AZ

İranda müharibə qlobal enerji bazarını alt-üst edir

Budapeşt, 4 mart, AZƏRTAC

İran ətrafında münaqişənin kəskinləşməsi dünya xammal və enerji bazarlarına təsir edən əsas amillərdən birinə çevrilib və həm iqtisadçılar, həm də maliyyə bazarlarının iştirakçıları arasında ciddi narahatlıq doğurur.

Bu barədə AZƏRTAC beynəlxalq mətbuatın icmalına istinadla xəbər verir. Belə ki, Macarıstanın “Index” nəşrinin analitik materialında Yaxın Şərqdə vəziyyətin inkişafının qlobal iqtisadiyyata, enerji daşıyıcılarının qiymətlərinə və Avropa ölkələrinin enerji təhlükəsizliyinə necə təsir göstərə biləcəyi təhlil olunur. Məqalə müəllifi Dyula Sabo hesab edir ki, regiondakı gərginlik artıq siyasi böhrandan xammal bazarlarında balansı dəyişə və dünya maliyyə sistemində zəncirvari reaksiyaya səbəb ola biləcək iqtisadi amilə çevrilməyə başlayır.

Münaqişəyə ABŞ və İsrail də daxil olmaqla iri dövlətlərin cəlb olunması hadisələrə yeni impuls verib. Müəllifin fikrincə, bu addımlar geosiyasi gərginliyi əhəmiyyətli dərəcədə artırıb və eskalasiyanın davam etməsi ehtimalını yüksəldib. Ekspertlər qeyd edirlər ki, Yaxın Şərqdə baş verən istənilən hərbi əməliyyat qlobal bazarlara güclü təsir göstərir, çünki region neft və qazın hasilatı və ixracında həlledici rol oynayır. Məhz buna görə investorlar və hökumətlər vəziyyətin inkişafını diqqətlə izləyərək enerji daşıyıcılarının tədarükü və dünya iqtisadiyyatının sabitliyi üçün mümkün riskləri qiymətləndirirlər.

Böhranın ilk siqnallarından biri enerji bazarlarının reaksiyası olub. Neftin qiyməti sürətlə artmağa başlayıb, Avropanın təbii qaz bazarında da nəzərəçarpan dəyişkənlik müşahidə olunub. Analitiklərin fikrincə, bu, daha çox mövcud tədarük problemləri ilə deyil, gələcəkdə yarana biləcək çətinliklər fonunda gözləntilərlə əlaqədardır. Bazarlarda logistika zəncirlərinin pozulması riski nəzərə alınır, çünki qlobal tədarükün böyük hissəsi regionun əsas nəqliyyat marşrutlarından keçir. Diqqət mərkəzində strateji əhəmiyyətli Hörmüz boğazı dayanır. Dünya neft ixracının böyük hissəsi məhz bu marşrutla daşınır. Bu yol üçün yaranan hər hansı təhlükə qiymətlərin kəskin dəyişməsinə və bazarlarda qeyri-müəyyənliyin artmasına səbəb ola bilər.

İqtisadçılar vurğulayırlar ki, enerji bazarı ümumilikdə belə hadisələrə çox həssasdır. Hətta tədarükün məhdudlaşdırılması ilə bağlı ehtimallar belə qiymətlərin kəskin artmasına gətirib çıxara bilər. Bunun səbəbi enerji resurslarının müasir iqtisadiyyatın əsasını təşkil etməsidir. Onların qiyməti sənayeyə, nəqliyyata, istehsala və inflyasiya səviyyəsinə birbaşa təsir göstərir. Geosiyasi qeyri-sabitlik şəraitində investorlar dəyişikliklərə daha sürətli reaksiya verməyə çalışır ki, bu da bazarlarda dəyişkənliyi artırır və qısamüddətli qiymət sıçrayışlarına səbəb ola bilər.

Məqalədə böhranın Avropa üçün mümkün nəticələrinə də xüsusi diqqət yetirilir. Son illərdə Avropa ölkələri enerji tədarükündə asılılığı azaltmağa və mənbələri diversifikasiya etməyə çalışsalar da, region qlobal sarsıntılara qarşı hələ də həssas qalır. Neft və qazın bahalaşması yanacaq, elektrik enerjisi və sənaye resurslarının qiymətlərinin artmasına səbəb ola bilər. Bu isə inflyasiya təzyiqini gücləndirə bilər. Enerji böhranını və yüksək enerji qiymətlərini yaşamış iqtisadiyyatlar üçün yeni qeyri-sabitlik dalğası ciddi sınaq ola bilər.

Analitiklər qeyd edirlər ki, Yaxın Şərqdəki böhran təkcə enerji sektoruna deyil, maliyyə bazarlarına da təsir göstərir. Geosiyasi gərginlik dövrlərində investorlar riskləri azaltmağa çalışaraq vəsaitlərini daha sabit aktivlərə yönəldirlər. Bu isə fond bazarlarında qiymətlərin enməsinə, dövlət istiqrazlarının gəlirliyinin artmasına və bəzi valyutaların möhkəmlənməsinə səbəb ola bilər. Oxşar reaksiyalar əvvəlki beynəlxalq böhranlar zamanı da müşahidə olunub. Maliyyə bazarının iştirakçıları münaqişənin nə qədər davam edə biləcəyini və bunun dünya iqtisadiyyatına hansı təsir göstərəcəyini diqqətlə qiymətləndirirlər.

