AZ

Qaz ixracının genişlənməsi, geosiyasi kapitalın artması - Şərh

 “Son 12 ilin dinamikasına nəzər saldıqda aydın görünür ki, Azərbaycan enerji siyasətini yalnız iqtisadi fəaliyyət sahəsi kimi deyil, geosiyasi alət və strateji təhlükəsizlik mexanizmi kimi formalaşdırıb. Qlobal enerji böhranları, regional müharibələr, sanksiya mühitinin sərtləşməsi və təchizat zəncirlərində qırılmalar fonunda Bakı enerji təhlükəsizliyi məsələsini praktik nəticələrə çevirə bilib”.

Bunu Ölkə.az-aaçıqlamasında Milli Məclisin deputatı Kamran Bayaramov deyib.

Onun sözlərinə görə, Azərbaycanın boru kəmərləri vasitəsilə qaz ixrac etdiyi ölkələrin sayının 12-dən 16-ya yüksəlməsi təkcə statistik artım deyil. “Bu, Azərbaycanın enerji diplomatiyasının effektivliyini göstərən göstəricidir.

Bu artımın əsas dayağı Cənub Qaz Dəhlizi layihəsidir. Hazırda sistem tam yüklənmiş vəziyyətdədir və bu fakt iki mühüm nəticə doğurur: Avropada Azərbaycan qazına tələbatın sabit və artan olduğunu göstərir; mövcud infrastrukturun genişləndirilməsinin artıq strateji zərurətə çevrildiyini təsdiqləyir.

Almaniya və Avstriyanın ixrac coğrafiyasına daxil olması isə Azərbaycanın Avropa İttifaqı daxilində enerji təchizatçısı kimi institusional mövqeyini gücləndirir. Bu artıq regional deyil, kontinental təsir alətidir”, - o qeyd edib.

Deputat əlavə edib ki, Azərbaycan artıq Avropa  coğrafiyasına deyil, digrə bölgələrlə də, xüsusən  Suriyaya qaz ixrac etməkdədir: “ Suriyaya 1,5 milyard kubmetr qaz tədarükü sırf kommersiya addımı deyil. Bu, enerji diplomatiyasının humanitar və sabitləşdirici funksiyasının nümayişidir. Elektrik qıtlığının azaldılması vasitəsilə sosial sabitliyə dəstək verilir, iqtisadi fəaliyyət üçün baza yaradılır, regional təsir dairəsi genişlənir.

Bu addım həm də Azərbaycanın qaz ixracını Avropa hüdudlarından kənara çıxarması baxımından yeni mərhələdir”.

O həmçinin qeyd edib ki, Azərbaycan artıq təkcə ixracatçı deyil, regional enerji platformasına çevrilir. “Bu, Xəzərdən Aralıq dənizinədək uzanan enerji zənciri deməkdir.
Azərbaycan enerji təhlükəsizliyində artıq alternativ yox, əsas oyunçulardan biridir. Qarşıdakı əsas çağırış isə infrastrukturu genişləndirmək, interkonnektorları artırmaq və hasilat artımını bazar imkanları ilə sinxronlaşdırmaqdır.

Ümumilikdə, son 12 il göstərir ki, enerji siyasəti Azərbaycanın xarici siyasətinin mərkəzi alətinə çevrilib və bu alət həm iqtisadi gəlir, həm geosiyasi təsir, həm də strateji təhlükəsizlik mexanizmi funksiyasını paralel şəkildə yerinə yetirir”, - deputat qeyd edib.

Mürtəza

Seçilən
60
1
olke.az

2Mənbələr