AZ

İtaət və üsyanın toqquşması - "Bakı Balacaboylar Teatrı"ndan tabuları sındıran tamaşa

Kulis.az Ülvi Bahadırın "Bir gecənin nağılı" tamaşası haqqında yazısını təqdim edir.

Teatr həyatın sadəcə güzgüsü deyil, o, həm də cəmiyyətin görmək istəmədiyi, yaxud da yanından səssizcə ötüb keçdiyi həqiqətlərin proyeksiyasıdır. Bəzən böyük səhnələrdə, nəhəng dekorasiyalar fonunda o qədər kiçik, o qədər cılız hisslər nümayiş olunur ki, sənətin əsl mahiyyəti itir. Lakin bəzən də tərsi baş verir: fiziki olaraq kiçik görünənlər səhnəyə çıxıb ruhun, sevginin və azadlığın nə qədər nəhəng ola biləcəyini bütün çılpaqlığı ilə ortaya qoyurlar. Məhz bu baxımdan, Azərbaycanda yeni yaradılmış "Bakı Balacaboylar Teatrı" sadəcə bir mədəniyyət hadisəsi deyil, eyni zamanda, səsini çatdırmaqistəyən fərqli bir dünyanın cəmiyyətə atdığı estetik manifestdir.

Aktyor Natiq Fərzəliyevin rəhbərliyi altında ərsəyə gələn bu yeni ocaq, adından da göründüyü kimi, balacaboy aktyorları bir yerə toplayıb. Bu addım həm ölkəmizin mədəniyyət tarixində, həm də inklüziv incəsənət ənənələrinin formalaşmasında atılmış yeni, təqdirəlayiq bir addımdır. İllərdir ki, cəmiyyətin müəyyən etdiyi "standart" ölçülərə sığmayan, çox vaxt yalnız gülməli rollarda və ya epizodik səhnələrdə xatırlanan bu istedadlı insanlar artıq öz hekayələrini, faciələrini və sevinclərini baş rolda oynamaq imkanı qazanıblar. Və onlar bu imkandan kifayət qədər uğurla istifadə edirlər.

Teatrın əsas ciddi sınağı martın 4-də Teatr Xadimləri İttifaqının səhnəsində, ənənəvi "Baxış - 6" festivalı çərçivəsində baş tutdu. Rövşən Ağayevin müəllifi olduğu "Bir gecənin nağılı" əsəri əsasında hazırlanan eyniadlı tamaşadan danışıram. Niyə məhz bu əsər? Çünki bu, sadəcə bir məhəbbət macərası deyil, həm də "böyük və amansız" dünyanın ortasında öz yerini, öz bütövlüyünü axtaran iki balacaboy insanın böyük həyat mübarizəsidir. Festivalın ümumi aurası içərisində "Bir gecənin nağılı" fərqli bir rəng, fərqli bir nəfəs kimi seçilməyi bacardı. Zalda əyləşən tamaşaçıların çoxu bəlkə də əvvəlcə səhnədəki qəhrəmanların fiziki fərqliliyinə köklənmişdi, lakin tamaşa başladıqdan cəmi bir neçə dəqiqə sonra o fərqlilik yoxa çıxdı. Səhnədə yalnız insan, onun sevincləri, qorxuları və ümidləri qaldı.

Rövşən Ağayevin süjet xətti klassik, lakin hər zaman aktual olan bir düyün üzərində qurulub. Tamaşanın mərkəzində dayanan iki gənc fərqli dünyagörüşlərin, fərqli xarakterlərin daşıyıcılarıdır. Qız obrazı azadlığın, üsyanın və cəmiyyətin (xüsusilə də ailənin) tətbiq etdiyi rəhmsiz qanunlara qarşı çıxmağın simvoludur. O, sevmədiyi, bəlkə də heç tanımadığı biri ilə məcburi nişanlanmaq ərəfəsindədir.

Cəmiyyətimizin ən ağrılı yaralarından biri olan "valideynin seçimi ilə qurulan ailə" faciəsi bu qızın timsalında bir daha işıqlandırılır. Lakin qız təslim olmur, o, bu "böyük" dünyanın qurduğu tələdən qaçmağa cəsarət edir. Gecənin bir yarısı evdən qaçan qızın addımlarında yalnız qorxu yox, həm də böyük bir cəsarət var. Bu qaçış onun öz mənliyini qorumaq cəhdidir.

