ABŞ Hərbi Dəniz Qüvvələri əməliyyat şəraiti imkan verən kimi Hörmüz boğazından keçən kommersiya gəmilərini müşayiət etməyə başlaya bilər.
Musavat.com xəbər verir ki, bunu ABŞ Enerji naziri Kris Rayt "Fox News"un ABŞ Hərbi Dəniz Qüvvələri gəmilərinin Hörmüz boğazından keçən tankerləri müşayiət etməsi ehtimalı ilə bağlı sualına cavab olaraq deyib:
"Xeyr, hələ yox. Bunu mümkün qədər tez edəcəyik. Hazırda Hərbi Dəniz Qüvvələrimiz və əlbəttə ki, hərbçilərimiz başqa şeylərə, yəni İran rejiminin tərksilah edilməsinə diqqət yetirirlər".
Xatırladaq ki, dünən İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazına tam nəzarət etdiyini və keçid etməyə çalışan hər hansı bir gəminin raket və ya dronlarla vurulma riski olduğunu bəyan edib.
Bazar günündən bəri Hörmüz boğazında və bitişik sularda bir neçə tankerə hücum edilib. Bəzi gəmilər boğaza yaxınlaşmamaq barədə radio xəbərdarlıqları aldığını bildiriblər.
ABŞ Prezidenti Donald Tramp bu xəbərlər fonunda qeyd edib ki, ABŞ Hərbi Dəniz Qüvvələri lazım gələrsə, tankerləri Hörmüz boğazından keçirəcək.
Musavat.com