AZ

Müctəba Xameneinin ilk BƏYANATI – Doktor Pezeşkianla yola DAVAM, yoxsa...

İranın yeni ali dini liderinin adı məlum oldu. Bu – qətlə yetirilən Əli Xomeninin ikinci oğlu Müctəbadır. Ekspertlər Şurasına belə bir seçimi eləmək üçün 4 gün gərək oldu.

Deyilənlərə görə, sağlığında Əli Xomenei oğlunu varis qismində görməyib. Öz yerinə vəsiyyət eləməyib. Görünür, həyatda olmaması və məlum aqibəti belə bir seçimin üzərində dayanılmasında həlledici rol oynayıb..

Bütün hallarda Müctəba Xomenei artıq dünəndən etibarən yalnızca din adamı, yaxud seyid, ölkə isə başsız sayılmaz. Konstitusiyaya əsasən, o, indi həm də dövlətin rəhbəri, ali baş komandandır. Yəni, tamamən siyasi-hərbi bir vəzifə, siyasətçi məsuliyyəti. Siyasət isə qəliz sahə.

Bir növ, SSRİ dönəmindəki Sov.İKP MK-nın baş katibi statusuna uyğun gələn vəzifə və geniş səlahiyyət. SSRİ-də də baş katib dar bir çərçivədə - Siyasi Büroda seçilirdi, nəinki xalq tərəfindən...

Mövzudan uzaqlaşmayaq.

Kiçik Xamenei atasının oğlu olsa da, bu postda o, təzə və təcrübəsizdir. Çünki təcrübə insana irsi verilmir. Onu qazanmaq lazım gələcək. Təbii ki, İranın hava məkanına nəzarətini ələ keçirmiş ABŞ və İsrail qüvvələri buna fiziki anlamda imkan versə. Bu da bir sıra faktorlardan asılı olacaq.

Təcrübə praktik fəaliyyətlə sırf bağlı anlayışdır. Necə deyərlər, əməliyyata girməmiş cərrah cərrah sayılmaz. Cərrah demişkən, İran prezidenti Məsud Pezeşkian məhz tibbi cərrahiyyənin adamıdır, ürək cərrahı - kardiocərrahdır.

Hazırkı son dərəcə kritik və təlatümlü mərhələdə İran üçün ən optimal çıxış yolu da elə Müctəba Xomeneinin xalqın seçdiyi legitim prezidentlə birgə praqmatik “yol xəritəsi” hazırlamaqda görülür. Bu mənada dünya yeni (dini) liderin ilk bəyanatının nə olacağını səbirsizliklə gözləyir.

Xomenei nə deyəcək, atasının kursunu olduğu kimi davam etdirəcəyinə and içəcək, yoxsa ölkəni fəlakətlərdən, təcriddən uzaq tutacaq fərqli kurs tərcih edəcək? Bir azdan görəcəyik...

Ancaq bu yerdə ağıllı adamla müdrik arasında fərq barədə məşhur deyim yada düşür: “Ağıllı istənilən çətin vəziyyətlərdən məharətlə çıxır, müdrik isə həmin vəziyyətlərə, ümumiyyətlə, düşmür”.

Ölkənin hazırkı acı mənzərəsi isə heç də ağıllı və müdrik siyasətin nəticəsi hesab olunmaz. Demək, təzə rəhbər istəsə də, istəməsə də, qeyri-standart və operativ, ölçülü-biçili, ən mühümü, müdrik qərarlar verməli olacaq. Əks halda, ölkə daha ağır durumla üzləşəcək...

Yeri gəlmişkən, İran qüvvələri neçə gündür bəzi ərəb ölkələrində neft emalı müəssisələrini də vurur. Ancaq həmin müəssisələrin bir neçəsi İranda da var. Onlar vurulsa necə, olacaq. Üstəgəl, İran neftinin satışı sıfra düşsə?

Ölkənin problemi birmi-beşmi? Onlar öz-özünə yox olası deyil. Din pərdəsi altında nə qədər kamifulyaj edilsə də. Klerikal rejim isə özünə əlavə dost-müttəfiqlər tapmaq əvəzinə, düşmənlərin sayını artırmaqla məşğuldur. “Şüşəli otaq”da oturub başqalarına daş atmaqla təhlükəsizlikdə olmaq mümkünsüz. Hətta qardaş Türkiyədən belə etiraz səslənib.

Qısası, müdrik qərarlar zamanıdır. Ən yaxşı məsləhətçi isə dokror Pezeşkian ola bilər...

Seçilən
16
1
musavat.com

2Mənbələr