AZ

Nadir şahın tarixi portreti sənədlərin dili ilə XVIII əsr rus mənbələri Azərbaycan dilində

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 4 mart, AZƏRTAC

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri dosent Əkrəm Bağırovun hazırladığı “Nadir şah: Sənədlərin dili ilə tarixi portret” kitabı işıq üzü görüb. Kitabdakı mətnləri XVIII əsr rus dilindən Azərbaycan dilinə dosent Ə.Bağırov tərcümə edib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, layihənin rəhbəri, yeni nəşrin elmi redaktoru, tərtibçisi, giriş mətninin və elmi şərhlərin müəllifi tarix elmləri doktoru Nigar Gözəlovadır.

Kitab XVIII əsr tarixşünaslığının dərin, sistemli və konseptual təhlilini təqdim edir. Əsərdə Avropa və Rusiya mənbələri əsasında Nadir şahın obrazının formalaşma prosesi elmi ardıcıllıqla araşdırılır.

Diqqəti cəlb edən məqamlardan biri də budur ki, Nadir şah haqqında ilk irihəcmli tarixi tədqiqatlar və bioqrafik əsərlər hələ onun sağlığında - 1738-ci ildən etibarən meydana çıxıb. XVIII əsr boyunca demək olar ki, bütün Avropa ölkələrində və Rusiyada bu böyük sərkərdə haqqında silsilə əsərlər çap olunub. Onun şəxsiyyətinin və hərbi-siyasi fəaliyyətinin miqyası müasirlərini o qədər heyrətləndirib ki, Nadir şah artıq öz dövründə Avropa intellektual məkanının diqqət mərkəzinə çevrilib.

“Nadir şah: Sənədlərin dili ilə tarixi portret” adlı kitab çoxcildli nəşrin ilk hissəsidir. Nəşrin əsas elmi yeniliyi Azərbaycan tarixşünaslığında ilk dəfə XVIII əsrə aid iki mühüm rus diplomatik mənbənin - arxiv sənədlərinin elmi dövriyyəyə daxil edilməsi, Azərbaycan dilinə tərcümə olunması, geniş elmi şərhlərlə və orijinal mətnlə birlikdə çap edilməsidir. Bu mənbələr Əfşar dövlətinin daxili siyasi mexanizmlərini, saray çəkişmələrini və hakimiyyət uğrunda mübarizəni birbaşa müşahidələr əsasında işiqlandıraraq dövrün hadisələrinə yeni baxış imkanı yaradır.

Nəşr Nadir şah Əfşarın siyasi irsinin obyektiv şəkildə öyrənilməsi üçün etibarlı mənbə bazası formalaşdırmaqla yanaşı, Şərq-Qərb münasibətlərinin tarixşünaslıq aspektlərinin araşdırılması baxımından da elmi töhfə kimi dəyərləndirilə bilər.

Qeyd edək ki, kitab 1736-cı ildə Muğan düzünün Suqovuşan ərazisində keçirilmiş və Qızılbaş dövlətçiliyinin XVIII əsr siyasi tarixində mühüm yer tutan qurultayın 290 illiyinə həsr olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
1
azertag.az

2Mənbələr