Murad Məmmədov “Aris”in maraq dairəsinə düşüb.
Sportinfo.az bu barədə Kiprin sport-fm.com.cy saytına istinadən məlumat verir.
Limasol təmsilçisi yay transfer pəncərəsi üçün planlarını artıq müəyyənləşdirib. “Neftçi”nin 19 yaşlı cinah oyunçusu Murad Məmmədovun siyahıda ön sıralarda yer aldığı bildirilib.
Azərbaycanın U-21 millisinin üzvü olan yarımmüdafiəçinin “Neftçi” ilə müqaviləsi bu il 30 iyunda başa çatır. Bu amil onu Limasol təmsilçisi üçün daha cəlbedici edir.
Yazıda bildirilir ki, “Aris” hücumun cinahlarını gücləndirmək niyyətindədir. Məqsəd heyətə dinamika, sürət və perspektiv qatmaqdır.
“Məmmədov klubun axtardığı profilə uyğundur: gəncdir, inkişaf potensialı var və gələcəkdə satış dəyəri yüksək ola bilər.
Üstəlik, mövsümün sonunda azad agent statusu alacaq futbolçunun transferi üçün təzminat ödənilməsinə ehtiyac yoxdur ki, bu da məsələni maliyyə baxımından əlçatan edir.
“Aris” bir neçə aydır futbolçunun durumunu yaxından izləyir. Məmmədov kimi xüsusiyyətlərə malik oyunçunun transferi komandanın hücum xəttinə əlavə seçim və inkişaf perspektivi qazandıra bilər.
Eyni zamanda, düzgün yönləndirmə ilə daha yüksək səviyyəyə yüksəlmək potensialı olan futbolçu gələcəyə yatırım hesab olunur” - deyə yazıda bildirilir.