AZ

Gənclər ölkəni nə üçün TƏRK EDİR? – ŞOK DETALLAR

Son illərdə Azərbaycanda cavanlar arasında ölkədən getmə meyli diqqət çəkir. Təhsil, karyera imkanları və gələcək perspektivlərinə görə xaricdə yaşamaq arzusunda olan gənclərin sayı artır. Eyni zamanda startap və yaradıcı sahələrdə iş imkanlarının artırılması, gənclərin ölkədə qalmasını təşviq edə biləcək potensial addımlardan biridir. Bu baxımdan, ölkədən köçün qarşısını almaq üçün dövlətin konkret proqramları, startap və yaradıcı sahələrə dəstək planları və gənclərin gələcək qorxusu ilə bağlı aparılmış araşdırmalar mühüm əhəmiyyət daşıyır.

Sizcə, hansı addımlar gənclərin ölkədə qalmasını və ailə, karyera, imkanlarını təmin edə bilər? Bu yöndə hansı təklifləriniz olardı?

Akif Nağı

Mövcud problemlə bağlı KONKRET.az-a açıqlama verən Azad Vətən Partiyasının sədri Akif Nağı bildirib ki, gənclərin başqa ölkələrə həm təhsil dalınca getmələri, həm də orada qalıb iş qurmaları təbii bir prosesdir.

Akif Nağının sözlərinə görə, bu, təkcə Azərbaycana aid deyil, dünyada belə proseslər özünü göstərir. Hətta inkişaf etmiş ölkələrdə gənclər özlərini axtarmaq adı altında başqa ölkələrə gedirlər. Həmin ölkələrdə nələrsə qurmağa, yaratmağa, təməlini qoymağa çalışırlar.

“Bu, gənclərə xas xüsusiyyətidir. Onlar özlərini təsdiq etmək istəyir. Gənclərimiz xaricə təhsil almaq niyyəti ilə getdikdə, geri qayıtmaq prosesində problemləri var. Biz bununla bağlı düşünməliyik. Çünki gənclərimizə öz ölkəmizdə təhsil alıb iş qurmaqları ilə bağlı şərait yaradılmalıdır. Hesab edirəm ki, bu, ən vacib məsələlərdən biridir. Əgər burada yaşayırlarsa, öz imkanlarını, istəklərini həyata keçirmək şəraiti də olmalıdır. Bu baxımdan da dövlət proqramları olmalıdır və var. Sadəcə olaraq praktikada həyata keçirilməlidir. Müəyyən nazirliklər, digər qurumlar var ki, onlar bu məsələ ilə məşğul olmalıdırlar. Gənclərin normal gəlirləri olmalı, yaşayış təyin etməli, istədiyi vaxtda ev də, maşın da ala bilməlidir. Bunlar hamısı gənclərin əhval-ruhiyyəsinə təsir edən amillərdir, – deyə Akif Nağı qeyd edib.

Gənclərin əksəriyyətinin xaricdə adi işlərlə məşğul olduğunu deyən Akif Nağı vurğulayıb:

“Amma xaricdə yaxşı pul qazandıqlarına görə, həyatlarını orada qururlar. Onu burada da təmin etmək olar. Digər tərəfdən isə insanların bəziləri beynəlxalq aləmə can atırlar. Bu da yaxşı xüsusiyyətdir. Gənclərimiz özlərini inkişaf etmiş ölkələrdə arzularını reallaşdırmağa çalışırlarsa, burada təhlükəli bir şey yoxdur. Onlar orada rəqabətin daha kəskin olduğu bir mühit axtarırlar”.

“Müəyyən sorğular keçirilməli, sosial proqramlar hazırlanmalıdır ki, vəziyyət öyrənilsin və vəziyyətə uyğun dövlət səviyyəsində addımlar atılsın. Vətəndaş cəmiyyətləri, qurumlar, partiyalar, və QHT-lər bunun üzərində düşünməlidirlər. Partiya sədri kimi deyə bilərəm ki, gənclərin siyasi fəaliyyətə maraqları o qədər də güclü deyil. Onlar siyasi karyera yox, daha çox biznes karyerası düşünürlər. Ona görə də partiyalar arasında daha geniş dialoq və rəqabət mühiti olmalıdır”, — deyə A. Nağı təkliflər irəli sürüb.

“Qloballaşma prosesidir. Bu gün artıq millətlərarası nikahlar çox geniş yayılıb. Əvvəllər bu, sensasiya hesab olunurdu amma indi adi hal alıb. Bütün dünyada gedən bu prosesdə əsas odur ki, azərbaycanlı gənclər özlərinin milli mentalitetini itirməsinlər. Dünyada ailəsizləşmə prosesi gedir. Bu, mənfi bir tendensiyadır. Bəşəriyyətin mövcud olması üçün hər bir insanın üzərinə məsuliyyət düşür. Ailə ona görə qurulur ki, insna övladı yaşasın. Eyni zamanda, ailələr uşaqlarını saxlaya bilməsi üçün dövlət tərəfindən qayğı olmalıdır. Uşaq pulu, sosial dəstək məsələləri Azərbaycanda gündəmə gəlməlidir ki, gənc ailə qurmaqda ailə saxlamaqda maraqlı olsunlar. Belə olanda, uşaqları böyüməkdə çətinlik olmayacaq. Bu gün ən böyük problemlərdən biri evlənməməkdir. Evlənənlər də çalışırlar ki, uşaqları olmasın. Yaxud da 1-2 uşaqdan o tərəfə keçmirlər. Dövlət səviyyəsində gənclərə, ailələrə hərtərəfli dəstək olmalıdır”, deyən partiya sədri sonda vurğulayıb.

Dəniz Pənahova
KONKRET.az

Seçilən
132
1
konkret.az

2Mənbələr