AZ

“İlk iki həftə İran üçün kritik dövrdür, iqtisadi böhran baş verərsə...” Fərid Şəfiyevlə müsahibə

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

Globalinfo.az Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevlə müsahibəni təqdim edir:

– Fərid bəy, ABŞ və İsrailin İrana hücumu və İranın cavab olaraq Təl-Əvivə, regiondakı ABŞ hərbi bazalarına ardıcıl zərbələr endirməsi fonunda yaranmış vəziyyəti necə xarakterizə edərdiniz?

– Hesab edirəm ki, bu gözlənilən bir hadisə idi. ABŞ və İsrail buna hazırlaşırdılar. Görünən odur ki, Vaşinqton və Təl-Əviv keçən il aparılan 12 günlük kampaniya zamanı tam hədəflərinə nail ola bilməyiblər.

ABŞ və İran arasında danışıqlarda dörd əsas mövzu var idi: nüvə silahı və proqramı, bundan irəli gələn uranın zənginləşdirilməsi, raket proqramı və proksilər. Tərəflər arasında danışıqlar zamanı son mərhələdə yalnız proksilər ilə bağlı razılıq əldə edilirdi, digər üç məsələ ilə bağlı konsensus əldə edilə bilmədi. Ona görə də, ABŞ İsrailin təhriki ilə belə bir əməliyyata başladı.

İran isə öz növbəsində məsələləri həll etmirdi və beləcə vaxt uzadırdı. 10–15 ildir ki, əslində bu motivdə danışıqlar aparılırdı. Barak Obama administrasiyası ilə müəyyən razılıq əldə edilsə də, Donald Tramp bunu ləğv etdi. Danışıqlar yenidən başladı, amma İran məsələləri köklü şəkildə həll etmirdi. Hiss olunurdu ki, ABŞ da məsələləri diplomatik yolla həll etmək istəyirdi, amma sonda İsrailin mövqeyi daha güclü çıxdı. Bundan sonra hadisələrin necə inkişaf edəcəyini demək çətindir.

Donald Tramp bu yaxınlarda elan etdi ki, əməliyyatlar 4–5 həftə davam edəcək və İranın əsas hərbi strukturu hədəfdir. Görürük ki, əməliyyatlarla strukturlar darmadağın edilir. Lakin nə dərəcədə müvəffəq olunacağı sual altındadır. İran da artıq keçən ildən müəyyən hazırlıq görülüb. İranın taktikasına görə proses uzadılır. Ümumiyyətlə, İranda mozaik bir hərbi struktur yaradılıb və müstəqil şəkildə bəzi əyalətlərdə hərbi komandanlar öz qərarlarını verə bilirlər.

Digər tərəfdən, biz görürük ki, İran ərəb ölkələrini də hədəf alıb. Bu ölkələrdə olan ABŞ hərbi bazaları əsas hədəf kimi vurulsa da, mülki obyektlərə də zərbələr endirilir. Buradakı əsas məqsəd həmin ölkələrdə ABŞ və İsrailə qarşı narazılığı artırmaqdır. Lakin bunu ümumi mənada uğurlu bir taktika hesab etmək çətindir.

28 fevraldan öncə bəzi ərəb ölkələri çalışırdı ki, məsələ diplomatik yolla həll olunsun. Bundan sonra nə olacağı indidən demək çətindir. Mən belə başa düşürəm ki, proses təxminən bir ay davam edəcək.

– Oman vasitəçiliyi ilə Maskatda, daha sonra Cenevrədə keçirilən danışıqlarda ilkin mərhələdə pozitiv mesajlar səslənirdi. Sizcə, hansı məqamda proses qırıldı və diplomatiyanın yerini hərbi əməliyyatlar aldı? ABŞ və İsrailin hücum qərarının arxasında hansı əsas faktorlar dayanırdı?

– The Wall Street Journalda belə bir məlumat yer almışdı ki, sonuncu danışıqlar çox gərgin keçib. ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffun dediklərinə görə, İran hətta hədələyib ki, “bizdə 60% yaxın zənginləşdirilmiş uran var və biz bu yaxınlarda 11 bomba hazırlaya bilərik”. Bundan sonra danışıqların mənası qalmadı. Qeyd edim ki, bu, qəzetin məlumatıdır.

