AZ

Qarsda iftar süfrəsi açılıb

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 5 mart, AZƏRTAC

Türkiyənin Qars şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Azərbaycanın Qarsdakı baş konsulluğunun və Qars Valiliyinin dəstəyi ilə iftar mərasimi keçirilib.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, baş konsul Zamin Əliyev ənənəvi iftar süfrələrinin Qarsda yaşayan soydaşlarımız tərəfindən böyük rəğbətlə qarşılandığını deyib. Vurğulayıb ki, bu cür təşəbbüslər dini-mənəvi dəyərlərin yaşadılmasına və soydaşlarımız arasında birliyin daha da möhkəmlənməsinə xidmət edir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov isə qeyd edib ki, Azərbaycan ilə Türkiyə arasında mövcud sarsılmaz qardaşlıq münasibətləri möhkəm təməl üzərində formalaşıb və gələcək nəsillərə dəyərli irs kimi ötürülüb. Bu birlik və qarşılıqlı etimad “Bir millət, iki dövlət” prinsipində ən yüksək təzahürünü tapır.

Qars Bələdiyyəsinin sədri Ötüken Senger və Qars valisi Ziya Polat da Ramazan ayının insanları xeyirxahlıq, mərhəmət və həmrəyliyə çağıran mahiyyətini vurğulayıb, Azərbaycan ilə Türkiyəni birləşdirən münasibətlərin ortaq tarix, mədəniyyət və mənəvi dəyərlər üzərində formalaşdığını qeyd ediblər.

“Qurani-Kərim”dən ayələrin tilavətindən sonra iftar duası edilib və mərasim iştirakçıları birlikdə oruclarını açıblar.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
1
azertag.az

2Mənbələr