AZ

Bir gül, bir məktub, yoxsa bahalı sürpriz? - müəllimə hədiyyə QALMAQALI

8 Mart - Beynəlxalq Qadınlar Gününə az bir zaman qalıb. Bu ərəfədə MÜTDA tərəfindən valideyn və müəllimlərə hər hansı hədiyyənin alınmaması ilə bağlı xəbərdarlıqlar edilir.

Lakin bir çox hallarda hədiyyə təşəbbüsü valideynlər tərəfindən müəllimə hörmət və sevgi əlaməti kimi irəli sürülür və bu çağırışlara məhəl qoyulmur.

Bu halda sual yaranır: günahkar kimdir - müəllim, yoxsa valideyn?

AzEdu.az-a mövzu ilə bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi, ingilis dili müəllimi Günay Əkbərova açıqlama verib.

“Bu mövzu hər il 8 Mart ərəfəsində yenidən gündəmə gəlir və məncə burada əsas məsələ ‘günahkar axtarmaq’ deyil, məsələyə daha sağlam və balanslı yanaşmaqdır. Çünki reallıqda bu təşəbbüs çox vaxt müəllimdən yox, valideynlərdən gəlir və onlar bunu sadəcə hörmət və minnətdarlıq ifadəsi kimi düşünürlər. Valideyn övladının həyatında əməyi olan müəllimə təşəkkür etmək istəyir və bunu bəzən hədiyyə ilə ifadə etməyə çalışır. Bu hissin özünü mənfi qiymətləndirmək düzgün olmaz.

Eyni zamanda təhsil qurumlarının bu məsələdə ehtiyatlı yanaşması da başadüşüləndir. Məqsəd müəllim–valideyn münasibətlərində hər hansı maddi gözləntinin formalaşmasının qarşısını almaq və təhsil mühitində bərabərliyi qorumaqdır”.

Ən düzgün yol burada orta mövqeni qorumaqdır:

“Dünyanın bir çox ölkələrində də məktəblər bu mövzuda müəyyən qaydalar müəyyənləşdirirlər ki, müəllim peşəsinin dəyəri maddi hədiyyələrlə ölçülməsin. Ən düzgün yol burada orta mövqeni qorumaqdır. Əsas olan müəllimə göstərilən diqqət və təşəkkürün məhz mənəvi formada ifadə olunmasıdır. Bəzən bir təşəkkür məktubu, bir gül və ya uşağın öz əli ilə hazırladığı kiçik bir təbrik belə müəllim üçün ən dəyərli hədiyyə ola bilir.

Ümumiyyətlə düşünürəm ki, müəllim-valideyn münasibətlərinin əsasında qarşılıqlı hörmət və etimad dayanmalıdır. Əgər bu münasibət sağlam qurulubsa, nə müəllim özünü narahat hiss edər, nə də valideyn təşəkkürünü ifadə etməkdə tərəddüd edər. Ən vacibi isə odur ki, bu münasibətlərdə diqqət mərkəzində həmişə uşağın inkişafı və təhsili dayansın”.

Seçilən
15
azedu.az

1Mənbələr