AZ

"Alimlərin sultanı"

Bakının, eləcə

də ölkəmizin bölgələrindəki elm və təhsil mərkəzlərində 825 illiyi təntənə ilə

qeyd edilən Məhəmməd İbn Həsən Nəsirəddin Tusi 1201-ci il fevralın 17-də anadan

olub. Fizik, iqtisadçı, musiqişünas, şair, hüquqşünas və tarixçi, dövlət xadimi

kimi də məşhur olan Nəsirəddin Tusinin harada doğulması barədə müxtəlif fərziyyələr

mövcuddur.

Bəzi tədqiqatçıların

əsərlərində onun Tus şəhərində, yaxud da Qumda anadan olduğu, gəncliyində Tus şəhərində

təhsil aldığı üçün "Tusi" ləqəbini qəbul etdiyi qeyd olunur. Amma əksər

mənbələrdə onun Ordubadda anadan olduğu göstərilir. Çünki Şah Abbasın məhz

Tusiyə görə Ordubad əhalisini vergilərdən azad etdiyi bildirilir. Tarix elmləri

doktoru Seyidağa Onullahi XVII əsr coğrafiyaşünası və təzkirəçisi Məhəmməd

Müfid Yəzdidən belə bir fikir sitat gətirir ki, Ordubad sakinlərinin bir hissəsi

Ustad əl-bəşər Xacə Nəsirəddin Tusinin nəslindəndir. Həmçinin Tusi Hülakü xanın

vəziri olduğu dövrdə Tusda və başqa yerlərdə yaşayan qohumlarının dədə-baba

yurdlarına, yəni Ordubada köçmələri üçün pul vəsaiti ayırmışdı.

Nəsirəddin

Tusi Orta əsr Şərqində həm böyük ensiklopediyaçı alim, həm də görkəmli filosof

kimi şöhrət qazanıb. O, riyaziyyata, astronomiyaya, mineralogiyaya və digər elm

sahələrinə dair qiymətli əsərlərlə yanaşı, məntiqə, fəlsəfəyə və etikaya dair

orijinal traktatlar da yazıb. Məxəzlərin məlumatına görə, ilk təhsilini

atasından alan Nəsirəddin İbn Sina fəlsəfə məktəbinə mənsub olub, Əbulhəsən Bəhmənyarın

şagirdi Əbu Abbas Logərinin şagirdi Sədrəddin Sərəxsinin, Qütbəddin Misrinin,

habelə tanınmış filosoflardan İbn Yunisin, Əsirəddin Əbhərinin, Şəmsəddin

Xosrovşahinin və dövrünün ən şöhrətli müəllimi hesab edilən Fəridəddin Damadın

yanında mükəmməl təhsil alıb. N.Tusi "İbn Sinanın fəlsəfəsi və məntiqinə şərhlər",

"Şərh ul-işarət", "Teologiya və metafizikaya dair risalə"

("Təcrid əl-kəlan"), "Əxlaqi-Nasiri", "Alicənab

insanların xarakterləri və keyfiyyətləri" ("Ausaf ul-Əşrəf") və

b. əsərlərində İbn Sinanın fəlsəfi görüşlərini şərh edib, onun baxışlarını

hücumlardan qoruyub.

Aldığı hərtərəfli

və dərin biliklər Tusini az bir vaxtda elmi mühitdə məşhurlaşdırıb. 30 yaşında

olarkən Kuhistan ismaililərinin başçısı Nasiraddın Möhtəşəm onu sarayına qonaq

çağırır və gənc alimdən əxlaq barədə kitab yazmasını xahiş edir. 1235-ci ildə Nəsirəddin

Tusi ona dünya şöhrəti gətirən və bir çox dilə tərcümə olunan məşhur

"Əxlaqi Nasiri" əsərini tamamlayıb.

