinfo.az

10Mənbələr