AZ

Hesabat: 2040 cı ilədək dünyada 228 milyon uşaq piylənmədən əziyyət çəkəcək

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 4 mart, AZƏRTAC

Dünya Piylənmə Federasiyasının yeni hesabatına görə, dünyada piylənmə ilə yaşayan uşaq və yeniyetmələrin sayının 2025-ci ildəki 177 milyondan 2040-cı ilə qədər 228 milyona çatacağı proqnozlaşdırılır.

AZƏRTAC Federasiyanın məlumatına istinadla xəbər verir ki, bu proqnoz uşaqlıq dövründə piylənmənin dünyada sürətlə artdığı barədə xəbərdarlıq edən 2026-cı il “Ümumdünya piylənmə atlası” hesabatında dərc edilib.

Hesabatda qeyd olunur ki, uşaqlarda piylənmə görünməmiş dərəcədə artır və bu tendensiya əsas qlobal ictimai səhiyyə probleminə çevrilir. Atlasa görə, 5-19 yaşlı uşaqlar arasında piylənmənin qlobal yayılmasının 2025-ci ildəki 8,7%-dən 2040-cı ilə qədər 11,9%-ə çatacağı gözlənilir. Bununla yanaşı, azyaşlılarda piylənmənin artmasının qlobal qidalanma tendensiyalarında böyük bir dəyişikliyi təmsil etdiyi bildirilir.

Yeni hesabatda 2026-2027-ci illər arasında piylənmə ilə yaşayan məktəbyaşlı uşaqların sayının dünyada ilk dəfə çəki azlığı olanları keçəcəyi təxmin edilir. 2010-cu ildən bəri 180-dən çox ölkədə uşaqlarda artıq çəki və piylənmə hallarının artması müşahidə olunub.

Həmçinin vurğulanır ki, azyaşlılar arasında piylənmə artıq yüksək gəlirli mühitlərlə məhdudlaşmır; bu, qlobal sosial və iqtisadi inkişaf problemidir. Bu problemdən təsirlənən uşaqların çoxu dünyanın ən çox əhalisi olan ölkələrində cəmləşib.

Hesabatda Çin, Hindistan və ABŞ-də piylənmə problemi ilə yaşayan on milyonlarla uşağın olduğu bildirilir. Qeyd olunur ki, yüksək bədən kütlə indeksinə (BKİ) malik 200 milyondan çox uşağın isə dünya üzrə cəmi on ölkədə cəmləşdiyi təxmin edilir.

Tədqiqatçılar xəbərdarlıq edirlər ki, bu tendensiya dünya üzrə səhiyyə sistemləri üçün uzunmüddətli nəticələrə səbəb olacaq. “Təcili tədbirlər görülməsə, artan piylənmə nisbəti səhiyyə sistemlərinə, icmalara və gələcək nəsillərə artan yük yaradacaq”, - deyə xəbərdarlıq edilir.

Hesabatda, həmçinin qeyd olunur ki, uşaqlarda piylənmə onların həyatının sonrakı dövrlərində qeyri-infeksion xəstəliklərin inkişaf riskini əhəmiyyətli dərəcədə artırır. “Uşaqlıq dövründə piylənmə bir çox hallarda yetkinlik yaşına çatana qədər davam edir, daha sonra diabet, ürək xəstəliyi və müəyyən xərçəng növləri kimi qeyri-infeksion xəstəliklərin riskini artırır”, - deyə əlavə edilib.

Səhiyyə mütəxəssisləri bildirirlər ki, mövcud tendensiyalar davam edərsə, 2040-cı ilə qədər 5-19 yaş arası ən azı 120 milyon uşaqda yüksək bədən kütlə indeksi ilə əlaqəli xroniki xəstəliklərin erkən əlamətləri inkişaf edə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
4
azertag.az

6Mənbələr