AZ

Qubada inanc abidələrinə ehtiram

Ölkəmizin Şimal-Şərq bölgəsinin mədəni mərkəzi sayılan Qubada “Multikultural dəyərlər və dini memarlıq: Azərbaycan nümunəsi” mövzusunda tədbir keçirilib.

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində şəhərdəki “Cümə” məscidində düzənlənən görüş Quba Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba–Xaçmaz regional bölməsinin birgə təşkilatçılığı ilə keçirilib.

Çıxışlarda bildirilib ki, Azərbaycan xalqının milli birliyinin möhkəmlənməsində və dini vəhdətin yaranmasında mənəvi dəyərlərimizin yeri danılmazdır. Xalqımız tarixin ən çətin dövrlərində belə, zəngin milli-mənəvi irsini və adət-ənənəsini yad təsirlərdən qoruyub saxlamış və nəsldən-nəslə ötürmüşdür.

Qeyd olunub ki, milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz insanların dini etiqadına əsaslanaraq özündə çox böyük milli əxlaqi və bəşəri duyğuları təcəssüm etdirir. Azərbaycanda şəhərsalma və memarlıq ənənələrinin çoxəsrlik zəngin keçmişi vardır. İpək yolu üzərində yerləşən və mühüm ticarət, sənətkarlıq, mədəniyyət mərkəzləri kimi Şərq ölkələri ilə sıx iqtisadi, siyasi və mədəni əlaqələr quran iri şəhərlərimizin özünəməxsus simasının formalaşmasında qiymətli memarlıq abidələri müstəsna rol oynamışdır. Şəhərlərimiz ötən dövrlərin memarlıq tendensiyalarına uyğun genişlənməklə bərabər, yerli mədəniyyətin əsas xüsusiyyətlərini qoruyub saxlamışdır. Bu cəhətdən ölkəmizin dini abidələri də mühüm rola malikdir. Dini abidələrimiz müxtəlif dinləri təmsil etməklə bərabər, qədim memarlıq ənənələrimizə əsaslanıb və Azərbaycan multikulturalizminin mühüm nümunələri kimi təmsil olunmuşdur.

Sonda iştirakçılar Quba “Cümə” məscidinin xüsusi memarlıq üslubu ilə yaxından tanış olublar.

XQ

Seçilən
53
1
xalqqazeti.az

2Mənbələr