AZ

Küçədə tanışına qarşı basqın edən şəxsin cəzası ağırlaşdırıldı

 

 

 

 

 

 

 

 

 

 

Bakı Apellyasiya Məhkəməsində quldurluqda təqsirləndirilən Aşır Malikovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya protesti təmin edilib, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 180.2.1-ci (soyğunçuluq) və 180.2.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv olunub və yeni hökm çıxarılıb. Aşır Malikov Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq) və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib və ona 8 müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı 2 gün nəzərə alınaraq, həmin müddət hazırda ona təyin edilmiş əsas cəza müddətindən çıxılaraq üzərində qəti olaraq 07 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

 

İttihama görə, Aşır Malikov tanışı S.S. (adı, soyadı şərtidir) ilə özgənin əmlakını ələ keçirmək məqsədilə əvvəlcədən razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında 2023-cü ildə zərərçəkmiş Sənan Hilalovun (adı, soyadı şərtidir) yaşadığı ünvandan söhbət etmək bəhanəsi ilə çağıraraq Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsindəki küçələrin birinə yaxınlığına dəvət edib. Həmin ünvanda S.S.-in də iştirakı ilə zərərçəkmiş şəxs hücuma məruz qalıb.

 

İttiham aktında göstərilib ki, təqsirləndirilən və digər şəxs Sənanı əl və ayaq zərbələri ilə vuraraq ona qarşı zor tətbiq ediblər. Eyni zamanda Aşır bıçaqla hədə-qorxu gəlinərək basqın həyata keçirib.

 

Hadisə nəticəsində zərərçəkmiş şəxsə alın nahiyəsinin əzilmiş yarası, hər iki gözün konyuktivasına və ağlı qişasına qansızmalar, hər iki gözətrafı–almacıq–yanaq nahiyələrinin dərialtı hematomaları, eləcə də burun nahiyəsinin qançırı ilə müşayiət olunan xəsarətlər yetirilib. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, həmin xəsarətlər ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər kimi qiymətləndirilib, burun nahiyəsindəki zədə isə dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət hesab edilib.

 

Daha sonra Aşır Sənanın əynində olan şalvarın sol yan cibindən 375 manat pul vəsaitini talayaraq hadisə yerindən uzaqlaşıb. Nəticədə zərərçəkmişə həmin məbləğdə maddi ziyan vurulub.

 

İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və silah qismində istifadə edilən əşya tətbiq edilməklə quldurluq) ilə ittiham irəli sürülüb. Lakin birinci instansiya məhkəməsi hökmündə qeyd edib ki, Aşırın zərərçəkmişi əvvəlcədən razılaşaraq digər şəxslə birlikdə döyməsi və onun 375 manat pulunu ələ keçirməsi hissəsi sübuta yetirilsə də, Sənana həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq etməklə, silah qismində istifadə edilən bıçaqla basqın etməsi xüsusatı məhkəmə istintaqı zamanı öz təsdiqini tapmayıb.

 

Bu səbəbdən məhkəmə əməli quldurluq kimi deyil, Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və zor tətbiq edilməklə açıq talama) maddələri ilə tövsif edib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verərək hökmün ləğv edilməsini, Aşır Malikovun yenidən Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəza təyin olunmaqla yeni hökm çıxarılmasını xahiş edib.

 

Kamal Məmmədov

Tarix: 5 Mart 2026, 10:53   
Seçilən
110
pravda.az

1Mənbələr