Xammal bazarlarında mümkün “domino effekti” də ayrıca qeyd olunur. Əsas resurslardan birinin qiyməti artdıqda, bu, digər material və malların dəyərinə də təsir göstərə bilər. Məsələn, neftin bahalaşması nəqliyyat, istehsal və logistika xərclərini artırır. Nəticədə ərzaq məhsullarından tutmuş sənaye avadanlıqlarına qədər geniş çeşiddə məhsulların qiymətləri yüksələ bilər. Beləliklə, lokal münaqişə qlobal iqtisadi nəticələrə səbəb ola bilər.

Dyula Sabo vurğulayır ki, mövcud vəziyyət hökumətlər qarşısında uzunmüddətli enerji strategiyası məsələsini də gündəmə gətirir. Bir çox dövlət artıq alternativ enerji mənbələrinə keçidi sürətləndirməyə çalışır. Məqsəd qeyri-sabit regionlardan neft və qaz asılılığını azaltmaqdır. Lakin bu proses vaxt və böyük investisiyalar tələb edir. Qısamüddətli perspektivdə dünya iqtisadiyyatı hələ də ənənəvi enerji resurslarından ciddi dərəcədə asılı qalır. Buna görə də hasilat regionlarında baş verən münaqişələr bazarlara təsir göstərməkdə davam edəcək.

Böhran həmçinin ticarət axınlarının yenidən bölüşdürülməsinə və qlobal enerji bazarının strukturunun dəyişməsinə gətirib çıxara bilər. Regionda gərginlik davam edərsə, idxalçı ölkələr alternativ tədarükçülər axtarmağa daha fəal başlayacaq, istehsalçılar isə ixrac marşrutlarını və infrastrukturu genişləndirməyə çalışacaqlar. Oxşar proseslər əvvəllər də enerji böhranları zamanı müşahidə olunub.

İqtisadçılar münaqişənin inflyasiyaya və iqtisadi artıma mümkün təsiri barədə də xəbərdarlıq edirlər. Enerji daşıyıcılarının bahalaşması adətən mal və xidmətlərin qiymətinin artmasına gətirib çıxarır. Bu isə əhalinin alıcılıq qabiliyyətini azaldır və iqtisadi fəallığı zəiflədir. Bir çox ölkələrin artıq iqtisadi artımın ləngiməsi və borc problemləri ilə üzləşdiyi şəraitdə yeni enerji şoku dünya iqtisadiyyatına əlavə təzyiq yarada bilər.

Böhranın mühüm tərəflərindən biri də onun siyasi ölçüsüdür. Münaqişənin kəskinləşməsi regionda qüvvələr balansını dəyişə və böyük dünya dövlətləri arasında gərginliyi artıra bilər. Bu isə eskalasiya və münaqişənin genişlənməsi riskini artıraraq bazarlarda qeyri-müəyyənliyi gücləndirir. Yaxın günlərdə qəbul olunacaq siyasi qərarlar vəziyyətin gələcək inkişafında mühüm rol oynaya bilər.

Politoloqlar bir neçə mümkün ssenarini nəzərdən keçirirlər. Onlardan biri gərginliyin nisbətən tez azalmasını və münaqişənin diplomatik yolla həllini nəzərdə tutur. Bu halda bazarlar tədricən sabitləşə, enerji daşıyıcılarının qiymətlərində artım müvəqqəti xarakter daşıya bilər. Digər ssenari isə qarşıdurmanın uzanmasıdır. Bu halda dünya iqtisadiyyatı və enerji bazarları üçün uzunmüddətli mənfi nəticələr mümkündür. Belə vəziyyətdə tədarükdə uzunmüddətli fasilələr, inflyasiyanın təzyiqinin artması və iri şirkətlərin investisiya strategiyalarında dəyişikliklər ehtimal edilir.

Ümumilikdə təhlil göstərir ki, İran ətrafında yaranmış böhran təkcə siyasi və ya hərbi hadisə deyil, həm də qlobal miqyaslı mühüm iqtisadi amildir. O artıq neft və qaz bazarlarına təsir göstərir, maliyyə bazarlarında qeyri-sabitliyi artırır və bir çox ölkələrin hökumətlərində narahatlıq doğurur.

Ekspertlər hesab edirlər ki, vəziyyətin gələcək inkişafı bütün dünyada diqqətlə izlənəcək. Çünki bu proses yalnız ayrı-ayrı regionların enerji təhlükəsizliyinə deyil, bütövlükdə dünya iqtisadiyyatının sabitliyinə də təsir göstərə bilər, deyə müəllif sonda vurğulayıb.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Seçilən
18
azertag.az

1Mənbələr