Lakin bir

müddət sonra müəyyən narazılığa görə Tusi həbs olunaraq ismaililərin əlçatmaz

dağ zirvələrində yerləşən "Ələmut" ("Qartal yuvası")

qalasına aparılıb. O, həbsdə olduğu vaxtlarda da yaradıcılıq və axtarışlarını

davam etdirib. Bu dövrdə Evklidin, Ptolomeyin, Arximedin əsərlərinə şərhlər

yazıb, "Əxlaqi-Nasiri", "Şərh əl-işarat", "Təhriri-Öqlidis"

və s. kimi misilsiz əsərlər yaradıb.

Çingiz

xanın nəvəsi Hülakü xanın Yaxın Şərqə yürüşü nəticəsində "Ələmut" qalasında

saxlanılan Nəsirəddin Tusi və başqa alimlər 1256-cı ildə azad olunurlar. Tusi

Hülakü xanın şəxsi məsləhətçisi təyin olunur. Hülakü xanın Bağdadı fəth etməsində

Tusinin məsləhəti böyük rol oynayır və beləliklə, 500 il hökm sürmüş Abbasilər

hakimiyyətinə son qoyulur.

Bağdad

yürüşünün uğurla nəticələnməsi Hülakü xanın yanında N.Tusinin nüfuzunu daha da

artırıb. Bu vaxt o, Azərbaycanda böyük bir elmi mərkəz-rəsədxana yaratmaq kimi

özünün çoxdankı arzusunu həyata keçirməyə başlayıb.

 Bir ildən də az müddətdə o, rəsədxananın tikiləcəyi

yeri müəyyənləşdirib, eyni zamanda astronomik cihazlar hazırlayıb, müxtəlif şəhərlərdən

burada yaradılacaq kitabxana üçün qiymətli kitablar gətirdib və rəsədxanada

araşdırmalar aparmaq üçün dünyanın bir çox ölkəsindən alimlər dəvət edib.

1259-cu ildə

Marağa şəhərində rəsədxananın tikintisi başlanır. Beləliklə, Nəsirəddin Tusi həm

özünə, həm də bütün Şərq və dünya mədəniyyətinə əzəmətli bir abidə olan həmin rəsədxananı

qurub başa çatdıraraq dövrünün ən görkəmli astronom alimlərini başına toplayıb

Bağdaddakı Nizamiyyə akademiyasından heç də geri qalmayan Marağa rəsədxanasını

yaratmağa nail olur.

N.Tusi

Marağa rəsədxanasına rəhbərlik etdiyi 15 il müddətində bu elm məbədində çoxlu

alimlər yetişib, astronomiya elminin inkişafına təkan verən mühüm kəşflər

edilib, əsərlər yaradılıb. Marağa rəsədxanası fəaliyyətini dayandırdıqdan sonra

burada çalışan alimlər dünyanın müxtəlif yerlərində rəsədxanalar yaradıb və

onlara rəhbərlik ediblər. Bunlara misal olaraq Təbriz, Pekin, Dəməşq, Səmərqənd

rəsədxanalarını göstərmək olar.

Q.P.Matviyevskaya

və B.A.Rozenfeld öz əsərlərində N.Tusinin riyaziyyata, astronomiyaya, fizikaya,

fəlsəfə və məntiqə, iqtisadiyyata, ədəbiyyata, mineralogiyaya aid əsərləri

olduğunu göstərirlər. Güman edilir ki, N.Tusi 150-dən artıq əsərin müəllifidir.

N.Tusi həm

də istedadlı şair olub. Onun 3 min beytdən artıq şeiri dövrümüzə qədər gəlib

çatıb. Təkcə hesab, cəbr, həndəsə, məntiq sahələrində 30-dan artıq ərəb və fars

dillərində yazdığı əsəri elmə məlumdur. Ümumiyyətlə, N.Tusinin riyaziyyata gətirdiyi

yenilikləri avropalılar 300-400 il sonra "kəşf" etmişlər.

