AZ

“Azərbaycan həm qaz, həm yaşıl enerji sahəsində etibarlı tərəfdaşdır“ - ŞƏRH OLUNDU

“Hazırda qlobal neft və qaz bazarında qiymət artımı müşahidə olunur, bu da əsasən Körfəz regionunda baş verən proseslərlə bağlıdır. Regionda gərginliyin artması, xüsusilə İranla bağlı geosiyasi risklər, enerji ixracına təsir göstərir”.
Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirib.

Onun sözlərinə görə, körfəzdən həm neft, həm də mayeləşdirilmiş qaz (LNG) ixracında məhdudiyyətlər yaranır və bu da bazarda qiymətlərin yüksəlməsinə səbəb olur:

“Bu vəziyyət ilk növbədə Avropa İttifaqı üçün əlavə çətinliklər yaradır. Enerji təhlükəsizliyi məsələsi yenidən gündəmin əsas mövzusuna çevrilib. Azərbaycan isə artıq bir neçə ildir ki, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.

Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 14-cü iclası və Yaşıl Enerji üzrə 4-cü Nazirlər Toplantısı çərçivəsində Prezidentin çıxışında da vurğulandı ki, Azərbaycan üzərinə götürdüyü bütün öhdəlikləri vaxtında və tam şəkildə yerinə yetirir. Avropa tərəfi də bunu yüksək qiymətləndirir. Tədbirdə Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Dan Yörgensonun iştirakı da bir daha göstərdi ki, Azərbaycan etibarlı tərəfdaş kimi qəbul olunur.

Hazırda Azərbaycan 16 ölkəyə qaz ixrac edir, onlardan 10-u Avropa İttifaqının üzvüdür. Əgər Avropada qaz defisiti yaranarsa, təbii ki, Azərbaycan imkanları daxilində dəstəyi artırmağa çalışacaq. Lakin bunun üçün hasilatın genişləndirilməsi, yeni qazma işlərinin aparılması və infrastrukturun gücləndirilməsi vacibdir.

Azərbaycanın enerji strategiyasında təbii qazın rolu getdikcə artır. İxrac həcmlərinin artması ölkəyə daxil olan valyuta axınının da artması deməkdir. Bu isə həm iqtisadi sabitlik, həm də uzunmüddətli sosial-iqtisadi inkişaf baxımından mühüm əhəmiyyət daşıyır.

Eyni zamanda, yaşıl enerji layihələri və interkonnektor təşəbbüsləri yeni perspektivlər açır. Bu istiqamətdə müvafiq dövlət qurumları, SOCAR və digər əlaqədar strukturlar koordinasiyalı şəkildə fəaliyyət göstərirlər.

Mövcud vəziyyət Azərbaycanın enerji bazarında rolunu daha da gücləndirmək üçün həm çağırış, həm də imkan yaradır”.

Müəllif: Günay Hacıyeva
Seçilən
5
sia.az

1Mənbələr