Bu gün bir çox insan güzgüyə baxanda olmaq istədiyi bədənlə hazırkı görünüşü arasında səssiz bir mübarizə yaşayır. Sosial mediada təqdim olunan "ideal bədən" obrazı isə bəzilərini daha sürətli və asan həll yollarına - arıqlama iynələrinə yönləndirir. Ancaq hər qısa yolun gizli bir bədəli var.
Day.Az xəbər verir ki, arıqlama iynələri əslində bağırsaqlarda təbii ifraz olunan GLP-1 hormonunun sintetik analoqlarıdır. Onlar beyində toxluq siqnalını gücləndirir, iştahanı azaldır və mədə boşalmasını ləngidərək uzunmüddətli doyma hissi yaradır. Nəticədə çəki azalır. Bu preparatlar bəzi hallarda insulin dirənci, ürək-damar, böyrək və yağlı qaraciyər xəstəliklərində də istifadə olunur.
Mədə boşalmasının ləngiməsi qidanın mədədən bağırsağa keçmə sürətini azaldır və insanın daha tez və daha uzun müddət tox qalmasına səbəb olur. Lakin mütəxəssislər bildirirlər ki, həyat tərzi dəyişmədən yalnız bu preparatlara güvənmək uzunmüddətli həll deyil. Məsələn, 3-6 ay istifadə nəticəsində 10-15 kilo çəki itirmək mümkün olsa da, preparat dayandırıldıqdan sonra verilən kiloların geri qayıtma ehtimalı yüksəkdir. Burada əsas sual isə itirilən çəkinin tərkibidir: yağ itkisi baş verib, yoxsa əzələ itkisi? Çünki əzələ kütləsinin azalması xüsusilə 40 yaşdan yuxarı şəxslərdə sağlamlıq üçün ciddi risk hesab olunur.
Lakin bütün dərmanlarda olduğu kimi, bunların da əks göstərişləri və yan təsirləri var. Qalxanabənzər vəzin medulyar xərçəngi, kəskin pankreatit, öd daşı xəstəliyi və bəzi laborator göstəricilərin yüksək olduğu hallarda istifadəsi tövsiyə edilmir. Ən çox rast gəlinən yan təsirlər isə ürəkbulanma, baş ağrısı, ishal və halsızlıqdır. Uzunmüddətli istifadənin potensial riskləri də nəzərə alınmalıdır.
Bu səbəbdən arıqlama iynələri yalnız həkim təyinatı və mütəmadi tibbi nəzarət altında istifadə olunmalıdır. Sağlam və davamlı nəticə isə düzgün qidalanma və həyat tərzi dəyişiklikləri ilə mümkündür. Unutmaq olmaz ki, əsl məqsəd sadəcə çəki itirmək deyil, sağlamlığı qorumaqdır.
Elcan Turan
Day.Az