Belə başa düşürəm ki, İran bu məsələni maksimum dərəcədə təxirə salmaq çalışırdı. İsrail isə istəyirdi ki, məsələ hərbi yolla həll olunsun. ABŞ-a gəlincə, iki mövqeyin arasında qalmışdı. Nəticə etibarilə, Donald Tramp İsraili dəstəklədi.

– Fərid bəy, D.Trampın İsraili dəstəkləməsi və İrana hücuma başlaması ilə bağlı qeyri-adi iddialar səslənir. Belə ki, “Epşteyn işi” ilə bağlı bir müddət əvvəl müəyyən sənədlərin ictimailəşdirilməsindən qısa müddət sonra Vaşinqtonun Yaxın Şərqdə hərbi qərarları sərtləşdi. Bəzi iddialara görə, İsrail rəhbərliyi və xüsusi xidmət orqanları ABŞ siyasi rəhbərliyinə qarşı kompromat imkanlarından istifadə edərək İranla bağlı qərarlara təsir göstərdi. Sizcə, bu cür ssenarilər real geosiyasi praktikada mümkündür?

– Mən bunu daha çox konspiroloji yanaşma kimi görürəm. İndiki dövrdə belə məsələlərdə konspiroloji nəzəriyyələr çox yayılıb. Bənzər iddialar Rusiya–Ukrayna müharibəsi ilə bağlı da səslənir.

Təbii ki, Epşteyn qalmaqalı göstərir ki, ABŞ elitası onunla müəyyən əlaqələrdə olub. Lakin konkret kimlərin nə etdiyi barədə söz demək çətindir. Misal üçün, bəzi şəxslər yalnız Epşteyn ilə yazışıb və ya telefonla danışıb, amma bu o demək deyil ki, həmin şəxslər olaylara birbaşa qarışıb.

Vacib məqam ondan ibarətdir ki, faylların hamısı ABŞ-da saxlanılır və hüquq sistemi bu məsələ ilə bağlı araşdırmalar aparır, nəzarət edir. Ola bilər ki, bir sıra həssas məlumatlar hələ mövcuddur, amma aşkar edilməyib.

Yaxın Şərqdə İran ətrafında baş verən prosesləri və müharibəni Epşteyn qalmaqalı ilə birbaşa bağlamaq düzgün deyil. Bu məsələ 10–15 ildir gündəmdədir və hansısa nəticəyə gəlmək daha çox geosiyasi səbəblərlə izah olunur. Mən İranla gedən müharibə ilə bu olay arasında əlaqə olduğunu düşünmürəm.

– Hərbi əməliyyatlar nəticəsində İranın bir sıra yüksək rütbəli hərbi və siyasi fiqurları, o cümlədən Ali Rəhbər Əli Xamenei həlak oldu. Lakin Vaşinqtonun gözləntilərinin əksinə olaraq, ölkə daxilində nə kütləvi üsyan baş verdi, nə də siyasi sistem çökdü. ABŞ bundan sonra diplomatik kanallara qayıda bilər? Sizcə, İranın yeni ali rəhbəri kim olacaq?

– İranın yeni ali rəhbərinin kimliyi ilə bağlı bir neçə namizədin adı çəkilir. O cümlədən Ayətullah Əli Xameneinin oğlu Müctəba Xameneinin və keçmiş ali rəhbər Ruhullah Xomeyninin nəvəsi Həsən Xomeyninin adları hallanır. Üçüncü diqqət çəkən şəxs isə Sadiq Laricanidir. Bu şəxs Əli Laricaninin qardaşıdır.

Əli Laricaninin nüfuzu və siyasi çəkisi çox olsa da, dini dərəcəsi yoxdur. Ona görə də onun ali rəhbər olması mümkün deyil. Amma qardaşı Sadiq Laricaninin dini dərəcəsi olduğundan, onun namizədliyi müzakirə edilir. Lakin başqa adlar da gündəmdədir.

