AZ

Bakı Fond Birjasında “Gender Bərabərliyinə həsr edilmiş Açılış Zəngi” tədbiri keçirilib

BAKI,TurkicWorld

4 mart 2026-cı il tarixində Bakı Fond Birjası BMT-nin Dayanıqlı Fond Birjaları Təşəbbüs Qrupu (UN SSE), BMT Qadınlar Agentliyi və Dünya Birjalar Federasiyası (WFE) tərəfindən hər il qlobal miqyasda keçirilən “Gender Bərabərliyinə həsr edilmiş Açılış Zəngi” təşəbbüsünə qoşulub.

Qlobal təşəbbüsün məqsədi cəmiyyətdə gender bərabərliyinin təşviqi, işgüzar mühitdə və korporativ səviyyədə qadınların səlahiyyətlərinin gücləndirilməsi, eləcə də inklüziv iqtisadi inkişafın dəstəklənməsidir.

TurkicWorld xəbər verir ki,Bu il Bakı Fond Birjasında keçirilən tədbirin mövzusu “Kapital bazarlarında analiz və strategiyaların formalaşdırılmasına gender əsaslı yanaşma” olub. Tədbir çərçivəsində maliyyə sektorunda qadınların rəhbər vəzifələrdə təmsil olunma səviyyəsi, əmək bazarında gender balansı və əməkhaqqı fərqləri, struktur və sosial amillər, eləcə də mümkün müdaxilə mexanizmləri müzakirə edilib.

Açılış nitqləri Bakı Fond Birjasının PR və Marketinq rəhbəri Səbinə Atayeva və BMT Qadınlar Agentliyinin Azərbaycanda Proqram rəhbəri Pərvanə Bayramova tərəfindən səsləndirilib.

ADA Universitetinin Siyasət üzrə analitiki Anar Vəliyevin moderatorluğu altında keçən panel müzakirəsində FINCA Azərbaycan şirkətinin Baş maliyyə inzibatçısı Ruqiyyə Əliyeva, “CFI Financial” İnvestisiya şirkətinin direktoru Pərvanə Qasımova, GDP.az media platformasının yaradıcısı və jurnalisti Aynur Qəniyeva, Azərbaycan Kapital Bazarları Assosiasiyasının (AKBA) üzvlər və maraqlı tərəflərlə iş üzrə meneceri İlahə Quluyeva və Bakı Fond Birjasının Baş biznes analitiki Ülkər Əhmədova iştirak ediblər.

Panel çərçivəsində beynəlxalq təcrübə nümunələri, Azərbaycanda tətbiq oluna biləcək mexanizmlər, korporativ idarəetmədə inklüzivlik prinsipləri və gender əsaslı yanaşmanın kapital bazarlarında daha dayanıqlı qərarverməyə təsiri geniş şəkildə təhlil edilib.

Sonda qonaqların iştirakı ilə açılış zəngi çalınıb.

Bakı Fond Birjası Dünya Birjalar Federasiyası (WFE)-nın üzvü kimi bu beynəlxalq təşəbbüsə hər il dəstək verir və bu il tədbir BMT Qadınlar Agentliyi ilə birgə təşkil olunub.

Bakı Fond Birjası inklüziv və dayanıqlı maliyyə ekosisteminin formalaşdırılmasına töhfə vermək məqsədilə bu kimi qlobal təşəbbüslərdə aktiv iştirakını davam etdirəcək.

Seçilən
18
turkic.world

1Mənbələr