Son saatlarda bir sıra erməni, rus və ukraynalı Telegram kanalları, eləcə də müxtəlif informasiya mənbələri sensasiya naminə Azərbaycanın guya İran sərhədində qoşun yerləşdirməsi ilə bağlı məlumatlar yaymağa başlayıb.
Musavat.com xəbər verir ki, yayılan iddiaların əsasında “Qazetçi” adlı az tanınan müxalif resursun anonim mənbələrə istinadən yaydığı məlumat dayanır.
Bildirilir ki, informasiya müharibəsində tez-tez istifadə olunan sxem burada da təkrar olunub. Belə ki, əvvəlcə geniş auditoriyası olmayan bir resurs heç bir rəsmi təsdiq və ya verifikasiya olmadan məlumatı yayır. Daha sonra həmin xəbər daha böyük və tanınmış platformalar tərəfindən sitat gətirilir. Bu halda isə məlumatı Soros fondu tərəfindən maliyyələşdirilən OC Media istinadla yayıb.
Bundan sonra xəbər müxtəlif Telegram kanallarında sürətlə tirajlanır. Sxemin növbəti mərhələsində isə məlumat İsrail mediasına çıxarılır və artıq “İsrail mənbələri təsdiqləyir” kimi təqdim olunur. Bu dəfə də məlumatı İsrailin 9-cu kanalı yayıb.
Müşahidəçilər bildirirlər ki, bu cür mexanizm vasitəsilə yoxlanılmamış məlumatlar qısa müddətdə geniş informasiya məkanına yayılır və sensasiya kimi təqdim edilir.
Ekspertlər hazırkı gərgin regional vəziyyət fonunda cəmiyyətə informasiya gigiyenasına riayət etməyi və təxribat xarakterli məlumatlara aldanmamağı tövsiyə edirlər.
Musavat.com