O ki qaldı İran sisteminin Əli Xameneinin ölümünə rəğmən ayaqda qalmasına və çökməməsinə, bu, gözlənilən idi. Xüsusilə iyun hadisələrindən sonra İran bu prosesə hazırlaşırdı. Hətta yanvar hadisələri zamanı İranda gərginlik yarananda Əli Xamenei ölümə hazırlaşırdı və müəyyən tapşırıqlar da vermişdi. Yəni idarəetməni qeyri-mərkəzləşmiş formada aparmaq niyyətində idilər. Hazırda proses müəyyən mənada həmin istiqamətə doğru gedir. Lakin mən yenə də bir qədər gözləməyi məqsədəuyğun hesab edərdim.

Misal üçün, İraqa müdaxilə zamanı Səddam Hüseyn iki həftə müqavimət göstərdi. İki həftədən sonra müqavimət sarsıldı və o, məğlub oldu. Düzdür, İraqla İranı müqayisə etmək düzgün deyil, çünki İranın müəyyən dərəcədə tarixi təcrübəsi və dövlətçilik ənənəsi var. İraq isə süni şəkildə yaradılmış bir ölkədir; Sykes–Picot sazişindən sonra Böyük Britaniya və Fransa regionu bölüşdürərək bu ölkəni formalaşdırıb. Ona görə İranın təcrübəsi daha çoxdur. Yenə də 1–2 həftədən sonra nə baş verəcəyini demək çətindir. İlk iki həftə kritik müddətdir.

Hesab edirəm ki, burada əsas məsələ iqtisadi vəziyyətdir. Əgər bu hadisələr fonunda İranda ciddi iqtisadi böhran baş versə, hökumətin prosesə nə dərəcədə nəzarət edə biləcəyi sual altında qala bilər.

– İranın Qətər, Küveyt, Bəhreyn və Oman kimi Körfəz ölkələrində yerləşən ABŞ bazalarını hədəfə alması hansı strateji məqsədə xidmət edir? Bu, çəkindirici mesajdır, yoxsa müharibəni region miqyasında genişləndirmək riski daşıyır?

– Qətər təbii qazın ixracını dayandırıb. Bundan başqa, Hörmüz boğazında vəziyyət çox gərgindir. Əlbəttə, regiondakı bu vəziyyət və İranın həmin ölkələrə hücumları neft və qaz qiymətlərinə təsir göstərəcək. Artıq, səhv etmirəmsə, qiymətlərdə təxminən 10 faiz artım var.

İkinci məqsəd isə bu ölkələrdə əhalinin narazılığına səbəb olmaqdır. İran bu ölkələrə zərbələr endirməklə faktiki olaraq yerli əhalinin ABŞ və İsrailə qarşı çıxmasını istəyir. Hətta Tehranda hesab edirlər ki, həmin ölkələr ABŞ-a təzyiq göstərə bilər.

Hazırda nəqliyyat və enerji nəqlində ciddi böhran yaranıb. Hesab edirəm ki, bu da əvvəlcədən nəzərdə tutulan məqsədlərdən biridir. Yəni İran mesaj verir ki, yaranmış xaos və böhranın səbəbkarı ABŞ və İsraildir.

– İranın Hörmüz boğazını bağlaması qlobal enerji bazarına hansı təsirləri göstərə bilər? Neft qiymətləri, dünya ticarəti və region ölkələrinin iqtisadi sabitliyi baxımından mümkün ssenarilər nələrdir?

– Burada əsas ehtimal odur ki, qiymətlər qalxacaq. ABŞ müəyyən qədər Venesuela neftinə nəzarət edir və həmin resurslar hesabına boşluğu doldura bilər. Oxuduğum bəzi mənbələrdə ümumi yanaşma belədir ki, neftin qiyməti 100 dolları aşmamalıdır.

Noyabr ayında ABŞ-da Konqresə seçkilər olacaq. Həmin seçkilərə qədər iqtisadi vəziyyət pisləşərsə, bu, Trampa və onun partiyasına mənfi təsir göstərəcək. Ona görə də İranla bağlı kampaniyanın bir ay ərzində tamamlanması istənilir. Eyni zamanda, neft qiymətlərinə nəzarət etmək məqsədilə də bu müddət seçilib.

Siyasətçilər bir çox hallarda hadisələri proqnozlaşdırırlar, lakin proseslər fərqli istiqamətdə inkişaf edə bilər. Ukrayna müharibəsinin də qısa zamanda bitəcəyi gözlənilirdi, lakin artıq dördüncü il tamam olur. Mən düşünmürəm ki, İranla bağlı məsələ dörd il davam etsin, amma prosesin uzanması mümkündür.

