AZ

Aprelə qədər vaxt: müharibə uzansa, inflyasiya artacaq XƏBƏRDARLIQ

 

Yaxın Şərqdə yenidən alovlanan hərbi gərginlik qlobal enerji bazarlarını silkələyib. ABŞ və İsrailin İrana yönəlmiş zərbələri, eləcə də Tehranın cavab addımları neft bazarında təkliflə bağlı narahatlıqları artıraraq qiymətlərin sürətlə yüksəlməsinə səbəb olub. Geosiyasi risklərin artması fonunda investorlar və enerji treyderləri mümkün tədarük kəsintilərini qiymətləndirməyə başlayıblar ki, bu da qısa müddətdə kotirovkalara ciddi təsir göstərib.

Məhz bu kontekstdə ABŞ Prezidenti Donald Trump Almaniya Kansleri Fridrix Merz ilə Oval Ofisdə keçirdiyi görüş zamanı neft bazarındakı vəziyyətə münasibət bildirib. Tramp qiymət artımının müvəqqəti xarakter daşıdığını vurğulayaraq qeyd edib ki, proses başa çatdıqdan sonra neft yenidən ucuzlaşacaq, hətta əvvəlki səviyyədən də aşağı enə bilər.

Merz isə yaranmış vəziyyətin Avropa iqtisadiyyatına mənfi təsir göstərdiyini açıq şəkildə etiraf edib. Onun sözlərinə görə, artım təkcə xam neftlə məhdudlaşmır, eyni zamanda benzin qiymətlərinə də təsir edir və bu səbəbdən müharibənin mümkün qədər tez başa çatması arzuolunandır.

Hərbi eskalasiyanın ilk təsiri olaraq “Brent” markalı neftin bir bareli 85 dolları ötüb. Paralel olaraq Azərbaycan neftinin qiymətində də artım qeydə alınıb. Dünya bazarında “Azeri Light” markalı xam neftin bir bareli 6,56 dollar və ya 8,2 faiz bahalaşaraq 86,16 dollar təşkil edib. Bu dinamika göstərir ki, regionda baş verən hadisələr təkcə siyasi deyil, həm də ciddi iqtisadi nəticələr doğurur.

İqtisadçı Eldəniz Əmirov Musavat.com-a açıqlamasında bildirib ki, bu proses müvəqqəti xarakter daşıyır: “Kifayət qədər açıq dənizdə – həm Hind okeanında, həm də Atlantika okeanında – müharibə başlamadan əvvəl dolmuş tankerlər var. Yəni onlar dolu şəkildə ya gözləmə mövqeyindədir, ya da müəyyən istiqamətlərə doğru hərəkətdədirlər.

Buna görə də müharibə bir neçə həftə ərzində başa çatacağı təqdirdə proseslərin geri dönüşü və qiymətlərin sabitləşməsi çox asan olacaqdır. Amma müharibə apreldə də davam edərsə, artıq bu, ciddi fəsadlar yaradacaqdır”.

Ekspertin sözlərinə görə, müharibənin hər ay davam etməsi qlobal inflyasiyaya təxminən 0,5 faiz bəndi təsir göstərə bilər: “Amma bu, mövcud səviyyə qorunarsa keçərlidir. Məsələn, mart ayı ərzində müharibə bu səviyyədə davam edərsə və Hörmüz boğazında problemlər yaşanarsa, proqnozlaşdırılan inflyasiya göstəricilərinin üzərinə əlavə 0,5 faiz bəndi gələcək. Amma apreldə də davam edərsə, yəni iki ay ardıcıl davamlı eskalasiya olarsa, artım hətta 1 faizə qədər çata bilər.

Hörmüz boğazı iki ay ərzində bağlanarsa, qlobal iqtisadiyyatda inflyasiyanın 1 faiz bəndi artması real görünür. Amma təbii ki, bunun ehtimalı çox aşağıdır. Qarşıdakı ayda neft qiymətlərinin yenidən stabilləşəcəyi və aşağı enəcəyi gözlənilir”.

Eldəniz Əmirov diqqətə çatdırır ki, yaranmış vəziyyətin başqa tərəfi də var və bu, ABŞ üçün iqtisadi fürsətlər yaradır: “Hörmüz boğazının bağlanması və burada yaşanan münaqişə körfəz ölkələrinin LNG ixracını əngəlləyə bilər. O cümlədən Qətərin LNG qaz istehsal edən zavodlarının fəaliyyətində məhdudiyyətlər yaranarsa, nəticə etibarilə ABŞ istehsalçı subyektlərinə Avropada bazar paylarını artırmaq imkanı verəcək. Bu kontekstdə müharibənin enerji bazarında ABŞ ixracatçıları üçün də müəyyən faydası var”.


Afaq Mirayiq,

Musavat.com

Seçilən
14
musavat.com

1Mənbələr