N.Tusinin zəngin

yaradıcılığında müasir dövrə gəlib çatmış əsərləri içərisində "Əxlaqi

Nasiri", "İqtibasın əsası", "Mövcudatın bölgüsü və onun

qisimləri", "Məntiqdə təcrid etmə" və s. fəlsəfi əsərlər mühüm

yer tutur. "Əxlaqi Nasiri" 700 il ərzində Orta və Yaxın Şərq məktəblərində

əxlaq dərsliyi kimi şöhrət tapıb.

N.Tusi

"Maddənin itməməsi qanunu"nu hələ Lomonosovdan 600 il əvvəl kəşf

etmiş və bildirmişdi: "Əgər bir adam təbiətşünaslıq elmi ilə tanış olsa və

əgər cisimlərin halına, onların ziddiyyətinə diqqət yetirsə, o dərk edər ki,

heç bir cisim yaranmır və məhv olmur. O ancaq öz həcmini, tərkibini, sürətini,

şəklini və keyfiyyətini dəyişir, bir maddədən başqasına keçir, lakin qalır və

dövr edir".

Marağada

yazdığı "Zic əl-Elxani" əsərində irəli sürülən müddəalar bir neçə əsr

həm Şərqdə, həm də Qərbdə astronomlar və dənizçilər tərəfindən işlədilmişdi. Bu

əsərdə çoxsaylı riyazi, astronomik və coğrafi cədvəllər verilib. Ən mühümləri

sinus və tangensin 60-lıq say sistemində üçrəqəmli triqonometriya cədvəlləri və

XIII əsrdə məşhur olan 256 şəhərin coğrafi koordinatlar cədvəlidir.

Tusi

"Cəvahirnamə" əsərində qiymətli minerallar haqqında geniş məlumat

verib, onların xüsusiyyətlərini, təsvirini və hətta müalicəvi əhəmiyyətlərini

göstərib. "Təhriri-Öqlidis" əsərində isə həndəsənin əsasları və nisbətlər

nəzəriyyəsinə bir çox yenilik gətirib.

Böyük

alimin riyazi kitablarından biri də "Tam dördtərəfli haqqında

traktat" ("Şəklül-qita") əsəridir. Bu əsərdə o, riyaziyyatın ən əsas

anlayışlarından biri olan həqiqi ədədə tərif vermişdir. Ədədlər nəzəriyyəsi və

riyaziyyat tarixi üzrə görkəmli mütəxəssis V.N.Molodşiy yazır ki, XIII əsrdə Azərbaycanın

astronom və riyaziyyatçısı N.Tusi müsbət həqiqi ədədi Nyuton kimi təyin edib.

Onun mühüm əsərlərindən biri olan "Tozlu lövhənin köməyi ilə hesab

toplusu"nda isə riyaziyyat tarixində ilk dəfə vurma cədvəlinə rast gəlinir.

Bu yerdə təəssüflə

qeyd etmək lazımdır ki, dahi alim və mütəfəkkirin Azərbaycan və başqa Avropa

dillərinə tərcümə edilmiş əsərləri onun yaradıcılığının heç 10 faizini də təşkil

etmir. Amma ümid edirik ki, N.Tusinin bütün əsərləri vətənində tərcümə və nəşr

olunacaq.

N.Tusi

1274-cü ildə Bağdada gedərkən xəstələnib, həmin il iyun ayının 25-də vəfat edib

və Bağdadın məşhur "Came məscidi"ndə yeddinci imam Museyi-Kazımın qəbrinin

yanında dəfn olunub. Sonradan ziyarətgaha çevrilmiş qəbrinin üstündə ərəbcə bu

sözlər yazılıb: "Elm aləminin şahı, alimlərin sultanı, dinin, haqqın, millətin

köməkçisi; analar hələ belə oğul doğmayıb".

 

Rəhman SALMANLI,

"Azərbaycan"

Seçilən
55
azerbaijan-news.az

1Mənbələr