– ABŞ-ın müharibə xərclərini Körfəz ölkələri ilə bölüşdürərək atəşkəsə nail olmağa çalışması ehtimalı nə dərəcədə realdır? Vaşinqtonun əvvəlki münaqişələrdə oxşar modeli tətbiq etməsi təcrübəsi varmı?

– 1990-cı illərdən bu günə qədər demək olar ki, hər bir ABŞ prezidenti hakimiyyətə gələrkən müharibə etməyəcəyini, sülh tərəfdarı olduğunu bəyan edib. Bill Klinton dövründə 1995-ci ildə Bosniya, 1999-cu ildə isə Kosovo münaqişələri baş verdi. Corc Buşun vaxtında ABŞ Əfqanıstanda müharibəyə qoşuldu. Barak Obama isə Liviya müharibəsinə fokuslandı.

Donald Trampın əsas şüarlarından biri o idi ki, ABŞ artıq dünya jandarmı deyil və hər kəs öz yolu ilə getməlidir. Yəni ABŞ yeni müharibələrə başlamamalı idi. Lakin o da bu mövqeyini tam qoruya bilmədi və İranla müharibə başladı. Hazırda isə ciddi narazılıq mövcuddur. Onun “ABŞ-ı zəngin ölkəyə çevirmək” şüarı bu vəziyyətdə uğurlu olmayacaq.

Trampın digər məqsədlərindən biri xərcləri azaltmaqdır. Ukrayna ilə bağlı davranışlarının səbəbi də məhz budur. Faktiki olaraq yeni dövlət büdcəsində hərbi xərclər bir trilyon dollara çatır. Müqayisə üçün deyim ki, bu məbləğ Rusiya, Çin və bir sıra digər ölkələrin ümumi hərbi xərclərindən daha çoxdur.

ABŞ hegemon ölkədir və hegemon olaraq qalmaq istəyir. Xərclərin kimin tərəfindən ödənilməsinə gəldikdə, ərəb ölkələri müəyyən qədər ABŞ-dan silah və hava hücumundan müdafiə sistemləri alaraq bu yükü paylaşırlar. Lakin ABŞ-ın ümumi xərclərini faktiki olaraq “biz” – yəni dünya istehlakçıları – ödəyirik. ABŞ-a vəsait lazım olduqda dollar emissiyası həyata keçirilir. Müqayisə üçün, Fransa və ya Azərbaycan bu cür addım atsa, inflyasiya yaranar və bunun təsirini birbaşa həmin ölkələrin vətəndaşları hiss edər.

ABŞ-da isə inflyasiyanın təsirinin bir hissəsi qlobal səviyyədə yayılır. Çünki dünya ölkələri dollar ehtiyatları saxlayır, insanlar isə yığımlarını dollarla formalaşdırır.

Ümumiyyətlə, iqtisadi qeyri-müəyyənlik dövründə insanlar ya qızıl, ya da etibarlı valyuta alırlar. Qızıl bazarı məhduddur, xarici valyutaya isə çıxış daha asandır. Məsələn, Azərbaycanda 1990-cı illərdə inflyasiya dövründə insanlar dollara üstünlük verirdilər. Bu gün də müəyyən hallarda belə meyl müşahidə olunur.

Yəni nəticə etibarilə, ABŞ-a dollar lazım olduqda onu emissiya edir və dünya bazarları bu valyutanı qəbul edir. Beləliklə, ABŞ-ın xərclərinin bir hissəsi qlobal iqtisadi sistem vasitəsilə dünya ölkələrinin sakinləri tərəfindən qarşılanır.

– Türkiyənin məsələyə yanaşması da diqqət çəkir. Ankara balanslı mövqe nümayiş etdirir. Maraqlıdır ki, İranın regionda zərbə endirmədiyi nadir ölkələrdən biri də məhz Türkiyədir. Türkiyənin bu mövqeyini necə qiymətləndirirsiniz?

(Davamı var)

Söhbətləşdi: Turan Rzayev

Fotolar: İntiqam Əhmədov

Globalinfo.az

PreviousNext

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
68
1
globalinfo.az

2Mənbələr