AZ

Uğurlarımızı həzm edə bilməyənlər kimlərdir?..

Ötən ilin avqust ayındakı Vaşinqton təmaslarından sonra Azərbaycanla Ermənistan arasında sülh və əmin-amanlığın bərqərar olması üçün əlverişli şərait formalaşıb. Hazırda tərəflər arasında qarşılıqlı inama söykənən bir mühit yaranmaqdadır. Belə ki, son aylar Azərbaycan Qazaxıstandan və Rusiyadan Ermənistana yüklərin daşınması ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırıb. Bundan əlavə, Azərbaycan Ermənistana neft məhsullarının təchizatına başlayıb.  Bütün bunlar o deməkdir ki, artıq Ermənistana dəmir yolu və kommunikasiya xətlərinin açılması praktik icraya keçib. Üstəlik, Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri arasında ikitərəfli görüşlər keçirilib və bu proses davam etdirilməkdədir. Bu gün Azərbaycanla Ermənistan qarşılıqlı etimad mühitinü də formalaşdırırlar. Bir sözlə, nəticələr göz önündədir. Hətta baş nazıri Nikol Paşinyan bu günlərdə deyib ki, sülh artıq Ermənistanın iqtisadi, sosial və ictimai həyatına çox müsbət təsir göstərir. O, həmçinin bu prosesin siyasi missiyanın bir hissəsi olduğunu və sülhün qorunmasında Ermənistanda, eləcə də Azərbaycanda güclü iradənin mövcudluğunu vurğulayıb. Onun fikrincə, sülhü möhkəmləndirmək üçün atılan hər bir addım, o cümlədən “Tramp yolu" çərçivəsində Azərbaycanla kommunikasiyaların açılması, Ermənistanın yaşamaq və var olmaq üçün yeganə çıxış yoludur. Bu mənada demək olar ki, son aylarda cərəyan edən proseslər sülh marafonunun yeni və ümidverici mərhələyə qədəm qoyduğunu bir daha sübut edir.

Amma son günlər baş verənlər göstərir ki, Azərbaycanın bu siyasətini erməni diaporunun hökmranlıq etdiyi bəzi xarici mərkəzlər hələ də həzm edə bilmirlər. Odur ki, Cənubi Qafqazda sülhün bərqərar olmasını istəməyən bu qüvvələr təxribatçı əməllərə əl atırlar. Onlar öz niyyətlərini gerçəkləşdirmək məqsədi ilə tarixin arxivinə gömülmüş separatçılığı yenidən gündəmə gətirməyə çalışırlar. Bununla da Ermənistandakı revanşistlərə dəstək nümayiş etdirirlər. Halbuki Ermənistan belə münaqişənin cəhənnəmə vasil olduğunu 6  ildir ki, etiraf edir. Hətta vaxtilə açıq şəkildə işğalçı Ermənistanı dəstəkləyən, separatçı rejimə legitimlik qazandırmaq üçün bütün vasitələrə baş vuran ölkə və təşkilatlar belə bu reallıqlarla barışıblar. Görünür, onların məqsədi Ermənistanı əbədi blokada vəziyyətində saxlamaq, bu ölkəni girdaba sürükləməkdır. Buna son günlər gündəmdə olan Böyük Britaniyanın İcmalar Palatasındakı dinləmələrini, həmçinin hüquqi baxımdan beynəlxalq müstəvidə tərəfsiz dövlət kimi tanınan, amma Azərbaycana münasibətdə bu məramını unudan İsveçrənin bəzi dairələrindəki anti-Azərbaycan təşəbbüslərini misal göstərmək olar. Xatırladaq ki, Böyük Britaniya parlamentinin bir sıra üzvləri, həmçinin İsveçrənin bəzi dairələri Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı açıq hörmətsizlik göstərir, yoxlanılmamış və təsdiqlənməmiş, saxta məlumatlar əsasında ölkəmizə qarşı siyasi kampaniyalar aparırlar.  Özü də “Dağlıq Qarabağ” ifadəsindən tez-tez istifadə edirlər. Halbuki Azərbaycanda “Dağlıq Qarabağ” adlı ərazi vahidi yoxdur. Qarabağ bölgəsi Azərbaycanın suveren ərazisidir və bu, beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə tanınır.  Bu səbəbdən onların “Dağlıq Qarabağ” termini, erməni irsi barədə səsləndirdikləri iddialar hüquqi və tarixi baxımdan yolverilməzdir.

Onlar hələ də anlamırlar ki, belə həssas dönəmdə bu kimi addımlar Cənubi Qafqazda sülh quruculuğuna ciddi maneədir. Amma onlar unutmasınlar ki, artıq Cənubi Qafqazda onilliklər boyu davam edən münaqişə ocağını söndürən, dünyada etibarlı tərəfdaş kimi tanınan, söz sahibi olan Azərbaycanın bölgədə yaratdığı yeni reallığı dəyişmək mümkün deyil. Bu ölkə Prezident İlham Əliyevin müəyyənləşdirdiyi yolla gələcəyə doğru inamla addımlamaqdadır. Xocalı Memorialının açılışında dövlətimizin başçısının dediyi kimi:  "…bu gün Azərbaycan dövləti o qədər güclüdür ki, heç kimin ağlına bizə qarşı hər hansı bir təxribat törətmək gəlməsin. Artıq Azərbaycan 1992-ci ilin Azərbaycanı deyil”. 

Qvami Məhəbbətoğlu, “İki sahil”

Seçilən
38
ikisahil.az

1Mənbələr