AZ

Yaxın Şərqdən təxliyə davam edir

İndiyədək 257 soydaşımız Vətənə gətirilib

Hərbi eskalasiya başlayan ilk gündən etibarən bölgədə yerləşən səfirliklərimiz və baş konsulluqlarımız fəaliyyətini gücləndirilmiş rejimdə davam etdirir, vətəndaşlarımıza müvafiq dəstək göstərilməsi istiqamətində tədbirlər görülür. İndiyə qədər bir nəfər istisna olmaqla, vətəndaşlarımız arasında xəsarət alan olmayıb.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin Yaxın Şərq regionunda vətəndaşlarımızın təxliyəsi ilə bağlı yerli mətbuatın sualına cavabında yer alıb.

A.Hacızadə bildirib ki, bu gün “Azərbaycan Hava Yolları”na məxsus xüsusi təyyarə reysi ilə Səudiyyə Ərəbistanının Ciddə şəhərindən 193 nəfər Azərbaycan vətəndaşı, 9 nəfər Gürcüstan vətəndaşı olan azərbaycanlı və 5 nəfər Rusiya vətəndaşı olan azərbaycanlı ölkəmizə təxliyə olunub:

– Bununla yanaşı, ölkəmizin Birləşmiş Ərəb Əmirliklərində yerləşən vətəndaşlarımızın müntəzəm reyslərlə ölkəmizə qayıdışı BƏƏ-nin aidiyyəti hava yolları tərəfindən həyata keçirilir. Dünən ümumilikdə 257 nəfər Azərbaycan vətəndaşı ölkəmizə geri qayıdıb. Dubay şəhərindən bu gün 1, martın 5-də isə 2 müntəzəm təyyarə reysi nəzərdə tutulub.

Bununla yanaşı, hazırda Qətərdə olan 200 nəfər vətəndaşımızın ölkəmiz tərəfindən xüsusi təyyarə reysi ilə təxliyəsi istiqamətində iş aparılır. Qeyd edək ki, Qətər hava məkanı bağlı olduğu üçün vətəndaşlarımızın Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır.

Eyni zamanda, Xarici İşlər Nazirliyinin paylaşdığı səyahət xəbərdarlığına uyğun olaraq, İran ərazisində olan Azərbaycan vətəndaşlarının İrandan çıxışı üçün yerləşmə bölgəsindən asılı olaraq Azərbaycan və Türkiyə quru sərhədindən istifadə olunur. İndiyə qədər 260 nəfər vətəndaşımız Azərbaycan sərhədindən keçid edib”.

***

İrandan təxliyə davam edir – bu dəfə 8 ölkənin vətəndaşları “Astara” buraxılış məntəqəsindən keçib.

Dünən “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan 91 nəfər təxliyə olunub.

Təxliyə edilənlər Azərbaycan, Çin, Pakistan, Tacikistan, Fransa, İsveç, Çexiya və Kuba vətəndaşları olub.

Təxliyə prosesi müvafiq sənəd yoxlanışı, qeydiyyat və digər prosedurların yerinə yetirilməsi ilə həyata keçirilib və sərhəd-keçid məntəqəsində təhlükəsiz keçidin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülüb. Qeydiyyat prosedurlarından onlar sonra təhlükəsiz şəkildə təyinat istiqamətlərinə yola salınıblar.

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsində təxliyə prosesi fasiləsiz davam etdirilir və keçidlər müvafiq prosedurlara uyğun olaraq, aidiyyəti qurumların nəzarəti altında həyata keçirilir.

XQ

Seçilən
27
1
xalqqazeti.az

10Mənbələr