AZ

“Qızıl kitab”a daxil edilən gənclərə təqaüd böyük motivasiyadır - Vüsalə Qələndərli

Azərbaycan Prezidentinin gənc istedadların “Qızıl kitab”ına daxil edilən şəxslərə xüsusi təqaüdlərin verilməsi ilə bağlı imzaladığı Sərəncam ölkədə gənclərin potensialının üzə çıxarılması və onların yaradıcılıq imkanlarının genişləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir. Bu təşəbbüs gənc istedadların elmi və yaradıcılıq fəaliyyətinə marağını artırmaqla yanaşı, onların cəmiyyətin inkişafında daha fəal rol oynamasına stimul verən mühüm mexanizm kimi çıxış edir.

"Azərbaycan Respublikasının Prezidenti tərəfindən gənc istedadların “Qızıl kitab”ına daxil edilən şəxslərə xüsusi təqaüdlərin verilməsi ilə bağlı imzalanan sərəncam ölkədə gənclərə göstərilən diqqət və qayğının bariz nümunəsidir". Bu fikirləri “İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyinin sədri Vüsalə Qələndərli QHT.az-a olan müsahibəsində bildirib.

Vüsalə Qələndərli qeyd edib ki, bu təşəbbüs gənc istedadların üzə çıxarılması və onların yaradıcılıq, elmi fəaliyyətə daha da həvəsləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, “Qızıl kitab”a daxil edilən gənclərin xüsusi təqaüdlə təmin olunması həm onların əməyinə verilən dəyərin göstəricisidir, həm də digər gənclər üçün motivasiya yaradır.

V.Qələndərlinin sözlərinə görə, dövlət tərəfindən göstərilən bu cür dəstək gənclərin öz potensiallarını daha da inkişaf etdirməsinə və ölkəni beynəlxalq səviyyədə layiqincə təmsil etməsinə imkan yaradır. O bildirib ki, “Bu təşəbbüs gənc istedadın öz uğurunun dövlət səviyyəsində görüləcəyini və dəyərləndiriləcəyini hiss etməsinə şərait yaradır".

Sədr vurğulayıb ki, “Qızıl kitab”a daxil edilən gənclər gələcəkdə yalnız öz sahələrinin peşəkarı deyil, həm də digər gənclərə nümunə olacaq şəxsiyyətlərə çevrilə bilərlər. Onun sözlərinə görə, “Bu Sərəncam gənclərin istedadını təkcə fərdi uğur kimi deyil, milli sərvət kimi təqdim edən vacib bir yanaşmadır”.

V.Qələndərli bildirib ki, Azərbaycanda gənclər siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O xatırladıb ki, “Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005–2009-cu illər)”, eləcə də “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” kimi təşəbbüslər gənclərin inkişafına mühüm töhfə verib.

Sədr əlavə edib ki, ölkədə həyata keçirilən gənclər siyasəti nəticəsində gənclərin ictimai-siyasi fəallığı artıb və onlar cəmiyyətin müxtəlif sahələrində fəal şəkildə təmsil olunurlar.

Vüsalə Qələndərlinin fikrincə, bu cür təşəbbüslər gənc istedadların inkişafı üçün yeni imkanlar açacaq və onların yaradıcılıq mühitini daha da genişləndirəcək. O hesab edir ki, belə addımlar gənclərin dövlətə olan inamını və bağlılığını daha da möhkəmləndirir.

Fatimə Nəbiyeva

Seçilən
71
qht.az

1Mənbələr