Digər tərəfdə isə oğlan obrazı dayanır. Qızın tam əksi olaraq, bu gənc anasının sözündən qətiyyən çıxmayan, itaətkar, mütilik kompleksinə qərq olmuş bir personajdır. O, həyatı anasının cızdığı sərhədlər daxilində yaşamağa öyrəşib. Onun üçün müstəqil qərar vermək, risk etmək, bilinməzliyə doğru addım atmaq qorxuncdur. Bu iki xarakter – üsyan və itaət – gecənin zülmətində, şəhərin kimsəsiz bir parkında qarşılaşır.

***
Gecə, kimsəsiz park və bir skamya... Bu sadə dekorasiya əslində, tamaşanın ən güclü metaforalarından biridir. Səhnədəki o skamya dörd divar arasına, cəmiyyətin dar çərçivələrinə sığmayanların yeganə sığınacağına çevrilir. Qız və oğlanın dialoqları, bir-birinə ürəklərini açmaqları, problemlərini bölüşmələri məhz bu kimsəsizliyin ortasında baş verir.

Əsl ədəbiyyat və teatr detallarda gizlənir. Qızın həyəcanla danışdığı azadlıq xəyalları, oğlanın isə çaşqın reaksiyaları arasındakı kontrast möhtəşəmdir. Qızın çılğınlığı oğlanın içindəki o donmuş, anasının qoyduğu qadağalarla hörülmüş buz divarları yavaş-yavaş əridir. Oğlan ilk dəfə olaraq qarşısındakı bu qızın timsalında fərqli bir dünyanın, qadağasız bir həyatın mümkünlüyünü görür. Bu təsadüfi görüş, doğurdan da, hər ikisinin həyatını tamamilə dəyişir. Qız öz tənhalığına və qorxularına ortaq, oğlan isə uzun illərdir yatırtdığı mənliyinə bir qığılcım tapır.

***
Tamaşanın ən təsirli məqamı, heç şübhəsiz, mövzunun aktyorların fiziki kimliyi ilə necə həssaslıqla uzlaşmasıdır. Bəli, onlar balacaboydurlar. Bəli, bu dünya bəzən onlar üçün fiziki olaraq narahat, çətin, əlçatmazdır. Lakin bu tamaşa sübut etdi ki, iztirabın, sevginin, azadlıq eşqinin ölçüsü yoxdur. Səhnədəki o iki balacaboy gəncin qəlbində qopan fırtınalar bəzən cəmiyyətin "böyük" saydığı, fiziki cəhətdən "qüsursuz" hesab etdiyi insanların içindəki cılızlıqdan qat-qat böyükdür.

Biz izləyici olaraq səhnədə sadəcə iki aktyorun yox, həm də illərdir cəmiyyətdə öz haqqını, öz bərabərliyini, sevib-sevilmək hüququnu axtaran bütöv bir təbəqənin manifestini izləyirik. Onların hər baxışında, hər jestində "biz də varıq, bizim də hekayəmiz var və bu hekayə ən az sizin nağıllarınız qədər gerçəkdir" mesajı oxunur.

Teatr Xadimləri İttifaqının o kiçik zalında yaranan sakitlik, tamaşaçıların nəfəslərini dərərək səhnəyə köklənməsi onun göstəricisi idi ki, "Bakı Balacaboylar Teatrı" hədəfini dəqiq vurub. Aktyorların oyunundakı o təbiilik, pafosdan uzaq sadəlik mətni daha da inandırıcı edirdi. Qızın gözlərindəki o parıltı, qaranlıq parkda işıq saçan ümid, oğlanın çiyinlərindən o anasından qalma mənəvi yükü atdığı anın dramatikliyi – bütün bunlar Azərbaycan teatr məkanında yeni və müsbət bir ənənənin anonsudur.

***

Natiq Fərzəliyevin direktoru olduğu "Bakı Balacaboylar Teatrı"nın bu ilk böyük çıxışı bizə bir neçə mühüm sual verdi: Cəmiyyət olaraq fərqlilikləri qəbul etməyə nə dərəcədə hazırıq? Gözümüzün öyrəşmədiyi reallıqlarla sənət vasitəsilə qarşılaşanda hansı hissləri keçiririk? Və ən əsası, sevgi deyilən o nəhəng məfhum hansısa qəliblərə, ölçülərə sığarmı?

"Bir gecənin nağılı" əslində, nağıl deyil, reallığın özüdür. O reallıq ki, gecənin bir yarısı hər kəsin yatdığı vaxtda, iki tənha ruhun bir-birinə sarılaraq səhəri, işığı, yeni bir həyatı gözləməsi ilə yekunlaşır. Gənc qızın qaçışı əslində, bir xilasdır, anasının sözündən çıxmayan oğlanın o qıza uzatdığı əl isə onun özünün də xilasıdır.

Seçilən
28
2
kulis.az

3Mənbələr