AZ

QHT SƏDRİ: “Mingəçevirdə şəhərsalma ilə bağlı bəzi təkliflərimi ictimaiyyətə çatdırıram”

Fərman Nəbiyev: “Mingəçevirdə şəhərsalma ilə bağlı bəzi təkliflərimi ictimaiyyətə çatdırıram”

“Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin sədri Fərman Nəbiyev şəhərin inkişafı ilə bağlı bir sıra təkliflərini ictimaiyyətlə bölüşüb.

O bildirib ki, 4 mart 2026-cı ildə Mingəçevirdə “Şəhərsalma və Memarlıq ili” münasibətilə keçirilən konfransda iştirak edib, lakin tədbirin gec başlaması, nahar fasiləsinə qədər davam etməsi və zalın soyuq olması səbəbindən çıxış etmək imkanı əldə edə bilməyib. Buna görə də o, fikirlərini sosial şəbəkə vasitəsilə ictimaiyyətə çatdırmaq qərarına gəldiyini qeyd edib.

QHT.az Fərman Nəbiyevin təkliflərini təqdim edir:

"1. Hər məhəllədə "1 ailə – 1 ağac" aksiyası keçirmək, yerli sakinləri və tələbələri cəlb etmək mümkündür. Təbii ki, texniki su xətti hesabına suvarma sistemi də quraşdırmaqla.

2. Enerjiyə qənaət tədbirləri üçün məhəllə müsabiqələri: Kommunal xərclərin azaldılması üzrə kiçik layihələrə mükafat da ayrıla bilər. Məsələn, enerjiyə, suya ən çox qənaət edən məhəlləyə park skamyası və ya idman meydançası hədiyyə oluna bilər.

3. Bakıda olduğu kimi, Mingəçevirdə də, xüsusən Heydər Əliyev prospektində yolun bir hissəsini velosiped zolaqlarına çevrilməsi.

4. Şəhərdəki tarixi abidələrə məlumat lövhələrinin vurulacağaı ilə bağlı konfransda danışıldı. Yaxşı olar ki, köhnə tikililərə də qısa məlumat lövhələri yerləşdirilmək, virtual xəritə (Google Maps üzərində) yaratmaq yaxşı olardı.

5. Bu il Heydər Əliyev prospekti və Təbriz küçələrində abadlıq işlərinin aparılacağı barədə danışıldı. Amma Heydər Hüseynov küçəsi yenə diqqətdən kənarda qalır. Həmin küçədə piyada səkisinin olmaması təhlükəsizliyi azaldır və şəhərin imicini zədələyir. Sadə səki quraşdırmaqla 1-2 ayda nəzərəçarpan dəyişiklik əldə etmək olar. Nəzərə alaq ki, həmin küçədə çoxlu kafe və digər obyektlər var, insanlar tez-tez piyada hərəkət edirlər. Əgər səki yoxdursa, maşın yolunda piyada gəzmək məcburiyyəti yaranır, qəza riski yüksəkdir, xüsusilə axşamlar. O cümlədən uşaqlarla. Büdcə azdırsa, könüllü aksiya + yerli iş adamlarının sponsorluğu ilə prosesə indidən başlamaq olar.

6.Kür çayının sağ sahili boyunca bağlı ərazilərin (“Asan xidmət”in arxası, “Ağsaray”, “River Side”, “Səməni”, Kür-Panoram”, “Sərin” otel və restoranlarının müvəqqəti istifadəsində olan sahildən söhbət gedir) əhalinin gəzinti yerinə çevrilməsi.

7.Şəhərdə yarımçıq (Azərkabel zavodunun qarşısında, vaxtilə İnterenerjinin tikdiyi binadan söhbət gedir), qəzalı (7 saylı məktəbin qarşısında, keçmiş tədris-istehsalat kombinatının binası) və istifadəsiz qalan (Texnikabank, Doğum evi və s.) binaların taleyi ilə bağlı qərar vermək. Bu səliqəsiz binalar şəhərin gözəlliyinə xələl gətirir.

8.Nəhayət, pandüslərlə bağlı. Şəhərin əksər yerlərində pandüslər düzgün quraşdırılmayıb, standartlara cavab vermir. Yaxşı olar ki, mütəxəssislərin iştirakilə pandüslərə yoxlama keçirilsin və müvafiq rəylər nəzərə alınmaqla onların yenidən quraşdırılması həyata keçirilsin.

Ümid edirəm ki, “Şəhərsalma və Memarlıq ili” ilə bağlı dostluğumda olan ictimaiyyət nümayəndələrindən də dəyərli fikirlər bildiriləcək və dövlət qurumları müvafiq tədbirlər planını təkmilləşdirəcəkdir."

Seçilən
15
qht.az

1Mənbələr