AZ

Tehrandakı böhran Bakıya necə təsir edəcək? – Gözlənilməz risklər-Millət vəkili AÇIQLADI

Yaxın Şərqdə artan gərginlik və İran ətrafında formalaşan qeyri-müəyyən hərbi-siyasi vəziyyət təkcə bu ölkənin daxili sabitliyini deyil, bütövlükdə regionun təhlükəsizlik arxitekturasını yenidən formalaşdırmaq potensialına malikdir. Tehran ətrafında mümkün güc zəifləməsi və ya uzunmüddətli qarşıdurma ssenarisi Cənubi Qafqaz üçün həm risklər, həm də yeni geosiyasi reallıqlar yarada bilər. Xüsusilə Azərbaycan kimi strateji mövqedə yerləşən dövlət üçün sərhəd təhlükəsizliyi, regional balans və iqtisadi-logistik sabitlik məsələləri prioritet xarakter daşıyır. Mövcud proseslər fonunda İran amilinin zəifləməsinin hansı nəticələr doğura biləcəyi və bunun bölgədə qüvvələr nisbətinə necə təsir edəcəyi geniş müzakirə mövzusudur.

Milli Məclisin deputatı Müşfiq Cəfərov Editor.az-a açıqlamasında bildirib ki, İranın zəifləməsi regionda güc balansını dəyişə, sərhəd təhlükəsizliyinə təsir göstərə və Cənubi Qafqaz üçün yeni geosiyasi imkanlar aça bilər:

“İranda baş verən hadisələr artıq ölkənin daxili ictimai-siyasi gündəmini aşaraq regional və beynəlxalq siyasi müzakirələrin əsas mövzularından birinə çevrilib. İranda baş verə biləcək genişmiqyaslı müharibə və ya daxili qarşıdurma Cənubi Qafqazda, xüsusən Azərbaycanda təhlükəsizliklə bağlı ciddi riskləri, böyük qaçqın axını, iqtisadi-logistik böhranlar və regional geosiyasi balansın pozulması ilə nəticələnə bilər. Bu vəziyyət uzun müddət davam etsə bölgədəki separatizm meyllərini aktivləşdirə və böyük dövlətlərin birbaşa müdaxiləsinə şərait yarada bilər

Savaşın arealını nə qədər genişlənməsi, tərəflərin nəyə nail olacağını demək də hələ çox tezdir. Ona görə savaşın hansı ssenari ilə davam edə biləcəyi və hansı sonluqla nəticələnə biləcəyi haqda müxtəlif versiyalar düşünülə bilər”.

Onun sözlərinə görə, hərbi əməliyyatların daha da şiddətlənməsi, hərbi, siyasi və iqtisadi rəhbərliyi aradan qaldırmaq üçün xüsusi əməliyyatlar və ölkə iqtisadiyyatına davamlı hücumlar da mümkün versiyalar sırasındadır:

“Amma düşünürəm ki, bu vəziyyət maksimum 10 gün davam etmək üçün nəzərdə tutulub. Artıq fakt olaraq Azərbaycanın iki qonşu ölkəsi müharibə aparır. Həm Rusiya, həm də İranda davam edən müharibə dövlətimiz üçündə əlverişsizdir.Çünki biz sərhədimizdə sabitlik olmasını arzu edirik. İranda baş verəcək qeyri sabitlik nəinki Azərbaycana hətta Cənubi Qafqaza mənfi təsir edəcək”.

//Gülnarə Abasova, Editor.az

 

Seçilən
101
editor.az

1Mənbələr