AZ

Spinozanın Allahı və ya Türkün Tanrısı

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bu gün sosial şəbəkədəki bir paylaşımda həmin o dahiyanə etiraf yenə qarşıma çıxdı: "Mən Spinozanın Allahına inanıram".

Albert Eynşteynin bu etiqad etirafında adı keçən Spinoza bəs kimdir?!

Söhbət XVII əsrin məşhur rasionalist filosoflarından biri olan Baruk (Benedikt) Spinozadan və onun din anlayışından gedir; Spinozaya görə, Allah dünyadan qıraqda deyil, Allah dünyanın özüdür, təbiətdir - təbiətdədir, insanın içindədir. Spinozadan iki əsr əvvəl İmadəddin Nəsimi "Həqq məndədir" deyəndə, dərisini soydular, Barux Spinoza isə öz əcəli ilə öldü. Şərqlə Qərbin fərqi də budur, bax! Əvvəla, Fəzlullah Nəiminin və Nəsiminin Şərqdə iki əsr əvvəl irəli sürdüyü fikri iki əsr sonra Qərbdə Spinozanın adına çıxıblar, ikincisi, bunu Şərqdə deyənin dərisini soyublar, Qərbdə deyənə isə kimsə barmağını da toxundurmayıb; Amsterdamlı düşüncə adamı ömrünü yaşayıb. Biri, Ramiz Rövşən demişkən, dar ağacındakı "ucalıqdan" asılıb, öldürülüb, o biri ömrünü yaşayıb, qocalıqdan ölüb. Beləliklə, dediyim kimi, Qərbdə yaşamaq üçün əlverişli şərait var, Şərqdə ölmək üçün.

Niyə?!

Çünki Şərqin emosional "kükrəyiş" tərzi Qərbin rasional davranış modelinə dəyib, dağılır.

Spinoza haqqında "rasionalist filosoflardan biri" deyirəm, çünki o biri ikisi - Rene Dekart və Gottfried Vilhelm Leybnizdir. Niderlandlı yəhudini bu fransızla və o almanla birləşdirən məhz rasionalizm cərəyanı olmuşdu.

Spinoza "öz" Allaha modelini yaratmışdı. Əslində hərənin "öz"Allahı var.

Mən əvvəllər yazmışdım: "Allahın hərədə bir cür şəkli var, ancaq hamısında eyni cür gözəl "düşüb". Ateist Bertran Rasselin "Mən niyə xristian deyiləm?" sualına (bu adda kitabına) diqqət etsək, çox maraqlı mənzərə açılar gözlərimizin önündə. Bu "fəlsəfi dinsiz" ingilis öz dünyəvi imanında israr edirdi; onun məntiqindən belə çıxır ki, əslində Allah insanları deyil, insan Allah... yaradıb. Yəni Allahın varlığı haqqında inancı, Allahın obrazını insan yaradıb. Spinozanı da " narahat edən" şey insanın Allahı "insanlaşdırmaq" qəfləti olub; insa Allahı da "özünə oxşadıb". İnsan qüsursuz, mükəmməl bildiyi Allahı həm " təpədən dırnağacan günah içində" çabalayan varlığa - özünə bənzədir, həm də belə bir obrazdan günahlarının bağışlanmasını istəyir. Spinoza bu kontrastı, insanın Allahla bir yandan, özü ilə də o biri yandan apardığı münaqişənin fəlsəfi həllini axtarıbmış.

Bu gün Qərbin Şərqdə ( ya da, nə bilim, bəlkə elə Qərbin Şərqlə" apardığı müharibə(lər)in səbəbi budur (ya da həm də budur). Biri özünü Allaha bənzədib, Şərqə ədalət gətirdiyini düşünür (yaxud danışır), o biri də eynilə özünü Allaha şərik qoşub, "müqəddəs" müqavimət göstərdiyini sanır. Bir tərəf üçün din özü siyasi alətə çevrilib, o biri tərəf üçün hərbi güc "zəhərlənməsi" din kimi qavranılır. Biri özünü radikal din kültürü ilə müdafiə edir, başqası isə onun bu "tərifli", təhrifli din buxovundan - məzhəbçilik ifratçılığından "xilas etmək" istəyir. Hər ikisi də yalan! Onu-bunu bilmirəm, bu qəliz, qəfil dolaylarda - Allah adından tüğyan edən Allahsızlıq labirintindəmçaşlb qalan türkün Tanrısıdır.

Mən də Eynşteynin inandığı Tanrıya inanıram. Görünür, ən ideal Tanrı elə Spinozanın Tanrısıdır. Daha doğrusu, bu, elə türkün Tanrısına - inancına uyğun gəlir. Doğru olan bu cür Tanrını sevməkdir. Bütün "çatışmazlıqları" ilə birlikdə.

Çağdaş din mədəniyyətində Allahın mükəmməlliyi, qüsursuzluğu mübahisəsizdir. Bəs özü mükəmməl olmayan, qüsurlarla dolu bir həyat boyu saysız günahlar işləyən insan Allahın mükəmməlliyini hansı ölçülərlə, meyarlarla qiymətlındirib?

Nə isə. Bu suala bələ başqa zaman cavab axtararıq. İndiki zamanın reallına qayıdıb, baxaq. Nə görürük: radikal dinsizliklə radikal dindarlığın müharibəsi Dünyanı dağıdır. Əgər Spinozanın Allahı elə dünyanın özündədirsə, yaxud Dünyanın özüdürsə, deməli, Qərblə Şərqin indiki bu amansız və bir o qədər də anlamsız savaşı bir-birindən çox Allaha qarşı savaşdır. Bu cür savaşlarda ən ağır yaralanan və ən çox ölən elə Allahın özüdür...

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
icma.az

1Mənbələr