Mirəli Hüseynov: “Bəzi qeyri-kommersiya qurumlarının QHT kateqoriyasından ayrılması məqsədəuyğun ola bilər”
Bəzi ölkələrdə xeyriyyə təşkilatlarının və digər spesifik qeyri-kommersiya hüquqi şəxslərin QHT kateqoriyasından çıxarılması ilə bağlı yanaşmalar tətbiq olunur. Bu barədə Demokratiyanı Öyrənmə İctimai Birliyinin sədri Mirəli Hüseynov QHT.az-a açıqlamasında danışıb.
Onun sözlərinə görə, QHT kateqoriyasına daxil olan qeyri-kommersiya hüquqi şəxslərin dairəsi və onların təsnifatı ilə bağlı vahid konsepsiya mövcud deyil. Təşkilati formaları, funksiyaları və digər xüsusiyyətləri bənzər olduğundan bir çox hallarda bu qurumların sərhədlərini dəqiq müəyyənləşdirmək çətin olur.
Hüseynov bildirib ki, məsələn, dünyaca məşhur Save the Children təşkilatı xeyriyyə qurumu kimi qeydiyyatdan keçsə də, eyni zamanda QHT kimi fəaliyyət göstərir. Bu kimi hallara dünya təcrübəsində tez-tez rast gəlinir və hansı qeyri-kommersiya təşkilatlarının QHT sayılması ölkələrin öz yanaşmalarından asılı olaraq dəyişə bilir.
Onun fikrincə, bir çox ölkələrdə QHT qanunvericiliyi ilə yanaşı xeyriyyə təşkilatları, peşə birlikləri və digər qeyri-kommersiya qurumlarının ayrıca qanunlarla tənzimlənməsi təcrübəsi mövcuddur. *Qazaxıstan*da isə QHT anlayışının çox geniş və dağınıq olması səbəbindən yeni hazırlanmaqda olan qanunda bəzi qeyri-kommersiya təşkilatlarının bu anlayışdan çıxarılması təklif edilir.
Hüseynov qeyd edib ki, Azərbaycanda da vəziyyət müəyyən mənada Qazaxıstanla oxşardır. Qanunvericiliyə görə QHT anlayışı əsasən ictimai birlikləri və fondları əhatə etsə də, praktikada peşə birlikləri, idman cəmiyyətləri və xeyriyyə təşkilatları da eyni təşkilati-hüquqi formalarda yaradılaraq qeydiyyatdan keçirlər.
Onun sözlərinə görə, 2000-ci ildən qüvvədə olan QHT qanununun tətbiqi ilə bağlı hazırda ciddi problem müşahidə olunmasa da, daha səmərəli tənzimləmə üçün bu məsələyə yenidən baxılması mümkündür. Xüsusilə peşə birliklərinin və xeyriyyə təşkilatlarının QHT kateqoriyasından ayrılması və onların fəaliyyətinin ayrıca qanunlarla tənzimlənməsi daha məqsədəuyğun ola bilər.
Zəhra Ağayeva