Bölgədə hərbi eskalasiya başladığı gündən etibarən ölkənin səfirlik və baş konsulluqları fəaliyyətini gücləndirilmiş rejimdə davam etdirir və vətəndaşlara dəstək tədbirləri görülür.Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Yaxın Şərq regionunda vətəndaşların təxliyyəsi ilə bağlı yerli mətbuatın sualına cavabında deyib.
XİN rəsmisi qeyd edib ki,indiyə qədər, bir nəfər istisna olmaqla vətəndaşlarımız arasında xəsarət alan olmayıb.
Vətəndaşların təxliyyəsinə gəldikdə o, bildirib ki,bu gün Azərbaycan Hava Yollarına məxsus xüsusi təyyarə reysi ilə Səudiyyə Ərəbistanının Ciddə şəhərindən 193 nəfər Azərbaycan vətəndaşı, 9 nəfər Gürcüstan vətəndaşı olan azərbaycanlı və 5 nəfər Rusiya vətəndaşı olan azərbaycanlı təxliyyə olunub.
Bununla yanaşı, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yerləşən vətəndaşların müntəzəm reyslərlə ölkəmizə qayıdışı BƏƏ-nin aidiyyəti hava yolları tərəfindən həyata keçirilir. Dünən ümumilikdə 257 nəfər Azərbaycan vətəndaşı geri qayıdıb. Dubay şəhərindən bu gün 1, 5 mart tarixində isə 2 müntəzəm təyyarə reysi nəzərdə tutulub.
Hacızadə əlavə edib ki, Qətərdə olan təxminən 200 vətəndaşın təxliyəsi üçün xüsusi reysin təşkili üzərində iş gedir, lakin Qətər hava məkanının bağlı olması səbəbindən onların əvvəlcə Səudiyyə Ərəbistanı vasitəsilə çıxarılması nəzərdə tutulur.
XİN-in səyahət xəbərdarlığına istinadən, İran ərazisində olan azərbaycanlılar üçün İran-Azərbaycan və İran-Türkiyə quru sərhədlərindən istifadə olunur. İndiyədək 260 vətəndaş Azərbaycan sərhədindən keçib.
Nazirlik vətəndaşlardan təhlükəsizlik vəziyyətini diqqətlə izləməyi və yerli hakimiyyət orqanlarının tövsiyələrinə əməl etməyi xahiş edib.