Azərbaycanın qadın basketbolçulardan ibarət U-16 və U-18 yığmaları Türkiyənin Ankara şəhərində keçirilən hazırlıq prosesini yekunlaşdırıblar.
Offsideplus.az xəbər verir ki, təlim-məşq toplanışı çərçivəsində komandalarımız Türkiyənin yerli klubları ilə qarşılaşıblar. U-18 millisi 6, U-16 yığması isə ümumilikdə 7 yoldaşlıq matçında qüvvəsini sınayıb.
Baş məşqçi Evren Alkaya hazırlıqların səmərəli keçdiyini vurğulayıb. O qeyd edib ki, güclü rəqiblərlə oyunlar basketbolçuların təcrübə toplaması üçün əhəmiyyətli olub. Məşqçi U-18-in stabil oyununu, U-16-nın isə böyük praktika qazandığını xüsusi qeyd edib.
Bu toplanış yayda baş tutacaq FİBA turnirlərinə hazırlıq məqsədi daşıyır.
Qadınlardan ibarət əsas yığmamız mart ayında DÇ-2026 və "EuroBasket-2027"nin seçmə oyunlarına çıxacaq.
Bolqarıstan və Monteneqro ilə səfər oyunlarından sonra, millimiz martın 17-də, saat 19:00-da Bakı İdman Sarayında Ukrayna seçməsini sınağa çəkəcək.